Nuh yurdunda “yaşıl” mediatur

post-img

Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Xidmətinin təşkilatçılığı ilə COP29-a hazırlıq çərçivəsində və Naxçıvanın “Yaşıl enerji” zonası elan olunması ilə əlaqədər enerji keçidi təşəbbüslərini təbliğ etmək və bu sahədə görülən işləri ictimaiyyətə daha geniş çatdırmaq məqsədilə ölkənin aparıcı media qurumları nümayəndələri üçün mediatur təşkil edilib. 2 günlük aksiyada jurnalistlərə muxtar respublikada qurulan və istismar olunan müxtəlif alternativ və bərpa olunan enerji mənbələri tanıdıldı.

Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Xidmətinin rəis müavini Məhərrəm Abbasov jurnalistlərə bildirdi ki, bu gün Naxçıvandakı stansiyaların generasiya gücü 244,8 MVt-dır. Yaxın illərdə 1500 MVt güc əlavə olunaraq enerji istehsalının 5 dəfə artırılması planlaşdırılır. O, dövlət proqramına əsasən, “yaşıl enerji” istehsalı üçün 7 min 992 hektar ərazi ayrıldığını qeyd edib. Artıq yerli və xarici şirkətlərlə memorandum imzalanıb. İlkin mərhələdə gücü 30 meqavat olan yeni Günəş Elektrik Stansiyasının tikilməsi üçün 688 hektar ərazi ayrılıb.

Görülən bu işlərin nəticəsində Naxçıvanda ümumi elektrik enerjisinin istehsalında “Yaşıl enerji”nin payı illər üzrə davamlı olaraq artır. Belə ki, 2023-cü ilin 9 ayında "yaşıl enerji"nin istehsal payı 35,1 faiz olduğu halda, 2024-cü ilin müvafiq dövründə bu rəqəm 53 faizə yüksəlib. Hazırda ümumi elektrik enerjisinin 55 faizi “yaşıl enerji”nin hesabına təmin olunur. Çaylarda suyun səviyyəsinin yüksək olması ilə əlaqədar elə ay olub ki, bir ay ərzində ümumi elektrik enerjisinin 100 faizi “yaşıl enerji”nin payına düşüb.

Sonra media nümayəndələri Culfa Külək Elektrik və Külək-Günəş Hibrid Elektrik stansiyalarında oldular. Burada jurnalistlərə məlumat verildi ki, Culfa şəhərinin külək potensialı nəzərə alınaraq burada ümumi gücü gücü 0.3 MVt olan külək stansiyası yaradılıb. Stansiyada 10 ədəd gücü 30 kVt olan külək turbini və 30 kVt gücündə olan invertor quraşdırılıb. Bu stansiya ANE şirkəti və yerli mütəxəssislər tərəfindən ərsəyə gətirilib. 2022-ci ildə istifadəyə verilən stansiya bu il 442 min kVt/saat enerji istehsal edib. Culfada 3,3 hektar sahədə yerləşən və gücü 1,1 MVt olan Külək-Günəş Hibrid Elektrik Stansiyası da yaradılıb. Burada gücü 280 Vatt olan 3 520 ədəd günəş paneli və 20 ədəd gücü 50 kVt olan invertor, 12 ədəd gücü 10 kVt olan külək turbini və 12 ədəd invertor quraşdırılıb. 2021-ci ildə istifadyə verilən stansiya 2023-cü ildə 1 milyon 600 min kVt/saat enerji istehsal edib.

Həmin gün jurnalistlər muxtar respublikanın ən böyük su elektrik stansiyası olan Araz SES-də də oldular. Stansiya ilə tanışlıq zamanı Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Xidmətinin rəis müavini Tural Murtuzəliyev bildirib ki, Araz Su Elektrik Stansiyası Naxçıvanın enerji qıtlığı baxımından çətinlik çəkdiyi dövrlərdə muxtar respublikanın elektrik enerjisi ilə təminatında mühüm rol oynayıb. Stansiyanın ümumi generasiya gücü 22 meqavatdır. Gələn il Araz Su Elektrik Stansiyasının 55 illiyi Energetika Xidməti tərəfindən geniş şəkildə qeyd olunacaq. “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”na görə Araz SES yenidən qurulacaq.

Media nümayəndələri səfərin ikinci günündə Naxçıvan Günəş Elektrik Stansiyasının işi ilə tanış oldular. Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Xidmətinin mətbuat xidmətinin rəhbəri Mətin Abbaslı jurnalistlərə bildirdi ki, Naxçıvanda ilk dəfə 2015-ci ildə 22 meqavat gücündə Naxçıvan Günəş Elektrik Stansiyası tikilib. Bu stansiya 230 meqavat gücündə Qaradağ Günəş Elektrik Stansiyasından sonra generasiya gücünə görə ölkədə ikinci Günəş Elektrik Stansiyasıdır. Hazırda Naxçıvanda 4 Günəş Elektrik Stansiyası – Xalxal, Şərur, Kəngərli Günəş Elektrik və Culfa Külək-Günəş Hibrid Elektrik stansiyaları fəaliyyət göstərir.

Bildirildi ki, ötən dövrdə mövcud potensialdan istifadə etməklə elektrik enerjisinin ixracı istiqamətində müvafiq tədbirlər reallaşdırılıb. Naxçıvan Muxtar Respublikası ilə Türkiyə Respublikası arasında elektrik enerjisi mübadiləsi imkanlarına dair zəruri araşdırmaların aparılması məqsədilə Azərbaycan Respublikası energetika nazirinin 2021-ci il 3 avqust tarixli əmri ilə yaradılmış işçi qrupla Türkiyə Respublikasının aidiyyəti qurumlarının nümayəndələri arasında da müxtəlif vaxtlarda görüşlər keçirilib.

Türkiyə və Naxçıvan tərəfində olan ötürücü və paylayıcı yarımstansiyalar, elektrik verilişi xətlərinin mövcud vəziyyəti, sayğacların yerləşmə nöqtələri, rele-mühafizə sistemlərinin tətbiq sahələri, TEİAŞ (Türkiye Elektrik İletim Anonim Şirketi) və Xidmət arasında enerji ixracı ilə bağlı müvafiq “Əməliyyat müqaviləsi”nin bağlanılmasına görə sənədləşmə işlərinin qarşılıqlı müzakirəsi aparılıb. Müqavilənin yaxın zamanlarda imzalanması planlaşdırılır.

Türkiyə–Naxçıvan elektrik enerjisi idxalı-ixracı əlaqəsi haqqında ENTSO (European Network of Transmission System Operators) tərəfindən 75 meqavat ixrac (Türkiyə tərəf passiv ada rejimində olmalıdır), 40 meqavat idxal (Naxçıvan tərəf passiv ada rejimində olmalıdır) ötürməyə icazə verilib.

Mediatur COP29 öncəsi ölkə jurnalistlərində Naxçıvanda “yaşıl” enerji təşəbbüslərinin uğurla gerçəkləşdirilməsi ilə bağlı canlı və geniş təsəvvür yaratdı.

XQ



Sosial həyat