Bir səs gəlir qulağıma – neçə-neçə əsrlərin uzaqlığından eşidilən bir səs... Xanlara, paşalara bac verməyən, əyilməyən qoç Koroğlu müxənnətlik yolu ilə onu aldadıb qarabaşlı, dolugözlü, qarabirçəkli, uzunboylu, tökmədöşlü, yelqanadl, sağrılı məşhur Qıratını qaçıran Keçəl Həmzəyə dil töküb xahiş-minnət edir:
Həmzə, atı yaxşı saxla
At igidin qardaşıdı.
Gündə muğayat ol yoxla!
At igidin qardaşıdı...
Başqa bir el qəhrəmanı, Qaçaq Nəbi isə dar məqamda Bozatına üz tutub kömək diləyir:
Boz at, səni sər tövlədə bağlaram,
And içirəm, səni məxmər çullaram,
Əgər məni bu davadan qurtarsan,
Qızıldan, gümüşdən səni nallaram.
Bəli, atlar el igidlərinə, xalq qəhrəmanlarına beləcə yoldaş, sirdaş olub. Savaşda sahibinin ən böyük dayağına, yaxın həmdəminə çevriliblər. Atlar həm də tarixdə yara kimi qalan hər iki cahan savaşının qeyrətli iştirakçılarıdır.
“Motorların döyüşü” hesab edilən Böyük Vətən müharibəsində suvari qoşunlar düşmən üçün məğlubedilməz idi. Alman generalı Halder yazırdı ki, biz həmişə suvari birləşmələrlə toqquşuruq. Elə cəld və çevikdirlər ki, onlara qarşı güclü alman texnikasını tətbiq etmək mümkün deyil. Suvari hissələr cəbhələrdən keçib müharibəni düz Berlində başa vurdular...
Tarixi mənbələrə görə, əhliləşdirilmiş atlar tarixə bizim eradan əvvəl üçüncü minilliyin ikinci yarısından məlumdur. Elə o vaxtdan da atların taleyi insanlarla bağlıdır.
Siyəzəndə, o zamankı Dəvəçinin tərkibində olduğu 1987-ci ilin statistik məlumatına görə, 868 baş at qeydə alınmışdı ki, onun da 773-ü ayrı-ayrı adamlara, 83-ü sovxozlara, 12-si isə digər dövlət və kooperativ təşkilatlarına məxsus idi.
O illərdə “Kommunist” qəzetinin dekabr nömrələrinin birində “Atları qaytarın” adlı məqalədə respublikamızın təsərrüfatlarında atlardan balaalma tapşırıqları daha böyük kəsirdə qalanlar sırasında Dəvəçinin də adı qeyd olunmuşdu.
Bəli, ölkəmizdə nəqliyyat və kənd təsərrüfatı işlərinin geniş miqyasda mexanikləşdirildiyi bir zamanda hələ də xalq təsərrüfatında canlı qoşqu qüvvəsi olan atın rolu böyük idi.
Budur, təxminən, bir əsr bundan qabaq “Yüksəliş” rayon qəzetini vərəqləyirəm. “Möhkəm at uğrunda” adlı məqalədə yazılır ki, “at məsələsi bütün xalq təsərrüfatında və ölkənin müdafiəsində əsas vasitələrdən biridir. Lakin buna baxmayaraq, bəzi kolxoz və təşkilatlarda onların qayğısına qalmamaq kimi hallar müşahidə edilir ki, bu da atçılıq təsərrüfatının genişləndirilməsi üçün əngəllər törədir. Atlara diqqətlə yanaşmaq, var qüvvəmizlə atlara qulluq işini yaxşı təşkil etmək, ilxıları genişləndirmək, onları xalq təsərrüfatının və ölkənin müdafiəsi üçün hazırlamaq vəzifəsi qarşıda duran böyük vəzifələrdən hesab olunur.”
Bəli, ötən əsrin 30-cu illərində atçılıq xalq təsərrüfatında əsas yerlərdən birini tuturdu. Buna görə də qəzetin o vaxtkı həyəcanını başa düşmək çətin deyil. Atın ölkənin müdafiəsində də rolu az deyil – axı həmişə Vətənə sağlam, fiziki cəhətdən güclü, çevik oğlan və qızlar lazımdır. At idmanı isə sağlam və cəsur gənc nəsil yetişdirmək üçün faydalı məşğələdir.
Bəs bu gün? Atların taleyi, atçılığı inkişaf etdirmək qayğısı bu gün də ictimaiyyəti düşündürən məsələlərdəndir.
Bir sözün yüz budağı: at
At insanın sədaqətli dostu sayılıb, onun adı insanla qoşalaşdırılıb, zərb-məsəllərə çevrilib: “Ata arpa, igidə plov”, “At ilə arvad igidin iqbalına”, “At ölər – nalı qalar, igid ölər namı qalar”, “At ölər – meydan qalar, igid ölər – ad-san qalar”, “At aralıqda – igid qəriblikdə”. Əringən, tənbəl adam üçün deyərlər ki: “At görər - axsar, su görər – susar”, “At minicisini tanıyar”, “At kimindir – minənin, don kimindir – geyənin”, “At tapıldı, yəhər tapılmadı”, “At mıxını qopardar, biri yerə dəyər, ikisi özünə”, “Ata minəndə özünü, atdan düşəndə atı unutma”, “At nə qədər çaparsa, yenə dəvə ondan qabağa düşər”, “At bəslənirkən, qız istənirkən”, “Atı at yanında bağlarsan, həmrəng olmasa da, həmxasiyyət olar”, “Atı birində bəslə, ikisində gözlə, üçündə min, dördündə oldu at, olmadı – sat”. Bir də deyərlər ki: “Atın qəmini tutmayan yolda piyada qalar”.
Qurd deyər: “Qaranlıq gecədə, qara şumda qara quzunu gözüm seçər!”
At da deyər: “Aydınlıq gecədə, südün içində ağ tükü gözüm seçər!”
(ardı var)
Aydın TAĞIYEV,
yazıçı-publisist