COP29 Könüllülük Proqramı çərçivəsində COP29 iqlim konfransına könüllülərin cəlb edilməsi istiqamətində seçimlər yekun mərhələyə çatdırılıb. Belə ki, COP29 könüllülərinin konfransda iştirakı üçün tələb olunan bilik və bacarıqların təkmilləşdirilməsi istiqamətində mühüm olan “rol təlimləri” mərhələsi yekunlaşıb.
COP29 Əməliyyat Şirkətindən bildirilib ki, ötən aylar ərzində COP29 Könüllülük Proqramının iştirakçılarının COP29 konfransına hazırlıq mərhələsində hərtərəfli məlumatlandırılması və səriştələrinin artırılması məqsədilə onlara fərdi inkişaf, dayanıqlılıq, iqlim dəyişmələri, ətraf mühitin mühafizəsi və COP29 prosesi kimi mühüm mövzuları əhatə edən bir sıra müxtəlif ümumi təlimlər keçirilib. Ümumi təlim mərhələsini uğurla başa vuran könüllülər xüsusi “rol təlimləri”nə cəlb ediliblər.
Xüsusi “rol təlimləri” könüllülərin COP29 konfransı zamanı icra edəcəyi konkret vəzifə və öhdəlikləri ehtiva etməklə, COP29 Azərbaycan Əməliyyat Şirkətinin müvafiq aidiyyatı struktur bölmələrinin mütəxəssisləri tərəfindən keçirilib. Həmin mərhələdə könüllülər fəaliyyət göstərəcəkləri struktur bölmələrlə tanış olub, komanda üzvləri ilə görüşüb və COP29 ərzində vəzifə öhdəlikləri barədə məlumatlandırılıblar. Təlim mərhələsinin nəticəsinə uyğun olaraq Əməliyyat Şirkətinin 17 departamentində, ümumilikdə, 35 istiqamət üzrə çalışacaq 3 min könüllü seçilib. Həmin könüllülər oktyabrın 14-dən etibarən mərhələli şəkildə qonaqlama xidmətləri, nəqliyyat, logistika və digər əməliyyat istiqamətləri üzrə fəaliyyətə cəlb olunacaqlar.
Noyabrın 3-dən isə könüllülərin iştirakı ilə Bakı Stadionunda proqramın yekun mərhələsi olan məkan təlimləri başlayacaq. Həmin mərhələdə könüllülər bilavasitə tədbir məkanının infrastrukturu, Mavi və Yaşıl zonalar olmaqla, müxtəlif sahələr ilə əyani tanış olacaq, ərazidə müxtəlif funksiyaları təmsil edən könüllülər koordinasiyalı şəkildə çalışma bacarıqları üzərində işləyəcəklər.