“Azərkosmos” İsrailin “Spacecom” peyk operatoru ilə əməkdaşlıq müqaviləsi imzalayıb

post-img

“Azərkosmos” İsrailin “Spacecom” peyk operatoru ilə uzunmüddətli layihələrin birgə həyata keçirilməsinə dair əməkdaşlıq müqaviləsi imzalayıb.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən AZƏRTAC-a bildirilib ki, AMOS telekommunikasiya peyklərinin operatoru olan “Spacecom” Yaxın Şərq, Avropa və Şimali Amerikada fəaliyyət göstərir. “Azərkosmos”la əməkdaşlıq sayəsində “Azerspace” peyklərinin imkanlarından istifadə edərək “Spacecom” şirkəti xidmət coğrafiyasını genişləndirəcək, xüsusilə Afrika regionunda peyk xidmətləri və mobil rabitənin verilməsi üzrə layihələr həyata keçirəcək. Yüksək ötürmə qabiliyyətli peyklərə malik olan “Spacecom” “Azərkosmos”un Əsas Yerüstü Peyk İdarəetmə Mərkəzində yerləşən teleport xidmətlərindən də istifadə etməklə müştərilərinə xidmət göstərəcək.

“Əməkdaşlığımız “Azərkosmos” və “Spacecom” arasında birgə inkişafa gedən yolun başlanğıcıdır. AMOS peykləri vasitəsilə Avropa, Afrika və Asiyadan olan müştərilərimizin sayını artıracağıq”, – deyə “Azərkosmos”un sədr müavini Fuad Aslanov bildirib.

“Spacecom”un Gəlirlər üzrə baş direktoru Yon Rozenberq deyib: “Azərkosmos”un telekommunikasiya və teleport xidmətlərindən istifadə etməyimiz kosmosla bağlı birgə fəaliyyətimizin inkişafı üçün mühüm addımdır. “Azerspace” peykləri Afrika bazarındakı ən dinamik peyklərdəndir və rəqəmsal yayım sahəsində keyfiyyətli xidmətlər təqdim ediləcək”.

 

kos2.jpg

İqtisadiyyat