Naxçıvanın muxtariyyəti erməni millətçiləri üzərində tarixi qələbə idi

post-img

Bu qurumun yaradılması qədim diyarı Azərbaycan ərazisi kimi qoruyub

Ötən il dekabrın 30-da Prezident İlham Əliyev Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinin qeyd edilməsi haqqında sərəncam imzalayıb. Bu sənəddə Naxçıvanın Azərbaycanın çoxəsrlik zəngin keçmişində layiqli yer tutması, ictimai-siyasi və elmi-mədəni həyatında özünəməxsus rol oynaması, əsrlər boyu yetirdiyi görkəmli şəxsiyyətləri ilə Azərbaycan dövlətçiliyinin, mədəniyyətinin və elminin tərəqqisinə töhfələr verdiyi qeyd olunub.

Naxçıvan Muxtar Respublikasının yaranmasının 100 illiyi ilə bağlı belə bir dövlət sənədinin imzalanması çox böyük əhəmiyyət daşıyır. Çünki 1924-cü ildə Naxçıvana Azərbaycanın tərkibində muxtar respublika statusunun verilməsi tarixi zərurətdən yaranmışdı, eyni zamanda bu cür yüksək statusa malik olmasına baxmayaraq son iki yüz ildən artıq bir dövrdə davamlı olaraq haqqında əsassız ərazi iddialarının irəli sürüldüyü bir bölgə kimi Naxçıvan daim ermənilər və onların havadarları tərəfindən ön planda saxlanılıb.

Ən yaxın tarixin təcrübəsi də göstərir ki, əgər ötən əsrin 90-cı illərində ümummilli lider Heydər Əliyev Naxçıvanda olmasa idi, bu qədim Azərbaycan torpağı da işğal ediləcəkdi. Hər halda o dövrün reallıqları bunun üçün münasib idi. Təsadüfi deyil ki, sərəncamın preampula hissəsində də məxsusi olaraq vurgulanır ki, “… Strateji mövqeyi ilə seçilməsi tarixən Naxçıvanı vaxtaşırı gərgin siyasi mübarizələr meydanına çevirsə də, bu diyar qarşılaşdığı bütün sınaqları qətiyyətlə dəf etmişdir”.

Sərəncama əsəasən, Naxçıvan Muxtar Respublikasının yaranmasının Azərbaycanın siyasi tarixində çox mühüm hadisə olduğu nəzərə alınaraq ölkəmizdə keçirilən silsilə yubiley tədbirləri davam edir. Təbii ki, il ərzində 100 illik yubiley tədbirlərinin keçirilməsi muxtar respublikada bir çox sahələrin tarixi inkişaf yoluna yenidən nəzər salmağa imkan verir. Amma bunlar içərisində ən önəmlisi muxtar respublikaya muxtariyyət statusunun verilməsinin zəruriliyinin gündəmə gətirilməsidir. Bunun da əsas səbəbi erməni millətçilərinin qədim diyara əsassız ərazi iddialarının Qarabağ məğlubiyyətindən sonra da davam etməsidır. Və burada istər-istəməz belə bir sual ortaya çıxır ki, həqiqətənmi ermənilərin Naxçıvana torpaq iddialarının kökündə bu qədim diyarın strateji mövqedə yerləşməsi dayanır?

Tarixi mənbələrə görə, 1787-1791-ci illərdə rus-türk müharibəsi başa çatdıqdan sonra 1799-cu ildə Rusiya imperatriçəsi II Yekaterinanın verdiyi fərman əsasında ermənilər Krım yarımadasından köçürülərək “Şimali Qafqazın qapısı” hesab edilən Rostov qalasının ətrafına yerləşdirilir. Don çayının sahilinə köçürülən ermənilər yerləşdikləri yerə “Yeni Naxçıvan” adı verirlər. 1838-ci ildən sonra isə bu ərazini “Naxiçevan-na Donu” adlandırırlar. 1928-ci ildə isə bu kiçik qəsəbə Rostov-Don şəhərinin bir hissəsinə çevrilməklə “Proletarnıy” rayonu adlandırılır və hazırkı adı da belədir. Əslində isə ruslar ermənilərin bu həyasız təbliğatının bir gün onların özlərinə qarşı da istifadə olunacağını dərk edib bu addımı atırlar.

ABŞ-da yaşayan və milliyətcə gürcü olan, “Unudulmuş genosid”, “Erməni təbliğatının ikiüzlülüyü və yalanı” kitablarının müəllifi Feliks Sersvadze 2005-ci ildə Nyu-Yorkda nəşr olunmuş “Ermənistan və Dağlıq Qarabağ. Miflərin formalaşdırılması” kitabında yazır ki, 1799-cu ildə erməni arxiyepiskopu İosif Donda erməni muxtariyyəti təşkil etmək qərarına gəlir. Bu məqsədlə o, həmin əraziyə Türkiyə və Krımdan köçürülmüş on minlərlə erməni gətirdi və hətta gələcək muxtariyyətin paytaxtı kimi – Don üzərindəki Naxçıvan adlı şəhər də saldı. Rusiya hakimiyyətindən əla güzəştlər aldı: erməni əmlakının Krımdan dövlət hesabına daşınması, iribuynuzlu mal-qaranın saxlanması üçün bir neçə min desyatin torpaq, 10 il ərzində vergilərdən sərbəst olmaq, erməni gənclərinin rus ordusunda xidmətdən azad edilməsi.

Bundan başqa, hər ev sahibinə 30-40 desyatin torpaq, ev tikmək üçün pulsuz inşaat materialları ayrılırdı. Toxum, mal-qara və iş alətləri 10 illiyinə verilirdi… Rusiya hakimiyyət dairələri erməni icması üçün böyük güzəştlərə gedir, hətta şəhər salmağa icazə verirdilər, lakin muxtariyyət yaratmağa qətiyyətlə icazə vermədilər. Yuxarıda adıçəkilən Don üzərindəki Naxçıvan şəhəri sonradan Rostov-Don şəhərinin tərkibində “əridi” və itdi. Amma Donda yaşamaları ermənilərə özlərini “Don kazakları” adlandırmaları üçün bəhanə verdi…

Maraqlıdır, ermənilər niyə yerləşdikləri bu yeri “Yeni Naxçıvan” adlandırmalı idilər?

Hamımıza məlumdur ki, qədimdən də qədim olan Naxçıvan Nuh Peyğəmbərin quruya ilk ayaq basdığı torpaqdır. Yəni bəşər sivilizasiyasının ikinci yaranışı bu müqəddəs yerdən başlayır. Ermənilər də hər kəsə özlərini qədim sivilizasiyanın bir hissəsi olduqlarını sübut etmək üçün Nuhun övladlarının soyundan gəldiklərini sırımağa çalışırlar. Erməni alimləri Nuhun Vətəni olan Naxçıvanı “Naxiçevan” formasına salmaqla sözü iki hissəyə ayırır və “Nax” hissəsini “birinci”, “ilkin”, “icevan” hissəsini isə “çıxış yeri”, “dayanacaq” kimi izah edirlər. Halbuki ermənicə “ilkin” ifadəsinin qarşılığı “himnakan”, “çıxış yeri”, “dayandığı yer” ifadəsinin qarşılığı isə “vayrejk”dir. Ancaq indiyə kimi heç kim Naxçıvanın adına heç bir mənbədə “Himnakan vayrejk” kimi rast gəlməyib. Türk dillərində isə, xüsusən Azərbaycan türkcəsində bu ifadə çox sadə və asan “Nuh çıxan yer” kimi izah olunur.

Əlavə şərhə ehtiyac yoxdur. Artıq 2024-cü ilin son aylarıdır və Naxçıvan muxtariyyətinin 100-cü ildönümü təntənələri davam edir. Bu gün Naxçıvan qalib Azərbaycan–Qərb tranzitində açar rolunu oynayan region kimi diqqət çəkir. Zəngəzur dəhlizinin açılmasından sonra mühüm nəqliyyat habına çevriləcək qədim diyar həm də Cənubi Qafqazın iqtisadi inkişafına və təhlükəsizliyinə öz töhfəsini verəcəkdir.

Səbuhi HƏSƏNOV
XQ-nin Naxçıvan müxbiri





Sosial həyat