ATU-da Prezident təqaüdçüləri ilə görüş

post-img

Prezident İlham Əliyevin oktyabrın 5-də imzaladığı sərəncamla 2024/25-ci tədris ilində ölkəmizin ali məktəblərinə daxil olan 102 tələbəyə Prezident təqaüdü təyin edilib. Onlardan 25-i Azərbaycan Tibb Universitetini seçib. Hər il 1-ci kursa yüksək ballarla daxil olan və Prezident təqaüdünə layiq görülən tələbələrlə görüş bu ali məktəbdə artlq ənənəyə çevrilib. Bu dəfə də ATU-nun rektoru Gəray Gəraybəyli Prezident təqaüdçüləri ilə görüşüb, onları təbrik edib:

– İlk növbədə, hər birinizi Tibb Universiteti ailəsinə daxil olmağınız münasibəti ilə təbrik edirəm. Qarşıda 6 il tələbəlik həyatınız olacaq, sonra bəziləriniz rezidentura və digər pillələrdə təhsil alacaq, hətta sıralarınızdan gələcək müəllimlərimız də yetişəcək. Bir sözlə, siz uzun müddət öz həyat və fəaliyyətinizi ATU ilə bağlamış olursunuz. Həm buna görə, həm də yüksək bal toplayaraq böyük uğura imza atmağınız, Prezident təqaüdçüsü adını qazanmağınız münasibətilə sizi təbrik edirəm.

Rektor, Prezident təqaüdçülərinin sayına görə tibb universitetinin ölkə ali məktəbləri arasında həmişə ön yerlərdə olduğunu diqqətə çatdırıb. Bildirib ki, 25 nəfərdən 24-ü müalicə-profilaktika fakültəsini,

1 nəfər isə stomatologiya fakültəsini seçib. Dərslərin artıq yeni proqramla aparıldığını vurğulayan rektor, tələbələrə tövsiyələr verib:

– Tibb Universitetində fənlər, dərsliklər çoxdur. Üstəlik də, proqramlar ilbəil təkmilləşir və dəyişir. Onları mənimsəmək xüsusi bir zəhmət və istedad tələb edir. Arzu edirəm ki, Prezident təqaüdçüsü adını qoruyub saxlayasınız.

Görüşdə Tədris Departamentinin rəhbəri, dosent Kamandar Yaqubov, I müalicə-profilaktika fakültəsinin dekanı, dosent Elşad Novruzov, II müalicə-profilaktika fakültəsinin dekanı, dosent İsrail Məhərrəmbəyli, stomatologiya fakültəsinin dekanı, dosent Elmira Əliyeva iştirak ediblər.

Görüşün sonunda tələbələrə hədiyyələr təqdim olunub.

Zərifə BƏŞİRQIZI
XQ

Sosial həyat