Azərbaycan və qırğız xalqları arasında münasibətlər çoxəsrlik tarixə malikdir. Keçmiş Sovet dövlətinin tərkibində müttəfiq respublikalar olan Azərbaycan və Qırğızıstan ötən əsrin sonlarında tarixi müstəqilliklərinə qovuşduqdan sonra ikitərəfli əlaqələr dostluq, qardaşlıq və strateji müttəfiqlik müstəvisində inkişaf etməyə başlayıb. Xatırladaq ki, Azərbaycan Respublikası ilə Qırğızıstan Respublikası arasında diplomatik münasibətlərin əsası 31 il əvvəl qoyulub. Bundan əlavə, 26 il əvvəl ölkələrimiz arasında dostluq və əməkdaşlığa dair müqavilə imzalanıb.
Hazırda Azərbaycan keçmiş sovet müttəfiqi və indiki strateji tərəfdaşı olan dost və qardaş Qırğızıstanla qarşılıqlı fəaliyyətdə, eləcə də bir sıra beynəlxalq platformalarda uğurla əməkdaşlıq edir, bir çox məsələlərdə bir-birini dəstəkləyirlər. BMT, ATƏT, İslam Əməkdaşlıq Təşkilatı, Türk Dövlətləri Təşkilatı, İqtisadi Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı və digər beynəlxalq qurumlar çərçivəsində əməkdaşlığı buna misal çəkmək olar. Məhz bunun nəticəsidir ki, eyni kökə, mədəniyyətə, qədim tarixi münasibətlərə və ənənələrə malik olan ölkələrimiz arasında münasibətlər yüksək səviyyədə inkişaf edir.
Son illər isə Azərbaycan Prezidenti İlham Əliyevin və Qırğızıstan Prezidenti Sadır Japarovun qarşılıqlı səfərləri ölkələrimiz arasında münasibətlərin möhkəmləndirilməsinə yeni bir dinamizm gətirib. Həmin səfərlər çərçivəsində dövlət başçılarının dostluq və qarşılıqlı etimad şəraitində keçən görüşləri ölkələrimiz arasında ikitərəfli əlaqələrin, o cümlədən iqtisadi münasibətlərin inkişafı, əmtəə dövriyyəsinin artırılması, nəqliyyat və energetika sahələrində əməkdaşlığın möhkəmləndirilməsi üçün geniş imkanlar yaradıb.
Bununla belə, Azərbaycan və Qırğızıstan hökumətlərinin iştirakı ilə investisiyaların təşviqi və qarşılıqlı qorunması haqqında, ticarət-iqtisadi əməkdaşlığı haqqında sazişlərin imzalanmasına, tərəflərin iqtisadi sahədə münasibətləri genişləndirmək niyyətlərinə baxmayaraq, iki ölkə arasında iqtisadi münasibətlər elə də yüksək səviyyədə deyil. Bunu Azərbaycanla Qırğızıstan arasında əmtəə dövriyyəsinin mövcud vəziyyəti də sübut edir. Xatırladaq ki, 2020-ci ildə iki ölkə arasında illik ticarət dövriyyəsinin həcmi cəmi 5 milyon 417,18 min dollar təşkil edib. 2022-ci ildə dövlət başçılarının qarşılıqlı səfərləri bir çox sahələrdə əməkdaşlığa təkan verməklə yanaşı, əmtəə dövriyyəsinin də artmasına səbəb olub. Həmin il iki ölkə arasında ticarət dövriyyəsinin 10 milyon 800 min dolları ötməsi də bunu təsdiqləyir. 2023-cü ilin əvvəlindən etibarən isə idxal-ixrac əməliyyatları sürətlə artmağa başlayıb. Belə ki, ötən il ölkələrimiz arasında ticarət dövriyyəsi 65 milyon dollar təşkil edib ki, bu da əvvəlki illə müqayisədə 6 dəfə artım deməkdir.
Yeri gəlmişkən, Mərkəzi Asiya tərəfdaşı qeyri-neft məhsullarının satışı baxımından Azərbaycan üçün böyük əhəmiyyət kəsb edir. 2024-cü ilin yanvar-fevral aylarının yekunlarına əsasən, Qırğızıstan ölkəmizdən 18,2 milyon dollar dəyərində qeyri-neft malları alıb ki, bu da əvvəlki ilin müvafiq dövründəkindən 16,1 milyon dollar çoxdur. Beləliklə, bu ölkə Azərbaycanın qeyri-neft məhsullarının ilk beş idxalçısı siyahısına daxil olub. Bununla belə, iki ölkə arasında ticarət dövriyyyəsinin artırılması üçün imkanlar olduqca genişdir. Təsadüfi deyil ki, aprelin 24-də dövlət başçılarının iştirakı ilə keçirilmiş Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şurasının 2-ci iclasında bu məsələyə toxunan Prezident İlham Əliyev deyib: “Əlbəttə, biz gələcəkdə ölkələrimiz arasında əmtəə dövriyyəsinin artırılmasına ümid edirik. Bunun üçün perspektivlər mövcuddur. Bu gün imzalanacaq sənədlər bu istiqamətdə yaxşı baza yaradacaq”.
Ticarət və investisiya sahəsində əməkdaşlıqdan əlavə, ölkələrimiz üçün nəqliyyat sektorunda tərəfdaşlığın inkişafı da vacibdir. Dövlətlərarası Şuranın iclasında gələcəkdə iki ölkə arasında nəqliyyat sahəsində fəal əməkdaşlıq ediləcəyini vurğulayan Prezident İlham Əliyev hazırda həm Qırğızıstanda, həm də Azərbaycanda nəqliyyat sahəsində iri infrastruktur layihələri həyata keçirildiyini diqqətə çatdırıb. Dövlətimizin başçısı deyib ki, bu sahədə fəaliyyətin birləşdirilməsi və əlaqələndirilməsi yeni dəhlizlər açmaq, yeni nəqliyyat arteriyaları yaratmaq üçün müstəsna dərəcədə əhəmiyyətlidir.
Qırğızıstan Prezidentinin səfəri zamanı ölkələrimiz arasında investisiya və energetika sahələrində əməkdaşlığın perspektivləri də geniş müzakirə olunub. Bu məqsədlə Azərbaycan–Qırğızıstan İnkişaf Fondunun vəsaitlərinin artırılması qərara alınıb.
Səfər çərçivəsində iki ölkə arasında gələcək əməkdaşlığın daha da möhkəmləndirilməsini nəzərdə tutan bir sıra vacib sənədlər imzalanıb. Öncə dövlət başçıları “Azərbaycan Respublikası və Qırğız Respublikasının Dövlətlərarası Şurasının ikinci iclasının Qərarı”nı “Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Qırğız Respublikasının Prezidenti Sadır Japarovun Birgə Bəyannaməsi”ni imzaları ilə rəsmiləşdiriblər. Bununla yanaşı, iki ölkə arasında energetika, gömrük, vergi, qarşılıqlı ticarət və digər sahələrdə əməkdaşlığa dair mühüm sənədlər, eləcə də hökumətlərarası əməkdaşlıq proqramı da daxil olmaqla, ümumilikdə, 18 sənəd imzalanıb.
Aprelin 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov mətbuata bəyanatlarla çıxış ediblər. Prezident Sadır Japarovun Azərbaycana səfərinin ölkələrimiz arasında dostluq, qardaşlıq münasibətlərinin möhkəmləndirilməsinə töhfə verəcəyinə əminliyini bildirən dövlətimizin başçısı iqtisadi-ticari sahədə əməkdaşlığın mövcud səviyyəsindən bəhs edərək Azərbaycan–Qırğız İnkişaf Fondunun Nizamnamə Fondu haqqında sazişə olunmuş əlavəyə əsasən fondun vəsaitlərinin 25 milyon dollardan 100 milyon dollara qədər artırıldığını diqqətə çatdırıb. Prezident İlham Əliyev bəyanatında İssık-Kul gölünün sahilində Azərbaycanın maliyyəsi ilə inşa edilən beşulduzlu otelin investisiya sahəsində əməkdaşlığın genişləndirilməsinə əlavə imkanlar yaradacağına əminliyini ifadə edib. Bununla yanaşı, Qırğızıstan Prezidentinin təşəbbüsü ilə bu ölkənin maliyyə vəsaiti hesabına Ağdam rayonunda tikiləcək orta məktəb layihəsinə görə qırğız həmkarına minnətdarlığını bildirib.
Qırğızıstanın dövlət başçısı Sadır Japarov bəyanatında ənənəvi dostluq, şəffaflıq və etimad şəraitində keçən danışıqların ölkələrimiz arasında qardaşlıq əlaqələrini xarakterizə etdiyini vurğulayaraq Birgə Bəyannamənin imzalanmasını və Dövlətlərarası Şuranın iclasının yekunu olaraq iki ölkənin qarşılıqlı fəaliyyətinin daha da genişləndirilməsinə yönəlmiş qərarların qəbulunu yüksək dəyərləndirib. O, həmçinin müxtəlif sahələrdə daha sıx fəaliyyətə yönəlmiş ikitərəfli sənədlərin imzalanmasından, danışıqların nəticələrindən və əldə olunmuş razılaşmalardan məmnunluğunu vurğulayıb.
Heç şübhəsiz, dövlət başçılarının bəyanatlarında səsləndirdikləri fikirlər, eləcə də imzalanan sənədlər ölkələrimiz arasında münasibətlərin yeni, daha sürətli inkişaf mərhələsinə qədəm qoymasına səbəb olacaq. Azərbaycan Prezidentinin qeyd etdiyi kimi, səfərin yekunları ölkələrimiz və xalqlarımız arasında qardaşlıq, dostluq münasibətlərinin möhkəmləndirilməsi işinə xidmət edəcək.
Mirbağır YAQUBZADƏ
XQ