Ölkədə 500 min uşaq, cəmi 2 min bağça var
Uşaqların intellektual, fiziki və psixoloji inkişafında, şəxsiyyət kimi formalaşmasında və məktəbə hazırlanmasında xüsusi əhəmiyyətə malik olan məktəbəqədər təhsil vahid təhsil sisteminin ilk pilləsidir.
Təhsildə, ilk növbədə, keyfiyyət müəllimdən başlayır. Hazırda isə məktəbəqədər təhsil müəssisələrində qeyri-ixtisaslara sahib olan, ümumiyyətlə isə təhsilsiz şəxslər üstünlük təşkil edir. Yəni bu sahədə kadr çatışmazlığı aşkar görünür. Məktəbəqədər təhsil üzrə diplom alan minlərlə gənc isə illərdir ki, ixtisasları üzrə işlə təmin oluna bilmirlər. Məktəbəqədər müəssisələri də bu sahə üzrə təhsil alan şəxslərin işlə təmin olunmasında ciddi problemlər var və bunları necə aradan qaldırmaq olar?
Mövzu ilə bağlı təhsil eksperti Elşən Qafarova müraciət etdik. O, qeyd etdi ki, hazırda ölkə üzrə yarım milyondan çox məktəbəqədər təhsilə cəlb olunmalı uşaq var. Amma cəmi 2 mindən bir qədər az məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərir:
– Məktəbəqədər təhsillə bağlı tələbat böyük olduğu üçün bu müəssisələrdə ortalama 17–18 min uşaq təhsil alır. Düzdür, ailə, icma əsaslı, eləcə də qısa müddətli məktəbəqədər təhsil kimi layihələrlə müxtəlif vaxtlarda təhsilə cəlb olunan uşaqların sayında müəyyən irəliləyişlər var. Məktəbəqədər təhsili olan kadrların işlə təminində də çox ciddi problemlər var. Təhsil Nazirliyi müvafiq sahə üzrə qəbul imtahanı keçirir. Amma bu imtahandan keçən şəxsləri işlə təmin etməyə iş yeri yoxdur.
Ekspert ümumtəhsil məktəblərində məktəbəqədər hazırlıq qruplarında ibtidai sinif müəllimlərinin çalışdığını qeyd etdi. Onların da cəmi 1 həftəlik kurs keçdiklərini dedi:
– Təklif edirik ki, məktəbəqədər təhsili olan şəxslər hazırlıq qruplarında işə götürülsün. Həmçinin bu məktəbdənkənar təhsil müəssisələrinə də aiddir. Burada bir çox hallarda pedaqoji təhsili olmayan şəxslər işləyiblər və bu, davam edir. Bunlara nümunə kimi, elə şahmat müəllimlərini də göstərə bilərik. Onların çoxu heç bir hüquqi əsası olmayan sertifikatla işə düzəliblər. Azərbaycan hüquqi dövlətdir. Əmək müqaviləsini birtərəfli qaydada pozmaq olmaz. Onların attestasiyasını keçirməklə məsələnin həllinə nail ola bilərik. Bu şərtlə ki, onların ixtisas təhsili əsas götürülməlidir.
Elşən Qafarovun fikirlərinə onu da əlavə edək ki, nəinki məktəbdənkənar şahmat, hətta ümumtəhsil məktəblərində Azərbaycan Dövlət Aqrar Universitetini bitirən şəxslərin ixtisasdəyişmə ilə kimya, biologiya, riyaziyyat müəllimləri kimi çalışdıqlarının şahidi oluruq. Həm məktəbəqədər, həm ümumtəhsil, həm də məktəbdənkənar təhsil müəssisələrində belə hallar var.
Təhsil eksperti Kamran Əsədov bağçaların körpələrin təlim və tərbiyəsində mühüm rol oynadığını bildirdi:
– Hazırda ölkəmizdə 1656 dövlət (717 kənd, 939 şəhər), 96 qeyri-dövlət (95 şəhər, 1 kənd) məktəbəqədər təhsil müəssisəsi var. Hər yaş dönəminin özünün xüsusiyyətləri, psixoloji, sosial, emosional standartları var. Uşaqlar o xüsusiyyətlərə, standartlara cavab verə-verə böyüyür. Beləcə, dünya praktikasında uşaq inkişafının standartları meydana çıxır. İndi həmin o standartların tətbiqi üçün uyğun müəssisələr, həm də ixtisaslı kadrlar lazımdır. Amma 1656 dövlət uşaq baxçası cəmi 123 min uşağı qəbul etmək imkanına malikdir ki, bu da baxça yaşlı uşaqların cəmi 25 faizi deməkdir. Ona görə də son illərdə sürətlə özəl uşaq baxçalarının sayı artıb.
Hələ bağçaların sayının çox olduğu Bakı şəhərində məktəbəqədər yaş qrupunda olan uşaqların 25 faizi məktəbə bağçalardan gəlir. Təəssüflər olsun ki, maddi-texniki baza, binalar da bəs eləmir ki, digər 75 faizlik uşaq da bağçalara cəlb olunsun. Dünya təcrübəsindən qeyd edim ki, Amerikanı götürsək, bağçaların 80 faizi özəldir. Həmin bağçalarda olan şərait dövlət hesabında olan məktəbəqədər müəssisələrdən daha yaxşı qurulub. Bununla da dövlətin üzərinə az yük düşür.
Hazırda 2 min 900-a yaxın məktəbdə məktəbəhazırlıq qrupu var. Məktəbəqədər qruplara dərs deyən müəllimlərin dərs saatları ibtidai sinifdə çox olur və əlavə dərs yükü götürməsi mümkün olmur.
Ekspert qeyd etdi ki, ölkəmizdə məktəbəqədər təhsil sahəsində görülmüş müsbət işlərlə yanaşı, bir sıra həllini gözləyən problemlər də mövcuddur. Belə ki, məktəbəqədər təhsildə kurikulumun tətbiqi üzrə müəyyən işlər görülsə də, obyektiv və subyektiv səbəblərdən bir sıra çətinliklər var. Təbii ki, bu problem pedaqoji kadr hazırlığı ilə bilavasitə əlaqədardır. Bu sahədə aparılan işlər zamanın tələbinə cavab vermir. Hazırda respublikanın məktəbəqədər təhsil müəssisələrində 14 min 614 pedaqoji kadr çalışır. Lakin son illərdə onların ixtisasartırması, kurikulumun tətbiqi və müasir təlim texnologiyaları baxımından təkmilləşməsi müəyyən mənada unudulub.
Bu mövzu ilə bağlı valideynlərin də fikirlərini öyrəndik. Hazırda evdə 2 azyaşlı övladının həm tərbiyəsi, həm də təhsili ilə məşğul olan Günay Ağayeva dedi:
– Böyük övladım 1 il dövlət bağçasına getdi. Nə şərait, qidalanma, eyni zamanda təhsil qane etmədi. Müəllimlərin peşəkarlığı xüsusilə qənaətbəxş deyil. Uşaqlarla evdə məşğul olmaq məcburiyyətindəyəm. Bu ildən oğlum məktəbə gedəcək.
Sonda onu da qeyd edək ki, respublikanın kənd rayonlarında orta və qeyri-ixtisas təhsilli şəxslərin məktəbəqədər təhsil müəssisələrində pedaqoji kadr kimi işlə təmin olunması problemin daha da dərinləşməsinə gətirib çıxarır. Hətta bəzi bağçalarda müdir kimi çalışan şəxslərin nəinki ixtisas, ümumiyyətlə, təhsillərinin olmaması faktlarına rast gəlinir. Yəni onlar orta ümumtəhsil məktəblərini bitiriblər.
Peşəkar müəllim olmadan təhsilin yüksək səviyyəsindən necə danışa bilərik? Bu da danılmaz faktdır ki, məktəbəqədər təhsil məktəbyaşlı uşaqların hərtərəfli inkişafında mühüm rol oynayır. Bu baxımdan yalnız yüksək savad və biliyə malik ixtisaslı kadrların çalışdığı bağçalara, digər məktəbəqədər təhsil müəssisələrinə gedən uşaqların məktəbə uyğunlaşması daha asan, təlim, tədris nəticələri isə üstün olur.
Leyla QURBANOVA
XQ