Sosial xəbərlər

post-img

Laçında peşə yarmarkası 

Dövlət Məşğulluq Agentliyi işğaldan azad olunmuş ərazilərimizdə ilk dəfə olmaqla Laçında “Laçında peşə öyrən!” adlı peşə yar­markası keçirib. Yarmarka Azərbaycan Prezi­dentinin xüsusi nümayəndəliyinin dəstəyi ilə təşkil olunub. 

Mərasimdə Məşğulluq Agentliyi İdarə Heyəti sədrinin müavini Ülvi Abasquliyev, Prezidentin Laçın rayonunda xüsusi nü­mayəndəliyinin rəsmisi Hüseyin Quliyev, işəgötürənlər və tədris müəssisələrinin nü­mayəndələri iştirak ediblər.

Peşə yarmarkasında Laçın şəhəri və La­çının Zabux kəndi əhalisinə rayonda fəaliy­yət göstərən 15-ə yaxın işəgötürən tərəfindən 40-dan çox peşə istiqaməti təqdim olunub, ustad dərsləri keçirilib. Yarmarkaya qatılan şəxslərə peşələr və həmin istiqamətlər üzrə tədrisin həyata keçirildiyi müəssisələr barədə məlumat verilib. Bildirilib ki, agentlik işğal­dan azad olunmuş ərazilərimizin sakinləri üçün peşə kurslarının təşkili işlərini davam etdirir. Kurslara cəlb edilən şəxslərə əmək bazarının tələblərinə uyğun peşələr üzrə bilik və bacarıqlar öyrədilir. Kursları bitirənlər işlə təmin olunurlar.

Yarmarka çərçivəsində, həmçinin “Azər­sun Holdinq”in milli markası olan “Azerçay” ilə birgə “Doğma Laçında Çay Festivalı” adlı korporativ sosial məsuliyyət layihəsi də hə­yata keçirilib. İştirakçılar üçün çay sərgisi, milli mətbəx guşəsi təşkil edilib. Mərasim konsert proqramı ilə davam edib

“Rehabus” xidməti

Dövlət Tibbi-Sosial Ekspertiza və Rea­bilitasiya Agentliyinin 2022-ci ildən icrasına başladığı “RehaBus” (Reabilitasiya Avtobu­su) layihəsi çərçivəsində əlil olan 1410 nəfərə xidmət göstərilib. Bakı və ətraf ərazilərdə yaşayan əlilliyi olan şəxslərin ambulator və icma əsaslı reabilitasiya xidmətlərinə əlça­tanlığını artırmağa xidmət edən layihə həmin şəxslərin müvafiq reabilitasiya müəssisəsinə asan, rahat şəkildə çatmasını təmin edir.

Reabilitasiya avtobusları Bakı və Sumqa­yıt şəhərlərinin, Abşeron rayonunda əvvəlcə­dən təyin edilmiş gözləmə məntəqələrindən əlil uşaqları (onları müşayiət edən yaxınları ilə birgə) götürərək Bakı şəhərindəki 2 saylı Uşaq Reabilitasiya Mərkəzinə çatdırır. Prose­durlar bitdikdən sonra onlar həmin avtobusla geri qaytarılırlar. 

“Qadın, texnologiyalar və innovasiyalar”

“INNOLAND” İnkubasiya və Akselera­siya Mərkəzində Beynəlxalq "İKT-də Qızlar Günü" ilə bağlı “Qadın, Texnologiyalar və İnnovasiyalar” adlı forum keçirilib. Mərasim “Könüllü DOST” proqramı və “ASAN Kö­nüllüləri” Təşkilatı tərəfindən “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzinin və DOST Rəqəmsal İnnovasiyalar Mərkəzinin tərəfdaşlığı, ASAN Radio və DOST TV-nin media dəstəyi ilə təşkil olunub.

Forumda “Könüllü DOST” proqramına və “ASAN Könüllüləri” təşkilatına üzv olan 70-dən çox xanım könüllülər iştirak ediblər. Tədbir gənc xanım könüllüləri İKT sahəsinə cəlb etmək, onların bu sahədə fəaliyyətini stimullaşdırmaq məqsədi daşıyıb. Forumda Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Layihələrin idarəedilməsi və texnoloji həllər şöbəsinin müdir müavini Aynur Qurbanlı, Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi­nin Rəqəmsal İqtisadiyyat şöbəsinin rəhbəri Xəyalə Fətullayeva, “BakuID” investisiya tədbirinin rəhbəri Talifa İsgəndərli, “Zəhra Kosmosda” platformasının təsisçisi, kontent yaradıcısı Zəhra İmanova və “Unibank”ın Digital laboratoriya şöbəsinin back-end üzrə baş mütəxəssisi Süsən Yunisova İKT-də qa­dınların rolu və şəxsi uğur hekayələri barədə məlumat veriblər.

İKT-də gender bərabərliyinin qadınların hüquq və imkanlarının genişləndirilməsində əsas amillərdən biri olduğu qeyd edilib. İşti­rakçıların böyük marağına səbəb olan forum sual-cavab sessiyası və “Mədəniyyət Carçı­sı” proqramının üzvlərinin ifaları ilə yekun­laşdırılıb.

Zərifə BƏŞİRQIZI
XQ



Sosial həyat