Artıq mühüm önəm daşıyan beynəlxalq tədbirlərin respublikamızda keçirilməsi ənənə halını alıb. Aprelin 23-də ADA Universitetində təşkil olunan “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum da bu ənənənin davamı kimi dünyada diqqət çəkib.
30 ölkədən 64 beyin mərkəzi nümayəndəsinin qatıldığı tədbirdə Prezident İlham Əliyev bir çox məsələlər – Cənubi Qafqazda ayırıcı xətlər çəkilməsi məqsədilə bəzi cəhdlər göstərilməsi, ölkəmizin ayrılmaz bir parçası olan Naxçıvanla əlaqə yaradılmasına Ermənistanın və havadarlarının maneələr törətmələri, habelə Azərbaycanın davamlı iqtisadi uğurlar nümayiş etdirməsi barədə ətraflı münasibət bildirib.
Xatırladaq ki, 2021-ci il aprelin 13-də dövlətimizin başçısının iştirakı ilə ADA Universitetində keçirilən “Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq” mövzusunda beynəlxalq konfransda iştirakçılar Qarabağda beynəlxalq konfransın keçirilməsini təklif etmişdilər və dövlət başçısı da bu təklifi müsbət qiymətləndirmişdi. Bir il sonra – 2022-ci il aprelin 28-də Şuşada işinə başlayan və Bakıda davam edən “Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” mövzusunda beynəlxalq konfransa 23 ölkədən gəlmiş 40 iştirakçı qatılmışdı.
Budəfəki beynəlxalq forumu isə öz işini aprelin 24-də Laçında keçirilən konfransla yekunlaşdırıb. İqtisadi və “yaşıl inkişaf” çərçivəsində beyin mərkəzləri və akademik institutların nümayəndələri tərəfindən işğaldan azad edilmiş ərazilərimizdə “ağıllı şəhər”, “ağıllı kənd” kimi innovativ yanaşmaların tətbiqi barədə danışılıb.
Xatırladaq ki, aprelin 23-də keçirilən forumda respublikamızın iqtisadi uğurları barədə məlumat verən dövlətimizin başçısı qeyd edib ki, hazırda neft və qaz ümumi daxili məhsulumuzun yarıdan az hissəsini təşkil edir. Lakin ixracın, təxminən, 95 faizi neft və qazla bağlıdır. Bu gün qarşıda duran əsas məqsədlərdən biri isə ixracı şaxələndirməkdir.
Prezident İlham Əliyevin bu fikrinə əsaslanıb qeyd edə bilərik ki, ölkə rəhbərinin son illərdə çevik və qətiyyətli, uzaqgörən siyasəti nəticəsində iqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektorunun dinamik inkişafının təmin olunması, habelə ixrac imkanlarının genişləndirilməsi istiqamətlərində mühüm tədbirlər həyata keçirilib. Eyni zamanda, investisiya qoyuluşunun sürətləndirilməsi, birbaşa xarici investisiyaların təşviqinə dair Strategiya, “Azərbaycana sərmayə” (“İnvest in Azerbaijan”) və “Azərbaycanda ilk” (“First in Azerbaijan”) təşviq mexanizmləri, ölkədə fəaliyyət göstərən müəssisələrin qlobal dəyər zəncirlərinə qoşulmasına dair Tədbirlər Planı hazırlanaraq uğurla reallaşdırılıb.
Azərbaycanın xarici iqtisadi əlaqələrinin genişlənməsində önəmli rol oynayan məsələlərdən biri də respublikamızın nəqliyyat infrastrukturunun müasir dünya standartlarına uyğunlaşdırılması, tranzit potensialının daha da artırılması ilə bağlı olub. Elə buna görə də həyata keçirilən layihələr və qlobal miqyaslı təşəbbüslər nəticəsində ölkəmiz mühüm nəqliyyat qovşağına və dəhlizlərin keçdiyi məkana çevirilib.
Forumda dayanıqlı inkişaf və enerji ilə bağlı fikirlərini diqqətə çatdıran Prezident İlham Əliyev Azərbaycanın iqtisadi göstəricilərinin və sosial proqramlarının bunu aydın şəkildə göstərdiyini bildirib. Dövlət başçısı neft və qaz gəlirlərinin işsizlik və yoxsulluq məsələlərinin həlli üçün istifadə edildiyini, onların bərabər şəkildə bölüşdürüldüyünü də vurğulayıb.
Prezident İlham Əliyev daha sonra deyib: “Enerji əməkdaşlığımızı və ilk gəlirlərimizi aldığımız zaman Azərbaycanda yoxsulluğun səviyyəsi 50 faizə yaxın idi, hər ikinci şəxs yoxsul idi. Qaçqınlar arasında isə bu göstərici 75 faizdən çox idi. Vəziyyəti təsəvvür edə bilərsiniz. İndi isə biz bunu 5 faiz səviyyəsinə qədər azaltmışıq. Eyni göstərici işsizliyə də aiddir”.
Yeri gəlmişkən, Beynəlxalq Valyuta Fondunun (BVF) “Dünya iqtisadiyyatının inkişaf perspektivləri” hesabatına əsasən, Azərbaycan Cənubi Qafqazda ən aşağı işsizlik səviyyəsinə malik ölkədir. İşsizlik 2022-ci ildən etibarən dəyişməyərək 5,9 faiz səviyyəsindədir.
Dövlətimizin başçısı forumda Azərbaycan iqtisadiyyatını özünü təmin edən iqtisadiyyat kimi xarakterizə edib və bildirib ki, ölkəmiz, hətta böhran vəziyyətində də sabit artım göstərib. Prezident İlham Əliyev, eyni zamanda, Azərbaycanın xarici borcunun hazırda ümumi daxili məhsulun 8 faizindən də az təşkil etdiyini diqqətə çatdırıb. Yeri gəlmişkən, belə bir uğur ölkədə makroiqtisadi sabitliyin əsas meyarı olan qiymətlərin aşağı və sabit olmasını gerçəkləşdirib, idarəetmənin institusional çərçivəsinin təkmilləşdirilməsi və maliyyə bazarlarının səmərəli fəaliyyət göstərməsini reallaşdırıb.
Ölkə rəhbəri çıxışında respublikamızın bölgə dövlətləri ilə iqtisadi əməkdaşlıq məsələsinə, beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafında oynadığı rola, “yaşıl enerji” ilə zəngin enerji potensialımızın reallaşdırılması istiqamətində həyata keçirilən genişmiqyaslı layihələrin əhəmiyyəti ilə bərabər, dünyanın bundan sonra da uzun illər ərzində hasil edilən ənənəvi enerji mənbələrinə ehtiyac duyacağını da diqqətə çatdırıb.
Dünyanın buna, yəni tamamilə “yaşıl enerji”yə keçidə hazır olmadığını vurğulayan dövlətimizin başçısı bildirib: “Dünya iqtisadiyyatı və sənayesi bunun üçün hazır deyil. Fikrimcə, əldə oluna bilinməyən hədəfdənsə, ən yaxşı yol mütənasiblik yaratmaqdır və təkamül yolu ilə getməkdir”.
Göründüyü kimi, bütün bu iqtisadi uğurlar qarşıdakı illərdə Şərqlə Qərbin qovşağı olan Azərbaycanın qüdrətinin daha da artacağına əminlik yaradır. Bu imkanlar 2030-cu ilə qədərki mərhələdə ölkəmizin iqtisadi suverenliyinin möhkəmləndirilməsinə və müasir həyat standartlarına əsaslanan yüksək sosial rifah cəmiyyətinə malik qüdrətli dövlətə çevrilməsinə zəmanət verir. Azərbaycan dövləti ölkədə əhalinin rifahının daha da artırılması üçün sosialyönümlü bazar iqtisadiyyatının inkişaf etdirilməsi yolu ilə inamla irəliləyir.
Beləliklə, bu gün tək regionda deyil, bütövlükdə postsovet məkanında söz sahibi olan Azərbaycan hər keçən gün iqtisadi uğurlarını davam etdirir. Respublikamız getdikcə iqtisadi imkanlarını genişləndirir, beynəlxalq arenadakı mövqelərini möhkəmləndirir. Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu iqtisadi siyasəti nəticəsində Azərbaycan Cənubi Qafqaz regionunda ən sabit və ən qüdrətli ölkə – lider dövlət kimi güclənir. Respublikamız strateji xətti, iqtisadi, siyasi, təhlükəsizlik məsələlərinə çox aydın baxışı ilə inamla gələcəyə doğru uğurlu addımlar atır, yeni nailiyyətlər əldə edir.
XQ