Zəngəzur dəhlizinin Naxçıvan qapısı

post-img

Vətən müharibəsindən sonra Azərbaycanın regionda yaratdığı yeni reallıqlardan biri də hazırda ən çox diqqət mərkəzində olan Zəngəzur dəhlizinin açılmasıdır. Azərbaycan, Rusiya və Ermənistan liderlərinin birgə imzaladıqları 2020-ci il 10 noyabr anlaşmasına əsasən, ölkəmizin qədim Zəngəzur ərazisindən Naxçıvana nəqliyyat və kommunikasiya xətlərinin açılması bu dəhlizin əsas hissəsini təşkil edir. Ümumiyyətlə, Zəngəzur dəhlizi layihəsi, təkcə Naxçıvanla Azərbaycanın digər bölgələri arasında nəqliyyat körpüsü deyil, region, həmçinin Çin və Orta Asiya ölkələrini Azərbaycan – Türkiyə vasitəsilə Avropanın tranzit–nəqliyyat xəttinə bağlayır. 

Azərbaycana gəldikdə isə Zəngəzur dəhlizi ölkəmizi Şərq və Qərb arasında mühüm qo­vuşağa çevirir, o cümlədən ölkəmizin ayrılmaz tərkib his­səsi olan Naxçıvan Muxtar Respublikasını faktiki olaraq nəqliyyat-kommunikasiya blo­kadasından çıxarır. 

Bir neçə gün bundan əv­vəl “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) təşkilatçılığı ilə media nümayəndələrinin Füzuli-Cəb­rayıl-Zəngilan istiqamətində səfəri də bu istiqamətdə dəmir yolu xəttinin tikintisi ilə bağlı məlumatlandırma məqsədi da­şıyırdı. 

Horadizdən Ağbəndədək dəmir yolu xəttinin layihələn­dirmə və tikinti işlərinə ölkə başçısı İlham Əliyevin 2021-ci il 13 mart tarixli müvafiq sərən­camına əsasən başlanılıb. Də­mir yolu xətti tək xətlidir və ox üzrə uzunluğu 110,4 kilometr, yan yollarla birlikdə 140,6 ki­lometrdir. Layihə üzrə 9 stan­siyanın tikintisi nəzərdə tutu­lub. Bunlar Horadiz, Mərcanlı, Mahmudlu, Soltanlı, Qumlaq, Həkəri, Mincivan, Bartaz, Ağ­bənd stansiyalarıdır. 

“Azərbaycan Dəmir Yolla­rı”nın tikintiyə nəzarət idarəsi­nin şöbə rəisi Kənan Rzayev bizimlə söhbətində bildirdi ki, Horadizdən Ağbəndədək tikin­tisi aparılan dəmir yollarında 41 körpü, 22 avtomobil keçi­di, 3 tunel, 2 qalereya, 4 hey­vanlar üçün keçid, 253 ədəd suötürücü boru və 144 ədəd ehtiyat keçidi, o cümlədən 70 ədəd yoldəyişən, 110,4 kilo­metr rabitə və işarəvermə sis­teminin inşası nəzərdə tutul­maqla, ümumilikdə 469 ədəd mühəndis qurğusunun tikintisi nəzərdə tutulub. Öyrəndik ki, ox üzrə uzunluğu 110,4 kilo­metr olan dəmir yolu xəttinin 60 metr enində minatəmiz­ləmə işləri tamamlanıb, geniş­lənmələr tələb olunan yerlərdə isə minatəmizləmə işləri da­vam edir.

Müsahibimiz bildirdi ki, adıçəkilən dəmiryolu xəttin­də tikinti işləri üç mərhələdə aparılır. Birinci mərhələ 0-30 kilometr, ikinci mərhələ 30-85 kilometr, üçüncü mərhələ isə 85-110,4 kilometr məsafəni əhatə edir. 60 kilometr uzun­luğunda dəmir yolunda rels­lər quraşdırılıb, 300-ə yaxın mühəndis qurğularının işləri yekunlaşıb. Hazırda isə yolun 62-72-ci kilometrlərində də­miryolunun torpaq yatağı və mühəndis qurğularının tikintisi davam etdirilir. 

Bunu da qeyd edək ki, bu dəmir yolu xətti, eyni zaman­da, Həkəri çayının üstündən keçir. Horadiz-Ağbənd dəmir­yolu xəttinin 65-ci kilometrli­yində çayın üzərində salınmış Həkəri körpüsü Azərbaycanda ən uzun dəmir yolu körpüsü­dür. Dəmir-beton dayaqlardan inşa edilmiş 13 aşırımlı bu körpünün uzunuğu 418 metr­dir. Kənan Rzayev bildirdi ki, körpünün tikintisi ilə əlaqədar Həkəri çayının istiqaməti mü­vəqqəti olaraq dəyişdirilib. Ha­zırda isə burada beton-kons­truksiya işləri yekunlaşıb, torpaq bərkitmə tədbirləri isə davam etdirilir. 

Həmsöhbətim onu da qeyd etdi ki, Horadiz-Ağbənd dəmir yolu təkxətli olaraq la­yihələndirilib, ancaq sərnişin və yükdaşımalarının daha ra­hat hərəkəti üçün stansiyalar­da dəmiryollları üçxətli olaraq planlaşdırılıb. Bu da qatarların gün ərzində kəsintisiz olaraq rahat hərəkət etməsinə imkan verəcək. 

Qeyd edək ki, hazırda nəzərədə tutulmuş layihə üzrə işlərin 40 faizə qədəri görülüb, ümumilikdə isə adıçəkilən is­tiqamət üzrə işlərin yekunlaş­dırılması gələn ilin ortalarına nəzərdə tutulub. Necə deyər­lər, bütün işlər plan üzrə ge­dir. Ölkə Prezidentinin dediyi kimi: “Zəngəzur dəhlizinin açılması ilə əlaqədar geniş­miqyaslı işlər aparılır, dəmir yolları, avtomobil yolları çəkilir. Zəngəzur dəhlizinin açılması mütləq olmalıdır, Ermənistan bunu istəsə də, istəməsə də. Biz ortaya güclü iradə qoy­muşuq, bütün işlər plan üzrə gedir. Bizim tələbimiz əsaslıdır və ədalətlidir. Azərbaycanın əsas hissəsi ilə onun ayrılmaz hissəsi olan Naxçıvan Muxtar Respublikası ilə bizim bağlan­tımız olmalıdır və olacaqdır”.

 

Səbuhi HƏSƏNOV,
“Xalq qəzeti”

Sosial həyat