Dünyanın diqqəti günün bir nömrəli hadisəsinə – Kazan şəhərində keçirilən BRICS sammitinə yönəldiyi bir vaxtda bir qrup kəmfürsət terrorçu Türkiyədə dövlət əhəmiyyətli strateji obyektə xaincəsinə hücum etdi.
Türkiyənin daxili işlər naziri Əli Yerlikaya qanlı aksiya ilə bağlı açıqlamasında bildirib ki, Ankaradakı Türk Aerokosmik Sənayesi Anonim Cəmiyyətində törədilən terror aktında 4 nəfər həlak olub, 14 adam isə yaralanıb. 2 terrorçu hüquq-mühafizə orqanları tərəfindən zərərsizləşdirilib. Nazir baş verənləri terror aktı adlandırıb.
Hadisə ilə bağlı ölkə mediasında yayılan xəbərlərdə qeyd edilir ki, dünən saat 15:30-da bir qrup terrorçu Ankarada hərbi təyyarə və kosmik vasitələrin istehsalçısı olan TUSAŞ korporasiyasının binasına hücum edib. Xüsusi təyinatlıların zirehli texnikası qısa zamanda terror aktı baş verən əraziyə çatıb, helikopterlər havaya qaldırılıb. Yaralılara kömək etmək üçün Kahramankazana təcili tibbi yardım avtomobilləri gəlib. Ankara Baş Prokurorluğu terror aktı ilə bağlı cinayət işi açıb.
Türkiyə Prezidenti Rəcəb Tayib Ərdoğan da Kazanda Rusiya Prezidenti Vladimir Putinlə görüşündə terror zamanı 4 insanın öldüyünü, 14 nəfərin yaralandığını deyib. Türkiyə lideri “X” sosial şəbəkəsindəki paylaşımında isə bildirib: “TUSAŞ-a qarşı terror hücumu millətin hüzurunu və “Tam müstəqil Türkiyə” anlayışının rəmzi olan müdafiə təşəbbüslərini hədəfə alan alçaq bir hücumdur”.
Paylaşımda daha sonra deyilir: “Millətimiz bilməlidir ki, Türkiyəyə uzanan çirkli əllər mütləq qırılacaq. Təhlükəsizliyimizi hədəfləyən heç bir quruluş, heç bir terror təşkilatı, heç bir şər mənbəyi öz məqsədlərinə çata bilməyəcək. Hər cür terror təhdidlərinə və onların dəstəkçilərinə qarşı mübarizəmiz qətiyyətlə və çoxölçülü şəkildə davam edəcək. Xain terror aktında şəhid olan qardaş-bacılarımıza Allahdan rəhmət, yaralılarımıza şəfa diləyirəm”.
Türkiyə XİN rəhbəri Hakan Fidan da X sosial şəbəkəsindən teror aktına münasibətini açıqlayıb: “Ankarada TUSAŞ-a qarşı törədilən alçaq terror aktında şəhid olan qardaşlarımıza Allahdan rəhmət, yaralılarımıza şəfa diləyirəm. İstər daxildən, istərsə də xaricdən bütün terror ünsürlərinə və onları qidalandıran qüvvələrə qarşı qətiyyətlə mübarizəmizi davam etdirəcəyik. Qarşıdakı dövrdə də milli müdafiə imkanlarımızı gücləndirməyə davam edəcəyik və Türkiyəni hədəf alan qrupların və onların vəkillərinin ölkəmizlə bağlı məqsədlərinə çatmasına əsla imkan verməyəcəyik”.
Artıq bir çox ölkə və təşkilat Türkiyədə baş verən terror aktını pisləyib. Azərbaycan Prezidenti İlham Əliyev türkiyəli həmkarına başsağlığı verib. BMT, NATO rəhbərliyi də Türkiyədə baş verən terror aktını qınayıblar.
Xatırladaq ki, TUSAŞ müəssisəsində PUA, təyyarə və helikopter istehsal olunur, Türkiyənin beşinci nəsil KAAN hərbi təyyarəsi yığılır. Burada 15 min insan çalışır. Ölkənin Silahlı Qüvvələri TUSAŞ məhsullarından antiterror əməliyyatları zamanı istifadə edir.
S.ELAY
XQ