Ağstafa rayonunun daha 3 kəndinə su veriləcək

post-img

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təsdiqlədiyi regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramına uyğun olaraq Ağstafa rayonunun sərhədyanı bölgəsində yerləşən 3 kəndinin içməli su təchizatı yaxşılaşdırılır. 

Dövlət investisiyası hesabına həya­ta keçirilən layihə rayonun Köhnəqışlaq, Tatlı və Yaradullu kəndlərini əhatə edir. Bu kəndlərdə indiyə qədər mərkəzləşdiril­miş içməli su təchizatı sistemləri mövcud olmayıb. Köhnəqışlaq kəndində bulaqlar­dan, Tatlı və Yaradullu kəndlərində isə su­varma üçün nəzərdə tutulan subartezian quyularından istifadə edilib. Əhali içməli suya olan tələbatını uzaq məsafədən da­şımaqla ödəyib.

Təsdiqlənmiş layihəyə uyğun olaraq Tatlı və Yaradullu kəndlərinin su təchizatı yeni qazılacaq subartezian quyuları va­sitəsilə həyata keçiriləcək. Köhnəqışlaq kəndinə isə içməli su mövcud bulaqdan veriləcək. Layihə çərçivəsində nasos stansiyaları və su anbarlarının, eləcə də əhalinin ümumi istifadəsi üçün bulaqların inşası nəzərdə tutulub. Artıq 5,9 kilometr magistral və 38 kilometr şəbəkə su xətlə­rinin tikintisi yekunlaşmaq üzrədir. Nasos stansiyalarının və anbarların tikintisi isə davam etdirilir. Ağstafa rayonunun 3 kən­dində əhalinin ümumi istifadəsi üçün 256 ədəd bulaq quraşdırılacaq. 

Tikinti–quraşdırma işlərinin 2023-cü ilin yay aylarında başa çatdırılması nəzər­də tutulur. Layihənin icrası Ağstafa rayo­nunun adıçəkilən kəndlərində 4 minədək sakinin içməli su təminatının yaxşılaşdırıl­masına imkan yaradacaq. 

 

“Xalq qəzeti”

Son xəbərlər