Bakılı gənclərə mükafatı Türkiyə Prezidenti təqdim edib
Yeni tədris ili başlayandan Bakı Ali Neft Məktəbinin uğurlarının sorağı nəinki ölkəmizdən, qonşu dövlətlərdən də eşidilir. Prezident təqaüdünə layiq görülən 102 nəfərdən 33-ü bu universitetə daxil olanlardır. Bir sıra layihələrdə yer qazanmış BANM tələbələri barəsində də qəzetimizdə məlumat vermişdik. Növbəti uğuru bu təhsil ocağının tələbələri qardaş Türkiyədə qazanıblar.
Ali məktəbin “BHOSWARE” və “Dərbəndqala - BHOS” komandaları “TEKNOFEST-2024”də I və II yerə çıxıblar. 1-ci yerin qalib komandasını Adana şəhərində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan mükafatlandırıb. “BHOSWARE” komandasına 150 min, “Dərbəndqala - BHOS” komandasına isə 50 min lirə pul mükafatı təqdim edilib.
“BHOSWARE” komandasının elmi rəhbəri ali təhsil ocağının informasiya texnologiyaları kafedrasının müəllimi Nihat Əlili, üzvləri isə informasiya təhlükəsizliyi ixtisası üzrə V kurs tələbələri Əli Məhərrəmli, Məhəmmədcan Məhəmmədcanov, Sahib Hümbətzadə və Oqtay Əhmədovdur. Uğur qazanmağın əziyyətli yolu, qələbə sevinci barəsində komandaların elmi rəhbərləri və üzvləri ilə həmsöhbət olduq.
“BHOSWARE” komandasının elmi rəhbəri Nihat Əlili dedi ki, belə yarışlara ciddi hazırlaşmadan yaxşı nəticə əldə etmək çətindir:
– Əvvəlcə iki mərhələdən ibarət kibertəhlükəsizlik üzrə müəyyən ssenari əsasında qurulmuş tapşırıqlardan ibarət yarış təşkil edildi. Seçim mərhələsində 200-dən çox komandadan 10-u uğur qazandı. Ölkəmizi və BANM-i ən gözəl formada təmsil etdik. Antalyada yarış 10 saatdan çox çəkdi. Şübhəsiz ki, həyəcan da var idi. Finala çıxan komandaların bəziləri əvvəlki illərdə belə yarışların qalibləri olmuşdular, təcrübələri var idi. Qısa müddətdə hazırlaşmağımıza baxmayaraq, rəqibləri üstələyib 1-ci olduq. Hazırlığımızın çox hissəsi yay tətilinə təsadüf etdiyi üçün bir sıra çətinliyimiz var idi. Belə bir yarışa ilk dəfə hazırlaşsaq da, birincilik qazandıq. Layihə üzərində çox çalışmışdıq. Əziyyətimiz yerdə qalmadı. Ən önəmlisi isə mükafatı Türkiyə Prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın özündən qəbul etmək idi. Bu bizə ikiqat xoş hisslər yaşatdı.
“Mükafat olaraq verilən pulu hara xərcləyəcəksiniz?” sualıma cavab olaraq Nihat müəllim dedi ki, ona yetirmələrinin qələbə qazanması lazım idi, pulu isə tələbələr öz aralarında bölüşəcəklər.
Nihat Əlilinin elmi rəhbəri olduğu komandanın adının yarışın mövzusu ilə universitetin adının birləşməsindən əmələ gəldiyini söylədi. O bildirdi ki, ad olduqca önəm daşıyır. “BHOSWARE”, yəni Baku Higher Oil School (BHOS ), “WARE” isə zərərli proqram təminatı sözü olan “malware”dən götürülüb.
Komandanın elmi rəhbəri qarşıdakı planlar barədə dedi ki, növbəti ildə “TEKNOFEST”ə daha çox komanda ilə hazırlaşıb ilk 3 yeri qazanmaq istəyirlər: “Bundan əlavə, universitetin aşağı kurs tələbələri ilə qazanılan təcrübəni bölüşüb belə yarışlar üçün komandalar formalaşdırmaq istəyirik”.
Nihat müəllim Türkiyədə onları mehriban qarşılamalarından da söz açaraq bildirdi ki, qardaş ölkə onlara Azərbaycan qədər doğma olub.
Komandanın üzvü Əli Məhərrəmli qələbə qazanmağın onlara xoş hisslər bəxş etdiyini dedi: “Aylarla gecə-gündüz hazırlıqlar, əziyyət və fədakarlıqlarımızın belə böyük bir nəticə verməsi, bütün komanda üzvlərimiz üçün qürur mənbəyi oldu. Bu uğur bizi daha da irəliyə aparmağa və yeniliklər yaratmağa ruhlandırır”.
Yarışmada həyəcan və coşqunun yüksək səviyyədə olduğunu deyən Məhəmmədcan Məhəmmədcanov böyük bir yarışda təmsil olunmağın ciddi məsuliyyət tələb etdiyini bildirdi. O əlavə etdi ki, qələbə qazanmağın sevinci bütün çətinlikləri unutdurdu. Sahib Hümbətzadə yarış atmosferinin dinamik və enerjili olmasından danışaraq dedi ki, komandanın bütün üzvlərinin hədəfə yönəlməsi və bir-birini dəstəkləməsi uğurun əsas sirri idi. Müxtəlif ölkələrdən olan komandalarla bir araya gəlmək və texnologiyanın son nailiyyətlərini paylaşmaq onlara böyük təcrübə qazandırdı. Oqtay Əhmədov da qeyd etdi ki, elə yarışlar onları daha çox öyrənməyə və inkişaf etməyə yönəldir.
***
“Dərbəndqala - BHOS” komandasının elmi rəhbəri BANM-ın innovasiya və tədqiqatlar mərkəzinin böyük mühəndisi, biznesin idarə edilməsi kafedrasının müəllimi Emilya Əhmədova, üzvləri isə proseslərin avtomatlaşdırılması ixtisası üzrə 4-cü kurs tələbələri Zahid Abdullayev, Rəna İsayevə, Rəvan Xıdırov və biznesin idarə edilməsi ixtisası üzrə 4-cü kurs tələbəsi Murad Əliyevdir.
Emilya Əhmədova XQ-yə açıqlamasında dedi ki, yarışmaya 7 ay qalmış məşqlərə başlayıblar:
– “TEKNOFEST”ə qoşulmaq təklifi tələbələrdən gəldi. Onlar məni özlərinə mentor seçdilər. Beləcə 4 tələbə ilə çıxdıq. Bizə, ilk növbədə, komandamızı qalib edə biləcək ideya lazım idi. Bundan sonra onlar mövzu üzərində işləyərək onu genişləndirmək məqsədilə “software” “hardware” tərəflərini hazırladılar. İdeyamızın qayəsi məktəbəqədər və 8-ci sinifə qədər uşaqlar arasında bullinqin, yəni qısnamaların qarşısının alınması məqsədilə tətbiqin yaradılması idi. Belə ki, şagird bəzək əşyası olaraq, qoluna qolbaq taxır. Bu qolbaq nazik və istənilən rəngdə ola bilər. Bunu digər qolbaqlardan fərqləndirən cəhət onun içərisində sensorların olmasıdır.
Bundan əlavə, qolbaq ürək ritmlərini, qan təzyiqini düzgün ölçə və digər funksiyaları da yerinə yetirə bilir. “Ağıllı qolbaq” tətbiqə bağlanılır və həmin proqram valideynlərin, uşağa nəzarət edən şəxslərin telefonuna yüklənilir. Uşaq bullinqə məruz qalarsa və sağlamlığı barədə mənfi məlumatlar olduğu halda tətbiqə siqnallar ötürülür. Adi qaydada isə tətbiqə daxil olaraq azyaşlı barədə ümumi vəziyyətlə tanış olmaq olur. Biz hətta bullinq zamanı qurğunun işə düşərək səsyazma funksiyasını aktivləşdirməyin üzərində də işləyirik. Sadəcə, ölkə qanunvericiliyində səsin yazılması qadağan olunduğu üçün proqram analiz edib ümumi təhlükəni valideynə çatdıra bilər. Biz bunu ağıllı saat və ya başqa vasitə kimi də düşünə bilərdik. Lakin həmin vasitələr uşaqların fikirlərini yayındıra, dərsə mane ola bilər. Amma nazik qolbaq elə bir maneə yarada bilməz.
Çətin olduğu qədər də maraqlı təcrübə oldu. Əvvəlcə layihədə müxtəlif mərhələləri keçmək üçün hesabatlar göndərdik. Türkiyədəki yarışa müxtəlif ölkələrdən fərqli kateqoriyalar üzrə qatılan minlərlə komanda var idi. Ümumilikdə, qatıldığımız kateqoriya üzrə 28 komandanın keçməsi nəzərdə tutulmuşdu. Biz 100 baldan 97-ni toplayaraq ikinci yeri tutduq. “Dərbəndqala - BHOS” komandası iştirak etdiyimiz kateqoriya üzrə finala vəsiqə qazanmış yeganə xarici komanda oldu.
Final mərhələsi Antalyada türk dilində keçirildi. Yüksək səviyyədə təşkil edilmiş mükafatlandırılma mərasimində bizim komandaya ödülü Səlcuq Bayraktar təqdim etdi. Biz qazandığımız vəsaiti layihəmizin inkişafına yönəldəcəyik. Yeni funksiyalar əlavə etmək istəyirik. Yerli və əcnəbi investorlar cəlb etmək, xarici bazara çıxmaq məqsədimiz var.
Qalib komandanın kapitanı Zahid Abdullayev dedi ki, uğurun arxasında gərgin əmək və əzmkarlıq dayanır: “Layihəmiz münsiflər heyətində də böyük maraq yaratmışdı. Biz uşaqların təhlükəsizliyi baxımından önəmli konsepsiya ortaya qoymuşduq. Onlar ideyamızın vacibliyini nəzərə alıb bizi də qalib elan etdilər. Azərbaycanı layiqincə təmsil etmək, ölkəmizin adına qalibiyyət yazmaq bizim üçün xoşbəxtlikdir. Bu uğur başlanğıcdır, ideyamızı genişləndirmək planımız var”.
“Dərbəndqala - BHOS” komandasının üzvü Rəna İsayeva bildirdi ki, yaddaqalan və maraqlı yarış oldu. Bizim üçün böyük təcrübə idi. Qardaş ölkədən qalib kimi ayrılmaq Murad Əliyevdə də xoş təəssürat yaradıb: “Layihə vasitəsilə çatdırmaq istədiyimiz əsas mesajlardan biri informasiya texnologiyalarının həyatın müxtəlif sahələrinə tətbiqini əyani şəkildə göstərmək idi. Uğurumuz digər həmyaşıdlarımızda da həvəs yaradacaq”.
Tələbələrimizin Türkiyə uğurları ölkəmizdə sevinclə qarşılandı. Onlara uğurlarının davamlı olmasını diləyirik.
Rizvan FİKRƏTOĞLU
XQ