Özbək ali məktəblərində Azərbaycan dili layihələri

post-img

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində bu ölkənin ali təhsil ocaqlarının professor-müəllim heyəti ilə görüş keçirilib.

Toplantıda Daşkənd Dövlət Şərqşünaslıq Universiteti, Özbəkistan Milli Universiteti, Nizami Gəncəvi adına Daşkənd Dövlət Pedaqoji Universiteti, Özbəkistan Dövlət Dünya Dilləri Universiteti, Termez Dövlət Universiteti və Kokand Dövlət Pedoqoji İnstitutunun nümayəndələri iştirak ediblər. Görüşün məqsədi bu ali məktəblərdə Azərbaycan dilinin tədrisi və təbliği ilə bağlı müxtəlif layihələrin, mühazirələrin, açıq dərslərin həyata keçirilməsi üçün atılacaq addımları müzakirə etmək olub.

Mərkəzin direktor müavini Nadir Əlimirzəyev iştirakçıları salamlayaraq fəaliyyətləri haqqında ətraflı məlumat verib. O, Azərbaycan və özbək xalqlarının qədim köklərə malik olduqlarını və bu köklərə əsaslanan qardaşlıq münasibətlərinin bu gün də yüksək səviyyədə olduğunu qeyd edib.

Dünya Dilləri Universitetində pedaqoqların və kadrların yenidən hazırlanması və onların ixtisaslarının artırılması mərkəzinin şöbə müdiri Adolat Kenjayeva gələcək əməkdaşlıqdan böyük məmnunluq hissi keçirdiyini, Azərbaycanın mədəniyyəti, tarixi, incəsənəti barədə burada aldıqları məlumatların onlar üçün çox faydalı olacağını vurğulayıb. Digər iştirakçılar da görüşün onların Azərbaycan haqqında məlumatlarının daha da genişlənməsinə imkan yaratdığını bildiriblər.

Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin əməkdaşı, filologiya üzrə fəlsəfə doktoru Mətanət Xudiyeva 2023-cü ildən Azərbaycan Mədəniyyət Mərkəzinin özbək ali məktəblərində Azərbaycan dilinin tədrisi layihəsi barədə məlumat verib.

Qonaqlar Mədəniyyət Mərkəzində fəaliyyət göstərən Heydər Əliyev Muzeyi, Azərbaycan–Özbəkistan Dostluq Muzeyi, Azərbaycanın Dövlətçilik Tarixi Muzeyi və Xalça muzeylərinə baxıb, orada olan eksponatlarla, hər iki ölkənin tarixi və mədəniyyətini əks etdirən kitablarla, musiqi alətləri, milli geyimlər və s. ilə yaxından tanış olublar.

Professor-müəllim heyətinə Mədəniyyət Mərkəzi tərəfindən hazırlanan “Azərbaycanı tanıyaq” adlı videoçarx da təqdim olunub.

Qulu KƏNGƏRLİ,
XQ-nin Türküstan müxbiri
Daşkənd

Sosial həyat