Sadəlikdən doğan böyüklük

post-img

İsa Həbibbəyli – 75

Zəngin pedaqoji və ictimai-siyasi fəaliyyəti ilə tanınan akademik İsa Həbibbəylinin çağdaş Azərbaycan elmi-ədəbi fikrinin inkişafında göstərdiyi xidmətlər təkcə Azərbaycanda deyil, respublikamızın hüdudlarından kənarda da ona böyük nüfuz və rəğbət qazandırmışdır. Akademik İsa Həbibbəylinin XIX əsrin sonu - XX əsrin əvvəlləri Azərbaycan ədəbi-ictimai-fəlsəfi fikir tarixi ilə bağlı apardığı geniş tədqiqatlar müasir dövrümüzdə aparılan və gələcək onilliklərdə aparılacaq çoxsaylı elmi araşdırmalar üçün etibarlı mənbə və istinad nöqtəsi hesab olunur. Görkəmli ədəbiyyatşünas alim, Əməkdar elm xadimi İsa Həbibbəyli müasir Azərbaycan elmi mühitində həm də təhsil qurucusu kimi tanınır. Bu mənada, İsa müəllimin həyatında və yaradıcılığında elm-məktəb-maarif məsələləri üzvi şəkildə birləşmiş aparıcı fəaliyyət xətti olaraq özünü göstərir.

Hələ Yusif Məmmədəliyev adına Naxçıvan Dövlət Universitetinin rektoru olduğu illər ərzində İsa Həbibbəyli “Şərqin qapısı”ndakı bu ali təhsil müəssisəsini yalnız Azərbaycanda yox, qardaş Türkiyədə, eləcə də Türk dünyasında tanıtmağa nail olmuşdu. Onun 2000-ci ildə Azərbaycan, ingilis, fransız, rus və alman dillərində nəşr etdirdiyi “Naxçıvan Dövlət Universiteti” kitabı tələbəlikdən rektorluğa qədər şərəfli yol keçdiyi doğma universitetini dünyaya tanıtmaq və onu dünyanın qabaqcıl universitetləri sırasına çıxarmaq cəhdinin ifadəsi idi. Doğma universitetə bəslədiyi məhəbbətdən doğan bu cəhdlər zamanında öz bəhrəsini vermiş və İsa Həbibbəylinin rektor olduğu illərdə Naxçıvan Dövlət Universiteti dünyanın bir sıra mötəbər universitetləri ilə yaxından əməkdaşlıq etmişdir. 1999-cu ildə ümummilli lider Heydər Əliyevə Yusif Məmmədəliyev adına Naxçıvan Dövlət Universitetinin Fəxri doktoru diplomunu təqdim etmək şərəfi də məhz rektor İsa Həbibbəyliyə nəsib olub.

Həqiqi ziyalıya xas olan sadəlik və təvazökarlıq İsa müəllimin yaradıcılıq tərcümeyi-halında özünəməxsus yer tutur. Onun şəxsiyyəti və xarakteri haqqında yazanlar, danışanlar çox vaxt “Məmməd Cəfər faktoru”na xüsusi diqqət yetirirlər. Akademik Bəkir Nəbiyev yazırdı ki, “İsa Həbibbəyli akademik Məmməd Cəfər Cəfərovun məşhur “Ədəbiyyat nəzəriyyəsi” şöbəsinin yetirməsi və hamımızın müəllimi, mənəvi atamız olmuş Məmməd Cəfərin ən layiqli davamçısıdır”.

Hələ 1970-ci ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutu Naxçıvan filialının tələbəsi olarkən Naxçıvanda keçirilən “Elm günləri”ndə Azərbaycan ədəbiyyatşünaslığının mütəfəkkir patriarxı ilə tanış olmuş İsa Həbibbəyli onu özünə “əbədi müəllim” seçmiş və bu səmimi müəllim-tələbə münasibətləri uzun zaman davam edərək örnək səviyyəsinə yüksəlmişdir.

AMEA-nın müxbir üzvü Kamran Əliyev yazır ki, “akademik Məmməd Cəfər Cəfərov faktoru İsa Həbibbəylini təkcə elmi yaradıcılığa həvəsləndirməmiş, həm də onun sadəlik və müdrikliyi özündə cəmləşdirən şəxsiyyət kimi formalaşmasına nüfuz etmişdir... İsa Həbibbəylinin fikrincə, “sadəliyin nə qədər böyük mənəvi sərvət olduğunu akademik Məmməd Cəfər Cəfərova məxsus klassik sadəlik isbat etdi. Yalnız özünü dərk etmiş, şəxsiyyət etibarilə kamil olan insanlar bu qədər sadə ola bilərlər”. Təkcə bu fikirlər İsa müəllimin sadəliyindən doğan böyüklüyünü xarakterizə etmək üçün kifayət edir.

İsa Həbibbəylinin elmi yaradıcılığı onun elmi baxışlarını və ictimai-siyasi görüşlərini tam dolğunluğu ilə əks etdirir. Onun "Xoş gördük, Mirzə Fətəli Axundzadə!", "Mirzə Fətəli Axundzadənin ədəbiyyat nəzəriyyəsi görüşləri və "nazimi-ustad" məsələsinə yenidən baxış" məqalələri Axundovşünaslıqda yeni bir mərhələ olmaqla yanaşı, həm də hörmətli İsa müəllimin mütərəqqi maarifpərvər dünyagörüşünü sərgiləyir.

"Üzeyir Hacıbəyov əfsanəsi" və "Rəşid bəy Əfəndiyevin iki məktubu"nda İsa müəllimin milli maarifçilik görüşləri öz əksini tapırsa, Rudolf İvanovun "Ölüm döyüşü"nün təhlilində mədəni maarif məsələləri daha geniş planda və bəşəri aspektdə diqqət mərkəzinə gətirilir. İsa Həbibbəylinin yaradıcılıq diapazonu kifayət qədər genişdir. Onun elmi yaradıcılığının ən mühüm hadisəsi isə, heç şübhəsiz, müəllifinə böyük şöhrət qazandırmış “Cəlil Məmmədquluzadə: mühiti və müasirləri” mövzusunda apardığı fundamental və məhsuldar araşdırmadır. Mirzə Cəlil nəslinin davamçılarını, eləcə də dahi ədibin o zamana qədər məlum olmayan əsərlərini ölkə ictimaiyyətinə tanıtdıran tədqiqatçı bu məqsədlə dünyanın bir sıra ölkələrində tədqiqatlar aparmış, neçə-neçə arxivlərdə toz basmış səhifələri dönə-dönə vərəqləməli olmuş, “mühit və müasirlər” kimi həm sosial, həm də intellektual yönləri olan çox mürəkkəb bir problemin nümunəvi həllinin çox dəyərli bir təcrübəsini yaratmışdır. Təxminən on beş illik gərgin axtarışların nəticəsində meydana çıxan və 1996-cı ildə İsa Həbibbəyliyə “Filologiya elmləri doktoru” elmi dərəcəsini qazandıran “Cəlil Məmmədquluzadə: mühiti və müasirləri” monoqrafiyası Azərbaycan ədəbiyyatşünaslığının klassik əsərləri sırasında şərəfli yer tutmaqdadır.

Belə əsərlər yalnız intellektual düşüncənin və zəhmətkeşliyin deyil, eyni zamanda, alimin gördüyü işə sevgisinin nəticəsində yaranır. Hər bir alimin fəaliyyəti onun intellektual qabiliyyətləri və zəhmətkeşliyi ilə yanaşı, həm də öz peşəsinə və gördüyü işə məhəbbəti ilə tamamlandıqda daha məhsuldar olur və beləcə, gələcək dövrlər üçün uzun müddət istinad olunacaq dəyərli elmi əsərlər doğulur. Bu mənada, İsa müəllimin yaradıcılığında düşüncə, fikir, istedad, zəhmətkeşlik və ən əsası, öz peşəsinə məhəbbət və sədaqət bir-birini tamamlayır və müəllifin fədakar tədqiqatçı, təvazökar alim və sadə insan obrazını yaradır.

Görkəmli akademik İsa Həbibbəylinin çoxşaxəli fəaliyyəti dövlət tərəfindən yüksək qiymətləndirilib və o, bir sıra digər təltiflərlə yanaşı, həm də Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə birinci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib. İsa Həbibbəyli 10-dan çox xarici ölkə akademiyasının üzvü və bir sıra xarici ölkə universitetlərinin Fəxri doktorudur. İsa Həbibbəylinin bir sıra beynəlxalq təşkilatlar və xarici ölkələr tərəfindən beynəlxalq mükafatlara və fəxri adlara layiq görülməsi, orden və medallarla təltif olunması onun elmi yaradıcılığına beynəlxalq səviyyədə marağın göstəricisidir.

Bütün bunlar İsa Həbibbəylini fədakarlıqdan, sadəlikdən və təvazökarlıqdan uzaqlaşdıra bilməyib. Tanıyanların gözündə onu böyüdən və ucaldan da məhz budur – sadəlikdən doğan böyüklük.

Akademik İsa Həbibbəylinin əsl vətəndaşlıq mövqeyi onun doğulub boya-başa çatdığı diyara - Naxçıvana sonsuz övlad məhəbbətində və təəssübkeşliyində də özünü göstərir. Belə bir təəssübkeşlik yalnız o şəxslərdə olur ki, onlar bütün dünyanı doğulduqları diyar, doğulduqları diyarı isə bütün dünya qədər sevməyi bacarırlar. İsa müəllim doğma ocağına bəslədiyi təbii məhəbbəti həyatı boyu özü ilə bərabər böyüdərək Vətənə, dünyaya və bütün insanlığa qarşı sevgiyə çevirə bilən nadir şəxsiyyətlərdən biridir.

Bu yazımı Milli Məclisdə üzv olduğum son 15 il ərzində həmkarlarımız tərəfindən İsa müəllimə göstərilən böyük ehtiramın və rəğbətin şahidi kimi yazıram. Ona görə də əminəm ki, bu yazı təkcə mənim yox, onu yaxından tanıyan yüzlərlə, minlərlə insanın İsa müəllim haqqında düşüncələrini və fikirlərini ifadə edir.

Hörmətli İsa müəllimi 75 illik yubileyi münasibətilə təbrik edir, ona möhkəm cansağlığı, ictimai-siyasi və elmi yaradıcılıq fəaliyyətlərində davamlı uğurlar arzulayıram!

Cavanşir FEYZİYEV,
Milli Məclisin deputatı, fəlsəfə doktoru

Mədəniyyət