Masil Dəmirov: Azərbaycan və Rusiya arasında qarşılıqlı fəaliyyətin xüsusi əhəmiyyəti var

post-img

Azərbaycan ilə Rusiya arasında siyasət və iqtisadiyyatdan tutmuş müxəlif sahələrə qədər əməkdaşlığı əhatə edən münasibətlər böyük tarixə malikdir. Hər iki ölkə regionda geostrateji əhəmiyyətə malikdir və onların qarşılıqlı fəaliyyəti həm yerli, həm də qlobal miqyasda xüsusi əhəmiyyət kəsb edir.

Bu fikirləri “XQ”-yə açıqlamasında beynəlxalq münasibətlər üzrə analitik Masil Dəmirov dedi.

M.Dəmirov bildirdi ki, enerji sahəsində əməkdaşlıq Azərbaycan və Rusiya arasında münasibətlərin əsas istiqamətlərindəndir: “Mövcüd layihələr bu sahədə əməkdaşlığın qarşılıqlı faydasını nümayiş etdirir, enerji təchizatının şaxələndirilməsinə töhfə verir və hər iki ölkənin enerji təhlükəsizliyini gücləndirir. Ticarət və iqtisadiyyat sahələrində gələcək inkişaf üçün potensial var. Rusiya və Azərbaycan artıq mühüm ticarət tərəfdaşları olsalar da, artan investisiyalar və genişlənən ticarət əlaqələri hər iki dövlətin iqtisadi əməkdaşlığını daha da gücləndirə bilər. Bundan əlavə, mədəniyyət və təhsil sahələrində iki ölkə arasında əlaqələrin dərinləşməsi üçün əhəmiyyətli potensial mövcuddur”.

Analitikin fikrincə qarşılıqlı hörmət, faydalı əməkdaşlıq və konstruktiv dialoqun qorunub saxlanması şərti ilə, Azərbaycan və Rusiya arasında münasibətlərin inkişaf perspektivləri ilə bağlı proqnoz müsbət olaraq qalır. Hər iki ölkə münasibətləri inkişaf etdirmək və çətinlikləri birgə aradan qaldırmaq üçün möhkəm əsaslara malikdir. Gələcəkdə Azərbaycan ilə Rusiya arasında müxtəlif sahələrdə əməkdaşlığın dərinləşməsini və qarşılıqlı etimadın daha da möhkəmlənəcəyini gözləmək olar və bunun üçün ciddi əsaslar var.

“Baykal-Amur magistral xəttinin yubileyi çərçivəsində cənab İlham Əliyevin Moskvada cənab Vladimir Putinlə görüşü keçmişdə əldə edilmiş ümumi nailiyyətlərə və gələcək üçün birgə perspektivlərə hörmətin əyani təzahürü idi. Bu hadisələr Azərbaycan ilə Rusiya arasında münasibətlərə yeni təkan verir, onların tarixi bağlılığını və qarşılıqlı hörmətini vurğulayır. Baykal-Amur magistralının tikintisində dahi lider Heydər Əliyevin rolunun ictimaiyyət tərəfindən tanınması, onun bu mühüm layihəyə verdiyi töhfəni vurğulamaqla yanaşı, iki ölkə arasında yüksək vəzifəli şəxslər səviyyəsində də əlaqələri gücləndirib. Bu, həmçinin müxtəlif sahələrdə, o cümlədən enerji, nəqliyyat və ticarət sahələrində əməkdaşlığın daha da genişləndirilməsi üçün əsas ola bilər”, - deyə ekspert vurğuladı.

M.Dəmirov qeyd etdi ki, bundan əlavə, Şimal-Cənub nəqliyyat dəhlizinin inkişafının qeyd edilməsi hər iki ölkənin nəqliyyat infrastrukturu sahəsində əlaqələrini və əməkdaşlığı gücləndirmək istəyini vurğulayır. Bu layihə Azərbaycan və Rusiya arasında iqtisadi əlaqələrin, eləcə də geniş beynəlxalq əməkdaşlığın inkişafında daha bir fundamental element ola bilər. Beləliklə, İlham Əliyev və Vladimir Putinin Moskvada görüşü və ikitərəfli əməkdaşlığın tarixi və gələcəyi ilə bağlı mühüm mövzuların müzakirəsi Azərbaycan və Rusiya arasında uzunmüddətli perspektivdə əlaqələrin inkişafı üçün ümidverici əlamətdir.

Rizvan FİKRƏTOĞLU
XQ

Siyasət