Bu il oktyabrın 26-da qonşu Gürcüstanda parlament seçkiləri keçiriləcək. Seçkiöncəsi ab-havadan, ölkədəki gərgin mühitdən belə anlaşılır ki, bəzi xarici dairələr ölkədəki vəziyyəti qarışdırmaqda maraqlıdır.
Gürcüstanda baş verənlər Azərbaycan ictimaiyyəti üçün də önəmlidir. Mövcud vəziyyət, seçkilərin pərdəarxası məqamları, soydaşlarımızın seçki prosesində iştirakı ilə bağlı BDU-nun professoru Həmid Vəliyevin XQ-yə açıqlaması:
– Bu gün Gürcüstan dövləti və xalqı taleyüklü tarixi hadisənin astanasındadır. Bir neçə gündən sonra ölkədə parlament seçkiləri keçiriləcək. Artıq dünyanın da diqqəti Gürcüstana yönəlib. Çünki bu seçkilər Gürcüstanla yanaşı, bölgə üçün də önəm daşıyır.
Gürcüstan regionun ən maraqlı ölkələrindən biridir. Qonşu ölkədə möhkəmlənmək istəyən qüvvələrin marağı da məhz bundan irəli gəlir. Ölkədə çoxlu siyasi partiya, hər birinin də öz marağı var. Amma bu partiyaların böyük əksəriyyəti Gürcüstanın ərazi bütövlüyünü dəstəkləyir. Abxaziya və Cənubi Osetiya muxtar qurumları Gürcüstanın idarəçiliyindən çıxıb. Rusiya isə onların müstəqilliyini tanıyıb.
Gürcüstanda Mixail Saakaşvili dönəmində korrupsiyaya qarşı mübarizə ciddi məsələ kimi qoyuldu və bu sahədə irəliləyiş də əldə edildi. Sonra o, ölkəni tərk etməyə məcbur oldu. Onun partiyası fəaliyyət göstərsə də, cəmiyyətə təsiri olmadı. Bu gün Gürcüstan siyasətçiləri arasında istər Rusiyaya, istərsə də Qərbə meyilli qüvvələr mövcuddur və gərginlik də onların arasındadır. Lakin mən bir Gürcüstan azərbaycanlısı olaraq deyə bilərəm ki, seçkilərə Qərb ölkələrinin təsiri güclü ola bilməz. Qərb, həqiqətən, Gürcüstanın maraqlarını qorumuş olsaydı Abxaziya və Osetiya məsələsi bu qədər uzanmazdı. Qərb siyasətini, əsasən, vədlər üzərində qurur. Gürcü xalqı bunu yaxşı bilir və Qərbə o qədər də inanmır.
O ki qaldı azərbaycanlıların seçkiöncəki durumuna, burada da hakimiyyətdən gözləntilər var. Vaxtilə Gürcüstanda 175 azərbaycandilli məktəb var idi, bu gün onların sayı azalmışdır. Amma belə məsələlər azərbaycanlıların ayıq-sayıq olmasına, siyasi proseslərdən kənarda qalmalarına gətirib çıxarmamalıdır. Azərbaycanlılar belə taleyüklü məqamda seçkilərdə mütləq yüksək fəallıq göstərməlidirlər. Gürcüstanda hadisələrin məcrasından çıxması ölkəmiz üçün də ağır nəticələnə bilər. Soydaşlarımızı seçkilərdə Gürcüstanın həqiqi marağını qorumağa çağırıram. İnanıram ki, Gürcüstan xalqları seçkilərdə ölkənin həqiqi maraqlarını qoruya biləcəklər.
Hazırladı:
Anar ƏLİ
XQ