Qədim türk yurdunun ziya ocağı

post-img

XX əsrin əvvəllərinə qədər Bakı, Təbriz, Xoy, Naxçıvan və başqa şəhərlər ilə yanaşı, İrəvan da Azərbaycanın aparıcı elm və mədəniyyət mərkəzlərindən biri olmuşdur. Bu ərazilərin əsl sakinləri və sahibləri azərbaycanlılar tarixin müxtəlif dövrlərində zor gücünə öz əzəli torpaqlarında yaşamaq hüququndan məhrum edilmişlər. 1918-ci ilin may ayında Qərbi Azərbaycanda daşnakların hakimiyyətə gəlməsi ilə azərbaycanlılara qarşı amansız və kütləvi terror, soyqırımı siyasəti ən qəddar metodlarla həyata keçirilmişdir.

Bununla da İrəvanda soydaşlarımızın ictimai-siyasi, ədəbi-mədəni həyatı tənəzzülə uğramış, onlar davamlı soyqırımına və deportasiyaya məruz qalmışlar. Sonralar Azərbaycanda elm və mədəniyyətin inkişafında böyük rol oynamış Mustafa bəy Topçubaşov, Əziz Əliyev, Əhməd Rəcəbli, Əhməd Cəmil, Cəfər Xəndan, Heydər Hüseynov, Maqsud Məmmədov, Səid Rüstəmov, Bəhmən Axundov, Mirzə Cabbar Məmmədzadə, Cabbar Əsgərzadə, Həsən Seyidov, Cabbar Məcnunbəyov, Əli Məhzun və başqa görkəmli şəxsiyyətlərin ailələri də bu dövrdə öz doğma yurdlarını tərk etməyə məcbur olmuşlar.

1918–1920-ci illərdə Qərbi Azərbaycanda erməni millətçiləri 300-dən artıq azərbaycanlı kəndini yerlə-yeksan etmiş, on minlərlə dinc sakini kütləvi şəkildə qətlə yetirmişlər. Bütün bunlara baxmayaraq, 1920-ci il noyabr ayının 29-da Qərbi Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra başqa respublikalarda olduğu kimi, burada da məktəb və maarif probleminə münasibət dəyişdi, təhsilin inkişafında yeni bir mərhələ başlandı. Bolşevik rejimi 1920-ci ilin noyabr ayının 29-na qədər İrəvan quberniyasında və daşnak Ermənistanın da mövcud olan təhsil təcrübəsindən imtina edərək, yeni tipli maarif sisteminin yaradılmasını ön plana çəkdi. Beləliklə, azərbaycanlılar üçün məktəblərin yeni məzmunda təşkili istiqamətində ilk addımlar atıldı, Sovet hakimiyyətinin ilk illərində İrəvanda, Uluxanlıda, Vedibasarda, Allahverdidə, Qafanda, Basarkeçərdə, Ağbabada və s. məntəqələrdə ilk məktəblər açıldı. İrəvanda və azərbaycanlılar yaşayan bölgələrdə ana dilimizdə təhsil ocaqları şəbəkəsinin genişlənməsi orada təhsil alan şagirdlərin sayının sürətlə artmasına təkan verdi. Kütləvi maarifləndirmə müəllim kadrlarına olan tələbatı daha da artırdı.

Azərbaycan məktəblərinin müəllim kadrları ilə təmin olunması üçün 1922-ci ildə Ermənistan K(b)P MK-nin yanında yaradılmış Azsaylı Xalqlar Şöbəsi və onun müdiri Bala Əfəndiyev, Ermənistan Xalq Maarif Nazirliyinin nəzdində təşkil edilmiş Azlıqda qalan millətlər bürosunun müdiri Mehdi Kazımovun səyi nəticəsində 1922-ci ilin sonlarında İrəvanda xüsusi hazırlıq kursları təşkil edildi. Amma bu kurslar İrəvanda milli məktəblərimizin müəllim kadrlarına olan tələbatını ödəyə bilmirdi. Bu ehtiyacın ödənilməsi üçün azərbaycanlı ziyalılar milli pedaqoji kadrlar hazırlayan tədris müəssisəsinin yaradılması məsələsini 30 yanvar 1922-ci ildə Ermənistan Kommunist Partiyasının I qurultayında qaldırılsa da, müraciətə məhəl qoyulmadı.

Azərbaycan məktəblərində pedaqoji kadrlara olan ehtiyacı, qismən də olsa, aradan qaldırmaq üçün Bala Əfəndiyevin və Mehdi Kazımovun təşəbbüsü ilə 1922-ci ilin noyabrında İrəvanda 2 aylıq yay hazırlıq kursu təşkil edildi. Bu kurslar azərbaycanlı müəllimlərin hazırlanması işini canlandırdı. Azərbaycanlılar oxuyan məktəblərdə çalışmaq üçün burada həmin il 30 nəfər bitirdi. Kursda Azərbaycan məktəbləri üçün 60-dan çox müəllim hazırlandı. Bundan başqa, Uluxanlıda, Vedidə, Basarkeçərdə, Zəngəzurda, Ağbabada və azərbaycanlılar yaşayan digər bölgələrdə də hazırlıq kursları təşkil edildi. Müəllim çatışmazlığı problemini, qismən də olsa, aradan qaldırmaq üçün Azərbaycan Xalq Maarif Komissarlığının razılığı əsasında 1923-cü ildə İrəvandan Bakıya 16, 1925-ci ildə 38, 1926-cı ildə isə 11 nəfər pedaqoji təhsil almağa göndərildi. Məmməd Həsənov, Zəhra Abbasova, Əziz Əzizov, Tacirə Bağırova, Siddiqə Qədimova kimi gənclər Azərbaycan Ali Pedaqoji İnstitutunu bitirdikdən sonra İrəvana qayıdaraq maarifin inkişafına öz töhfələrini verirdilər.

Sovet hakimiyyətinin ilk illərində İrəvanda azərbaycanlı qızlar məktəbi, İrəvan yeddillik azərbaycanlı məktəbi, Əzizbəyov adına məktəb, Asrıyev, Dzerjinski və Şaumyan adına beynəlmiləl məktəblərinin isə azərbaycanlı bölmələri fəaliyyət göstərirdi. İlk vaxtlarda milli məktəblərimizdə müəllim kadrlarına böyük tələbat olduğundan İrəvan 7 illik azərbaycanlı məktəbinin şagirdləri də dərs deyirdilər. Hətta qış tətilində Zaqafqaziya Kommunist Universitetində təhsil alan azərbaycanlı tələbələr İrəvanda və yerlərdə təşkil edilmiş səyyar məktəblərdə dərs deməyə dəvət edilirdi.

Bütün bunlar azərbaycanlı məktəblərində müəllim kadrlara olan tələbatı ödəyə bilmirdi. Ermənistanın şovinist rəhbərliyi azərbaycanlı məktəbləri üçün pedaqoji kadrlar hazırlayan müstəqil tədris müəssisəsinin yaradılmasını istəmirdilər. Bunun ən başlıca səbəbi azərbaycanlı əhalinin öz tarixi torpaqlarında qalıb möhkəmlənməsinin qarşısını almaq idi. Erməni millətçiləri Erməni Pedaqoji Texnikumunun nəzdində Azərbaycan şöbəsinin açılmasını daha məqsədəuyğun hesab edirdilər.

Yerli kadrlar hazırlayan təhsil müəssisəsinin yaradılmasının təxirəsalınmaz tələbat olduğunu aydın dərk edən Bala Əfəndiyevin, Mehdi Kazımovun, “Zəngi” qəzetinin məsul redaktoru Mustafa Hüseynovun, İrəvanda Azərbaycan ədəbi-mədəni, ictimai-siyasi mühitinin aparıcı simalarından olan Əkbər Rizayevin, Qulam Fərhadovun, Rza Şeyxzadənin, Miryusif Mirbabayevin, Murtuza Muradovun, Əhməd Əhmədovun, Abbas Fərəcovun və başqa qeyrətli ziyalıların təkidi, ciddi səyi və milli iradəsi sayəsində Ermənistan Xalq Maarif Komissarlığı İrəvan Türk Pedaqoji Texnikumunun təşkil edilməsi barədə qərar qəbul etdi.

Beləliklə, 1924-cü ilin oktyabr ayının 15-də daşnak hakimiyyətinin İrəvan Müəllimlər Seminariyasının xələfi olan İrəvan Türk Pedaqoji Texnikumu açıldı.

Texnikumun ilk fəaliyyət dövrünə nəzər saldıqda məlum olur ki, Mehdi Kazımov direktor və rus dili, Bala Əfəndiyev ictimaiyyat, Əsgər Əsgərzadə ana dili, Cəmil Əliyev təbiət müəllimi, Kərim Məhərrəmov isə texniki işlər üzrə köməkçi kimi fəaliyyət göstərmişlər. İrəvanın tanınmış qadın maarifçilərindən olan Bülbül Kazımova texnikumda dərs deyən ilk azərbaycanlı qadın idi.

Təhsil ocağı 1925-ci ildə Nəriman Nərimanov adına İrəvan Türk Pedaqoji Texnikumu adlandırıldı. İrəvanda bütün azərbaycanlı məktəblərində olan problemlər burada da mövcud idi. Heç bir tədris planı, proqramı, dərslik belə yox idi, müəllim kadrları çatışmırdı. Erməni Pedaqoji Texnikumunun binasında fəaliyyət göstərən bu maarif ocağı darısqal bir sinif və iki yataq otağından ibarət idi. Müəllimlər otağı yox idi. Əlavə otaqların ayrılması üçün müvafiq qurumlara edilən müraciətlərə isə heç bir müsbət cavab verilmirdi.

Ermənistanın “bolşevik” cildinə bürünmüş hakimiyyət orqanları nəinki texnikumda, eləcə də Azərbaycan məktəblərində mövcud olan problemlərin və çatışmazlıqların aradan qaldırılması üçün heç bir səy göstərmirdi.

Pedaqoji texnikumda ana dilində kitab, dərslik və dərs vəsaitlərinə, tədris proqramlarına və s. ləvazimatlara böyük ehtiyac olduğu halda, Ermənistan Xalq Maarif Komissarlığı bu tələbatı belə ödəmək istəmirdi.

Bu cür ciddi problemlər səbəbindən 1925-ci ilin sonlarına qədər texnikuma əsaslı qəbul həyata keçirilməmiş, altıaylıq və birillik kurslar fəaliyyət göstərmiş, məktəbin ehtiyaclarını uzun müddət Azərbaycan Xalq Maarif Komissarlığı ödəmişdir. Əşrəf Bayramov, Miryusif Mirbabayev, Məhəmməd Əzimzadə, İsmayıl Babayev kimi ziyalılar bu maarif ocağının dirşəldilməsinə çalışırdılar. Dünya şöhrətli alim, akademik Yusif Məmmədəliyev də ilk əmək fəaliyyətinə bu texnikumda başlamışdı. O, 1926-27-ci illərdə burada kimya-biologiya fənnini tədris etmişdi.

Türk Pedaqoji Tenikumunun 1929-cu ilin iyun ayındakı ilk buraxılışı İrəvanda və bölgələrdə milli maarifimizin böyük uğuru olmuşdur. Lakin onun müstəqil bina ilə təmin edilməsinə, tələbə kontingentinin sayının artırılmasına böyük ehtiyac var idi. 1930-cu illərdə Ermənistanda 7-dən artıq erməni texnikumunun hər biri müstəqil bina, tədris üçün lazımi şəraitlə təmin edildiyi halda, İrəvanda yeganə olan Azərbaycanlı Pedaqoji Texnikumu bu qayğılardan məhrum idi. “Qızıl şəfəq” qəzetində azərbaycanlı məktəblərinə və pedaqoji texnikuma Ermənistan hökumətinin lazımi kömək göstərməməsi, laqeyd münasibət sərgiləməsi barədə kifayət qədər kəskin yazılar dərc olunmuşdu. Texnikumun rəhbərliyi bütün çətinliklərə baxmayaraq, bu təhsil ocağının ahəngdar fəaliyyət göstərməsi üçün imkanlar axtarıb tapırdılar.

İlk dəfə bir neçə müəllimlə fəaliyyətə başlayan İrəvan Türk Pedaqoji Texnikumuna 1934-cü illərdə ali təhsilli müəllimlər cəlb olundu. Azərbaycan dili və ədəbiyyatından Nəsib Əfəndiyev, Müzəffər Nəsirli, Abbas Azəri, tarixdən Nəzər Paşayev, pedaqogika və psixologiyadan Tacirə Bağırova, Zəhra Abbasova, kimyadan Ramazan Əliyev, fizika və riyaziyyatdan Məmməd Həsənov, Zərri Qurbanova, Əziz Əzizov və Kərəm Abbasov kimi ali təhsilli, işıqlı simalar dərs deyirdilər. Texnikum uğurlarını möhkəmləndirərək Cənubi Qafqazda ali məktəb səviyyəsində böyük uğur qazana bilmişdi. İrəvan Türk Pedaqoji Texnikumu 1934-cü ildə Ümumittifaq texnikumlar yarışında birincilik qazanaraq 7 min manat məbləğində pul mükafatına layiq görülmüşdü.

1935-ci ildə Məmməd Səid Ordubadi, Mikayıl Müşfiq, Mehdi Hüseyndən ibarət nümayəndə heyəti İrəvanda səfərdə olarkən İrəvan Türk Pedaqoji Texnikumunun kollektivi ilə görüş keçirmişdilər. Ümumiyyətlə, Azərbaycanın bir çox görkəmli ziyalıları – Cəlil Məmmədquluzadə, Əli Nazim, Mir Cəlal, Yusif Vəzir Çəmənzəminli, Sabit Rəhman, Səməd Vurğun, Məmməd Arif, Nigar Rəfibəyli, Mirvarid Dilbazi, Əbülhəsən, Mikayıl Rəfili, Həmid Araslı, Vəli Xuluflu, Süleyman Rüstəm və başqaları bu təhsil ocağının qonağı olmuşdular.

İrəvanda belə bir məktəbin yaradılması Qərbi Azərbaycanda yaşayan azərbaycanlıların həyatında mühüm hadisə idi. İrəvan Azərbaycanlı Pedaqoji Texnikumunun yaranmasının 15 illik yubileyi 1940-cı ildə dekabr ayının 6-da məktəbin böyük iclas zalında təntənəli şəkildə qeyd edilmişdir. Texnikum 15 ildə azərbaycanlı məktəbləri üçün 1228 müəllim hazırlamışdır. Azərbaycanın bir sıra tanınmış elm, mədəniyyət və ədəbiyyat xadimləri – akademik Budaq Budaqov, AMEA-nın müxbir üzvü Zərifə Budaqova, professorlar Nəzər Paşayev, Əli Fərəcov, Yusif Yusifov, Nəriman Əliyev, Fərhad Fərhadov, Həmid Əliyev, Cəfər Cəfərov, Süleyman Məmmədov, Qurban Bayramov, dosentlər Kövsər Tarverdiyeva, Zəhra Əliyeva, Əməkdar müəllimlər Tapdıq Novruzov, Şəfiqə Məhərrəmova, Bilas Şadlinski, ictimai xadimlər Həbib Həsənov, Məhərrəm Bayramov, Tapdıq Əmiraslanov, Əməkdar rəssam Cabbar Quliyev və başqaları bu təhsil ocağının yetirmələridir.

1948-ci ilin noyabr ayının ortalarına kimi İrəvanda fəaliyyət göstərən İrəvan Azərbaycanlı Pedaqoji Texnikumu təkcə tədris müəssisəsi kimi deyil, eyni zamanda, Qərbi Azərbaycanda ədəbiyyatımızın, mədəniyyətimizin, incəsənətimizin inkişafında, formalaşmasında və qorunmasında böyük rol oynamışdır. Milli təhsil tariximizin ən şanlı səhifələrindən birini təşkil edən İrəvan Azərbaycanlı Pedaqoji Texnikumu da deportasiyaya məruz qalaraq 1948-ci ilin noyabr ayında müəllim və tələbə kollektivi ilə birlikdə Azərbaycanın Xanlar rayonuna köçürülmüşdür.

Bu günlərdə milli təhsil tariximizin şərəfli səhifələrindən biri olan, İrəvan Azərbaycanlı Pedaqoji Məktəbinin 100 illik yubileyi tamam olur. Bu maarif ocağının əlamətdar tarixinin qədirbilənliklə qeyd edilməsi həm təhsil tariximizin öyrənilməsi, həm də bu ziya ocağının şanlı tarixinin gənc nəsillərə çatdırılması baxımından önəmlidir.

Könül HƏSƏNOVA,
filologiya üzrə fəlsəfə doktoru, dosent,

Cəlal ALLAHVERDİYEV,
filologiya üzrə fəlsəfə doktoru, dosent



Sosial həyat