Zəfərin Ağdamından İrəvana mesajlar

post-img

Xalq–dövlət vəhdətinin Qarabağ əzmi

“Buraya gələrkən yeddi il əvvəl Quzanlı qəsəbəsində Muğam mərkəzinin açılışını xatırlayırdım. O vaxt Ağdam şəhəri və rayonun böyük hissəsi işğal altında olduğu üçün biz Quzanlı qəsəbəsini Ağdam rayonunun mərkəzi elan etdik, orada mənim iştirakımla Muğam mərkəzinin təməli qoyuldu və 2018-ci ilin noyabr ayında açılışı oldu. Mən orada incəsənət xadimləri ilə görüş əsnasında demişdim ki, biz ədalət tələb edirik. Demişdim ki, əgər Ermənistan bizim torpaqlarımızdan öz xoşu ilə çıxmasa, biz istənilən varianta hazırıq. Ermənistan rəhbərliyi buna məhəl qoymadı. Onlara dəstək olan dairələr onlara pis məsləhət verdilər və Azərbaycan xalqı haqqında yanlış təsəvvür yaradılmışdı. İndi onlar peşmandırlar”.

Bu fikirləri Prezident İlham Əliyev mayın 10-da Ağdam Muğam Mərkəzinin açılışında səsləndirib. Əminliklə deyə bilərik ki, dövlətimizin başçısının açılış mərasimində bildirdikləri özündə Ermənistana və havadarlarına növbəti mesaj idi. Dövlətimizin başçısı İrəvana və dəstəkçilərinə həm tarixi xatırlatdı, həm yaxın keçmişdə yaşananları yada saldı, həm də yaşanmışlardan nəticə çıxarılmasının vacibliyini diqqətə çatdıraraq, gələcəyə optimal baxış üçün şans verdi. Qalır bu şansı dəyərləndirmək.

Bəli, Ermənistan rəhbərliyi olanlardan dərs götürməlidir. Rəsmi İrəvan Azərbaycanın qarşısına qoyduğu bütün hədəflərə çatdığını anlamalıdır. Anlamalıdır ki, ölkəmizin müəyyənləşdirdiyi kurs hay təfəkkürünün heç vaxt düşünə bilmədiyi və bilməyəcəyi strateji struktura malikdir. Həmin struktur sanki saat mexanimzi kimi dəqiqdir, onda hər şey yüksək məharətlə ölçülüb-biçilib. Ermənistan rəhbərliyi onu da dərk etməlidir ki, belə bir düşüncənin qarşısına çıxarılacaq istənilən əks məntiq iflasa məhkumdur. Bu düşüncənin qarşısına yalnız səmimiyyət nümayişi və sağlam yanaşma ilə çıxılması lazımdır ki, mövcud xarakter haylarda yoxdur. Hər halda, indiki mənzərə bunu söyləməyə əsas verir.

Əlbəttə, Ermənistan və havadarları peşmandırlar. Amma, bir qayda olaraq, onlar bu hissi sonradan yaşayırlar. Atalarımız isə yaxşı buyurub ki, sonrakı peşmançılıq fayda verməz. Fayda vermədiyi üçün Ermənistanın itkiləri çoxdur və çoxalmaqdadır. Çünki peşmanlıqları ani hissdir. Onlar təhlükə azacıq sovuşan kimi avantürizmə qapılırlar. Bu gün də eyni “ampluadadırlar”. Ona görə də Prezident İlham Əliyev keçmişi xatırladaraq belə bir mesaj verir: “İşğal dövründə – 30 il ərzində biz hər gün bu müqəddəs azadlıq gününü yaxınlaşdırırdıq. Hər birimiz öz iş yerində vahid amal uğrunda birləşərək, azadlıq üçün, azadlıq müharibəsi üçün yorulmadan çalışırdıq. Bütün cəmiyyət bir amal uğrunda birləşəndə o cəmiyyət böyük işlərə qadirdir. Heç bir qüvvə xalq qarşısında dura bilməz. Xalqımızın böyüklüyü məhz bundadır. Biz açıq-aydın başa düşürdük və görürdük ki, hansı qüvvələr Ermənistana dəstək verir, hansı qüvvələr onların arxasındadır, hansı qüvvələrlə biz üz-üzə gələ bilərik və gəlmişik də. Amma bu, bizi çəkindirmədi. Artıq biz “öldü var, döndü yoxdur” şüarı ilə yaşayırdıq və 44 günlük Vətən müharibəsi həm peşəkarlıq, həm qəhrəmanlıq, həm milli ruh salnaməsidir”.

Prezident İlham Əliyev Ağdamda 44 günlük müharibəyə doğru gedən yolun heç də rəvan olmadığını da vurğulayıb. Dövlətimizin başçısı üzləşdiyimiz çətinlik və məhrumiyyətləri sadalayıb, onların aradan qaldırılması yolundakı cəhdlərimizin müxtəlif təzahürləri üzərində dayanıb. Hesab edirik ki, ölkəmizin liderinin mövcud istiqamətdə bildirdikləri də haylara dərs olmalıdır. Onlar Azərbaycanın müasir dünyada heç bir dövlətin görə bilməyəcəyi işi reallaşdırdığının fərqində olmalıdırlar. Fərqində olmalı və ölkəmizin müəyyənləşdirdiyi sülh gündəliyindən faydalanmalıdırlar: “Nə bizdən qabaqkı onilliklər ərzində, nə bizdən sonrakı dörd il yarım ərzində heç kim mütləq və tam Qələbə qazanmamışdır və elə görünür ki, qazanmayacaq”.

Azərbaycan hərbçiləri faşizm üzərində qələbənin 80 illiyi ilə bağlı mayın 9-da Moskvada baş tutmuş təntənəli paradda qalib ölkənin hərbçiləri olaraq keçid etdilər. SSRİ-nin varisi kimi Rusiyadan sonra belə bir mütləq müzəffərliyə heç bir dövlət nail ola bilməyib. Paradı Qırmızı meydanda seyr edən Ermənistanın baş naziri Nikol Paşinyan bunu düşünməlidir. Ən çox da ölkədəki revanşist və şovinist kəsim mövcud məqamı nəzərə almalıdır. Prezident İlham Əliyevin bildirdiyi kimi, dünyada hər şey müqayisə ilə ölçülür. “Biz 44 gün ərzində hər gün irəli gedirdik, hər gün itkilər verirdik, şəhidlər verirdik. Allah bütün şəhidlərimizə rəhmət eləsin! Hər gün yeni uğurlar əldə edirdik, hər gün hansısa kəndləri azad edirdik. Bu, bizə əlavə ruh verirdi, əlavə güc verirdi. Xalqımız tam birləşdi. Bu, mənə Ali Baş Komandan kimi, əlavə mənəvi ruh verirdi. Bu, bizim hamımızın Qələbəsidir. Azərbaycan xalqı bu Qələbəni əldə etməklə öz tarixi böyüklüyünü bütün dünyaya nümayiş etdirdi. Təsadüfi deyil ki, Azərbaycana dünyada olan münasibət, – hətta bizə düşmənçilik edən dairələr, qüvvələr, ölkələr bilirlər ki, biz ləyaqətli xalqıq, hörmətə layiq olan xalqıq və bizimlə hesablaşmaq lazımdır. Ən azı yaşadığımız bölgədə bizimlə bu gün hesablaşmayan sabah peşman olur”.

Ermənistan və havadarları otuz ildən də artıq müddətdə özləri üçün saxta müqəddəslik uydurdular, “Artsax” deyib dünyaya olmayan həqiqətlərini sırımağa çalışdılar. Gün gəldi, həmin “Artsax” onsuz da sonu ölüm olacaq aqibətini yaşadı. Prezident İlham Əliyevin bildirdiyi kimi: “Əlbəttə ki, biz 2020-ci il noyabrın 10-dan 2023-cü il sentyabrın 20-nə qədər yenə də hər gün, hər saat siyasi, diplomatik, hərbi və digər alətləri işə salaraq bax bu günü - 20 sentyabr gününü yaxınlaşdırırdıq. Nəhayət 2023-cü il sentyabrın 20-də Azərbaycanın dövlət suverenliyi tam bərpa edildi və 30 il ərzində qanunsuz fəaliyyət göstərən dırnaqarası “Dağlıq Qarabağ Respublikası” artıq tarixin zibilxanasına göndərildi”.

Prezident İlham Əliyev Ağdamdakı çıxışında azad Qarabağda yaşadığımızı xüsusi vurğuladı. Hesab edirik ki, dövlətimizin başçısı bu məqamı qabartması da Ermənistan və havadarlarına mesajdır. Axı azad Qarabağ ruhu təkcə müharibə və döyüş əzmində yaşamır: “Bu gün Ağdam və bütün digər şəhərlərimiz bərpa edilir. Bu gün səhər Ağdam dəmir yolu vağzalının açılışını qeyd etdik. Bakıdan, Gəncədən, digər bölgələrdən Ağdama rahat gəlmək üçün indi gözəl imkanlar var. Eyni zamanda, biz Ağdam–Xankəndi dəmir yolunun bərpası istiqamətində işlərə başlamışıq və yəqin ki, bir il yarım, maksimum iki il ərzində Xankəndi şəhərində vağzal kompleksi tikiləcək. Bildiyiniz kimi, artıq Xankəndidə Qarabağ Universiteti fəaliyyət göstərir, 8 mindən çox insan yaşayır və eyni zamanda, Xankəndidən, həmin o vağzal kompleksindən Şuşaya gedən yol qısalır. O yolu da biz qısaldırıq. Həm genişləndiririk, həm qısaldırıq ki, maksimum 10 dəqiqə ərzində Xankəndidən Şuşaya gəlmək mümkün olsun. Bir fikrimiz də var. Onu ilk dəfə mən ictimaiyyətlə bölüşürəm. Biz Şuşanı Xankəndi ilə birləşdirən “Kanat yolu” layihəsi üzərində işləyirik. Onu da bildirməliyəm ki, Laçın şəhərində kanat yolunun tikintisinə yəqin ki, bu il başlanılacaq. Kəlbəcərdə də belə layihə var. Yəni ki, bu, həm turizm baxımından, həm insanların rahat gediş-gəlişi üçün çox gözəl bir vasitə olacaq”.

Sonda Prezident İlham Əliyevin diqqətə çatdırdığımız fikirləri fonunda onu da bildirək ki, hazırda Ağdam, bütövlükdə Qarabağ böyük bir tikinti meydançasını xatırladır və bu barədə Ermənistanda da söz açılır, etiraflar edilir. Nəzərə alaq ki, işğal illərində haylar Qarabağda ancaq qarətlər və talanlar törətdilər. Bir daşı daş üstə qoymadılar, bir ağacı belə sulamadılar. Onu da nəzərə alaq ki, dövlətimizin başçısının Ağdamdakı çıxışı əzmimizin, iradəmizin, qətiyyətimizin və prinsipiallığımızın ayrı-ayrı təzahür formaları ilə zəngindir. Bu əzmdə güclü və qüdrətli Azərbaycan dövlətini canlandıran zənginlik var.

Ə.CAHANGİROĞLU
XQ

 

Siyasət