Aqrar Sığorta Fondu 41 bitkinin əkinlərini himayə edir

post-img

Süfrələrimizi bəzəyən mühüm qida məhsullarından olan pomidor dadına-tamına görə seçilir. Bu tərəvəz növünə ilin bütün fəsillərində yüksək tələbat duyulur. Təkcə onu qeyd etmək kifayətdir ki, hazırda ölkəmizdə pomidorun adambaşına illik istehlak norması 21 kiloqram təşkil edir. 

Pomidor, həm də kənd təsərrüfatının ən gəlirli sahələrindən biridir. Buna görə də fermerlər və fərdi təsərrüfat sahib­ləri son illər pomidor əkininə daha çox maraq göstərirlər. Rəsmi məlumatlara əsasən, Azərbaycandakı açıq və qapalı sahələrdə, ümumilikdə, 18 min hektara yaxın ərazidə pomidor becərilir. Həmin sahələrdən isə ildə 800 min tondan ar­tıq məhsul götürülür. Pomidor ölkənin bütün ərazilərində əkilsə də, bu sahədə birincilik Xaçmaz rayonuna (2 min hek­tara yaxın) məxsusdur. Şəmkirdə 1650 hektar, Lənkəranda 1121 hektar, Qubada 1000 hektar, Sabirabadda 900 hektar, Ucarda 776 hektar, Kürdəmir və Biləsu­var rayonlarının hər birində isə 600 hek­tar pomidor əkilir. 

Əvvəlki dövrlərdə olduğu kimi, bu il də sahələrdə kifayət qədər pomidor əki­lib. Torpağa basdırdığı hər bir şitilin na­zını çəkən, ona xüsusi nəvaziş göstərən təsərrüfat sahibləri mövsüm ərzində sahələrdən bol məhsul götürəcəklərinə əmindirlər. İndi bostan sahibi özünü daha inamlı hiss edir. Necə deyərlər, “yağmadı yağış, bitmədi qamış” təhlükəsi də artıq onu qorxutmur. Çünki bu gün fermerin aqrar sığorta kimi etibarlı dostu, köməkçi­si var. Məhz buna görə də son illər bütün kənd təsərrüfatı məhsullarının istehsalçı­ları kimi pomidor əkib-becərən fermerlər də sahələrini sığorta etdirməyə can atırlar. 

Azərbaycanda pomidor sahələrinin sığortalanması dövrü isə aprel–may ay­larına təsüdüf edir. Aqrar sığorta qayda­larına əsasən, əkin sahələrinin sığortası mövsümidir və müəyyən vaxt ərzində hə­yata keçirilməlidir. Bu baxımdan pomidor əkinlərinin sığortası dövrü may ayının or­talarına qədər davam edəcək. “Fermerlər əkinlərin yerləşdiyi regiondan asılı olaraq aprel–may aylarında pomidor əkinlərini sığortalaya, bu sahədəki məhsul və gə­lirlərini risklərdən qoruya bilərlər”, – deyə Aqrar Sığorta Fondundan bildiriblər. Fond pomidor sahələrinin regionlar üzrə sığorta haqlarını da açıqlayıb. Məsələn, Salyan rayonunda 1000 manatlıq pomi­dor əkininin sığortalanması üzrə sığorta haqqı 20,2 manat təşkil edir. Bu məbləğin yarısını dövlət, qalan 10,1 manat sığorta haqqını isə fermer ödəyir. Quba–Xaç­mazda bu məbləğ 11,8 manat, Mərkəzi Aran bölgəsində 10,5 manat, Qazax–To­vuzda 21,7 manat, Lənkəranda isə 11 manat təşkil edir. 

Ölkəmizdə aqrar sığorta dövlət dəstəyi ilə fəaliyyət göstərdiyinə görə, əkin sahələ­rinin sığortalanması zamanı hesablanmış sığorta haqqının 50 faizi dövlət tərəfindən ödənilir. Bunun da nəticəsində fermerlər cüzi vəsait ödəməklə əkin sahəsini sığorta edə bilirlər. Yeri gəlmişkən, Azərbaycanda aqrar sığortanın tətbiqi Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə həyata keçi­rilən iqtisadi islahatların tərkib hissəsidir. Xatırladaq Prezident İlham Əliyev 2019-cu il avqustun 19-da ölkəmizdə “Aqrar Sı­ğorta Fondunun yaradılması barədə” Fər­man imzalayıb. Dövlət başçısının 27 iyun 2019-cu il tarixli fərmanı ilə “Aqrar sığorta haqqında” Azərbaycan Respublikasının Qanunu təsdiq olunub. Həmin sənədlər kənd təsərrüfatında risklərin sığortalan­ması ilə bağlı münasibətləri tənzimləyir, aqrar sığortanın hüquqi, iqtisadi və təşki­lati əsaslarını müəyyən edir. 

Dövlət başçısının imzaladığı məlum fərmana əsasən, ölkəmizdə aqrar sığor­ta sisteminin təşkilini, inkişafını və daya­nıqlılığını, eləcə də idarəedici qurumun formalaşdırılmasını təmin edən və onun fəaliyyətinə nəzarəti həyata keçirən Aqrar Sığorta Fondu qeyri-kommersiya hüquqi şəxs yaradılıb. Aqrar sığorta mexanizmi­nin tətbiqinin əsas məqsədi isə təsərrüfat sahiblərini və fermerləri gözlənilməz tə­biət hadisələrindən müdafiə etmək üçün işlək bir mexanizmin yaradılmasından ibarətdir. Ötən müddətdə ölkə ərazisində baş verən leysan yağışları, sel-subasma da daxil olmaqla, demək olar ki, bütün tə­bii fəlakət riskləri – fırtına, sel, qasırğa, tufan, dolu və digər hadisələr sığorta tə­minatına daxil edilib. Ən çox sığortalanan əkinlər – buğda, arpa, pambıq, qarğıdalı, fındıq, şəkər çuğunduru, çəltik və üzüm sahələri, eləcə də meyvə bağlarıdır. 

Göründüyü kimi, ölkəmizdə Aqrar Sı­ğorta Fondunun yaradılmasından sonra aqrar sığorta xidmətlərinin əlçatanlığı xey­li artıb. Müqayisə üçün deyək ki, 2020-ci ildə bitkiçilik sığortası üzrə toplanan vəsait cəmi 1700 manat təşkil etdiyi halda, 2023-cü ildə bu rəqəm 13 milyon manata çatıb. Bu da əvvəlki ilin göstəricisini 4,2 milyon manat və yaxud 48 faiz üstələyib. Fond­dan verilən məlumata görə, 2023-cü ildə Azərbaycanda 380 min 476 hektar əkin sahəsi sığortalanıb ki, bu da əvvəlki illə müqayisədə 43 faiz çoxdur. Bütövlükdə isə, ötən 4 il ərzində kənd təsərrüfatında sığorta mexanizminin tətbiqi Azərbaycan­da dövlət-özəl sektor tərəfdaşlığına mü­hüm töhfələr verib.

Zülfü MƏMMƏDOV,
Aqrar Sığorta Fondunun müstəqil eksperti, Lənkəran Dövlət Universitetinin dosenti

Ölkə əhalisinin ərzaq məhsuları ilə təminatında daxili istehsalın rolu ilbəil yüksəlir, idxal olunan kənd təsərrüfatı, o cümlədən ərzaq məhsullarının xüsu­si çəkisi azalır, ixrac məhsullarının çe­şidi və həcmi artır. Bu baxımdan son illər respublikamızda mühüm tərəvəz­çilik məhsullarından sayılan pomidorun istehsalı və ixracı ildən-ilə çoxalır. Tək­cə onu qeyd etmək yetərlidir ki, 2022-ci ildə ölkə üzrə 19 min 824 hektar sahədə pomidor əkilib, örtülü sahələr­dən 354 min 500 ton məhsul toplanıb. Ötən il Azərbaycan pomidor ixracından təxminən 162 milyon dollar məbləğin­də qazanc əldə edib. Yeri gəlmişkən, Rusiya Federasiyası və Ukrayna həm etibarlı, həm də qiymət baxımından dövrün tələblərinə cavab verməyən bazar olduğundan Azərbaycanda is­tehsal olunan məhsullar yeni bazarlara (Avropaya, Ərəb ölkələrinə və s.) çıxa­rılmalıdır. 

Aqrar Sığorta Fondu tərəfindən Azərbaycan şəraitində becərilən 41 bitki əkin sahəsi, ixrac potensialı və s. nəzərə alınmaqla sığortaya cəlb olu­nub. Bu siyahıda pomidor xüsusi çə­kiyə malikdir. Pomidor bitkisinin meyvə hissəsinə dəymiş zərərin miqdarına isə sığorta müqaviləsi ilə təminat verilir. Bu bitkinin sığortası üzrə aqrar sığor­ta məhsulunun şərtləri “Aqrar sığorta haqqında” Azərbaycan Respublikası Qanununa və Nazirlər Kabinetinin 30 oktyabr tarixli 431 nömrəli qərarı ilə təsdiq edilmiş “Aqrar sığorta Qaydala­rına” əsasən hazırlanıb. 

Pomidor bitkisi canlı orqanizm ola­raq xarici mühit şəraitinin təsirlərinə məruz qalır ki, bunlar da sığorta risk­ləri olaraq qəbul edilir. Həmin risklərə isə dolu, qasırğa, fırtına, sel və ya subasma, zəlzələ, torpaq sürüşməsi, bitki xəstəlik və zərərvericiləri, xüsu­si təhlükəli ziyanvericilərin yayılması, yanğın, vəhşi heyvanların hücumu, üçüncü şəxslərin müdaxiləsi, eləcə də sığortalı və ya faydalanan şəxsin ailə üzvləri istisna olmaqla digər şəxslə­rin hərəkət və ya hərəkətsizliyi aiddir. Qeyd olunan risklərdən hər hansının baş verməsi nəticəsində zərərin ya­ranmasının müəyyən edilməsində müstəqil ekspertin və sığorta hadisə­sinin baş verməsini təsdiqləyən səla­hiyyətli dövlət orqanlarının rəyləri əsas götürülür.

Mirbağır YAQUBZADƏ
XQ



İqtisadiyyat