Ceyhun Bayramov Bəhreyndə

post-img

Mayın 12-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Bəhreyn Krallığına rəsmi səfəri çərçivəsində bu ölkənin vəliəhdi və Baş naziri Salman ibn Həməd ibn İsa Əl-Xəlifə ilə görüşüb.

Görüşdə Azərbaycan-Bəhreyn ikitərəfli və çoxtərəfli əməkdaşlığının hazırkı durumu, ikitərəfli və çoxtərəfli münasibətlərin inkişaf perspektivləri, habelə regional və beynəlxalq vəziyyət müzakirə olunub.

Ceyhun Bayramov göstərilən yüksək qonaqpərvərliyə görə təşəkkür edib, bugünkü səfərin iki ölkə arasında əməkdaşlığın inkişafına töhfə olacağına dair ümidvarlıq ifadə edib. Ölkələrimiz arasında ali və yüksək səviyyədə siyasi dialoqun səviyyəsindən məmnunluq ifadə olunub, bu dinamikanın iqtisadiyyat, ticarət, investisiyalar, turizm, logistika, informasiya və kommunikasiya texnologiyaları üzrə konkret təşəbbüslər vasitəsilə daha da inkişaf etdirilməsinin vacibliyi vurğulanıb.

Gələn ilin Azərbaycan və Bəhreyn arasında diplomatik münasibətlərin 30 illiyi ilə əlamətdar olacağı məmnunluqla qeyd edilib, bu illər ərzində münasibətlərimizin əsaslandığı prinsiplərin bundan sonra da əməkdaşlığımızın inkişafında rəhbər tutulmasının əhəmiyyəti diqqətə çatdırılıb.

***

Həmin gün xarici işlər naziri Ceyhun Bayramov Bəhreyn Krallığının Şura Məclisinin sədri Əli bin Saleh Al Saleh ilə də görüşüb.

Görüşdə Azərbaycan–Bəhreyn əməkdaşlığının parlamentlərarası müstəvidə inkişafı və davam etdirilməsi imkanları, habelə qarşılıqlı maraq doğuran regional və beynəlxalq təhlükəsizlik məsələləri müzakirə olunub.

İki ölkə arasında dostluq, qardaşlıq, qarşılıqlı hörmətə və anlayışa əsaslanan ikitərəfli, həmçinin çoxtərəfli münasibətlərin daha da inkişaf etdirilməsi, xalqlarımız arasında bağların daha da gücləndirilməsi istiqamətində parlament diplomatiyasının, qanunvericilik orqanlarının üzvləri arasında qarşılıqlı səfər və mübadilələrin genişləndirilməsinin əhəmiyyəti qeyd olunub.

Azərbaycanla Bəhreyn arasında BMT, İslam Əməkdaşlıq Təşkilatı və Qoşulmama Hərəkatı kimi platformalarda əməkdaşlıq məmnunluqla qeyd edilib. Azərbaycanın Qoşulmama Hərəkatı çərçivəsində təsis olunmuş Parlament Şəbəkəsinə Bəhreyn tərəfindən göstərilən dəstəyə, habelə Parlament Şəbəkəsinin 2-ci iclasının Manamada müvəffəqiyyətlə təşkilinə görə təşəkkür ifadə edilib.

***

Dünən Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Bəhreyn Krallığının xarici işlər naziri Əbdüllətif bin Rəşid Əlzəyani ilə də görüşüb.

Nazirlər arasında baş tutan təkbətək görüş daha sonra hər iki tərəfdən nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə davam etdirilib.

Görüş zamanı Azərbaycan ilə Bəhreyn arasında ikitərəfli və çoxtərəfli əməkdaşlıq məsələləri, münasibətlərin perspektivləri, həmçinin regiondakı və beynəlxalq inkişaflar müzakirə olunub.

Növbəti il Azərbaycan və Bəhreyn arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyinin qeyd olunacağı məmnunluqla qeyd edilib, bu illər ərzində bir sıra sahələr üzrə qarşılıqlı faydalı əməkdaşlığın, o cümlədən çoxtərəfli platformalar çərçivəsində göstərilən qarşılıqlı dəstəyin və həmrəyliyin əhəmiyyəti vurğulanıb.

Əməkdaşlığın daha da genişləndirilməsi istiqamətində mövcud potensialdan istifadə olunmasının, habelə bu xüsusda qarşılıqlı yüksəksəviyyəli səfərlərin və görüşlərin intensivləşdirilməsinin, Xarici İşlər nazirlikləri arasında mütəmadi siyasi məsləhətləşmələrin aparılmasının və ikitərəfli hüquqi bazamızın zənginləşdirilməsinin vacibliyi qeyd edilib.

Görüş zamanı Yaxın Şərqdə vəziyyət də geniş müzakirə edilib.

XQ



Son xəbərlər