Meymunçiçəyinin ölkəmizdə yayılma ehtimalı yoxdur

post-img

Son günlər yerli və xarici mətbuatda “Mpox” viruslar ailəsindən “Ro” in­deksi – yoluxduruculuq qabiliyyəti yüksək olan yeni “Glade 1b” ştammının yayılması barədə həyəcanlı xəbərlər verilir. Bildirilir ki, qabaqlayıcı tədbirlər görülməzsə, dünya miqyaslı ağır nəticələr istisna olunmur. Artan narahatlığı nəzərə alaraq, Azərbaycan Tibb Universitetinin farmakologiya kafedrasının müdiri, tibb elmləri doktoru, “XQ”-nin tibb üzrə eksperti Musa Qəniyevə müraciət etdik. Professor infeksiyanın elmi-tibbi mahiyyətini belə açıqladı:

– İngiliscə meymunçiçəyi virusu “monkeypox virus” adlanır. “Mpox” onun qısa adıdır. Yəni “Mpox” elə meymun­çiçəyi virusu deməkdir. Bu yeni ad ona Ümumdünya Səhiyyə Təşkilatının tövsiy­yəsilə 2022-ci ilin noyabr ayında verilmiş­dir. Söhbət hansısa yeni virusdan getmir. “Glade” sözü isə xəzinə, ocaq, yəni viru­sun endemik məkanı deməkdir. “Glade I”, meymunçiçəyi virusunun Mərkəzi Afrika, Glade II isə Qərbi Afrika ştammlarıdır. Yəni burada da yeni bir məqam yoxdur.

“Glade Ib” ÜST-nın bəzi ekspertlərinin söylədiyi kimi, 2022-ci ildə yayılan “Gla­de II”nin deyil, Mərkəzi Afrika ştammının, yəni “Glade I”in mutantıdır. Onun 4 struk­tur elementindən üçünün – E-örtük təbəqə, N-nukleokapsid və M-membran-, nuklein ardıcıllığı və kəmiyyət sıralanması ana vi­rusdan fərqlənmir, birə-bir yenilikdir. 

Sıralanmada nisbi fərqlilik “S-spayka” zülalında müşahidə edilir. Bu hal letallığın zəifləməsi, “Ro” indeksinin nisbi artımının təsdiqidir. “S-spayka” zülalında baş verən “nöqtə mutasiyası” “Glade Ib”nin hormo­nal sistem və əlaqə toxumalara affinliyin­də nisbi fəallığa səbəb olub. Bunu virusun insandan insana yoluxmasında əsas yolun təmas – qucaqlaşmaq, öpüşmək, intim yaxınlıq olduğunu söyləyən ÜST ekspert­lərinin ortaq qənaəti də təsdiq edir. İddia olunur ki, intim yaxınlıqda yoluxma ris­ki, hətta xəstəlikdən sağaldıqdan sonra 12 həftə müddətində də saxlanılır. 

Musa Qəniyev bu virusla bağlı öncə də məlumat verdiyini, mövzuya təkrar qayıt­mağın vacibliyini belə əsaslandırdı:

– Bilirik ki, ali məktəblərdə dərslərin başlanmasına sayılı günlər qalıb. Rəs­mi statistikaya görə, yeni tədris ilində dünyanın 93 ölkəsindən 7 min 700 tələ­bə bakalavr, magistr və s. üzrə ölkəmizə qayıdacaq. Bu tələbələr arasında Afrika ölkələrindən olan tələbələr də az deyil. Odur ki, bütün hallarda diqqətli olmalı və sayıqlıq itirilməməlidir.

Düzdür, bu virusun yayılmasına səbəb olan bir çox “anormal” ünsiyyət formala­rı xalqımıza yaddır. Yalnız görüşərkən, qucaqlaşıb öpüşmək hələ də qalır. Mən bu haqda dəfələrlə yazıb xəbərdarlıq etmişəm. Bir daha bildirirəm ki, tək “Mpox” deyil, istənilən virusdan 90 – 95 faiz qorunmanın yeganə yolu əks cinslərin, xüsusən, kişilə­rin opüşməsi kimi arzuolunmaz haldır. Bu vərdişə birdəfəlik son qoyulmalıdır.

“Mpox” infeksiyasına gəlincə, deyə bilərik ki, hazırda dünyada bu virusa yo­luxma 0,0006 faiz, ölüm halı isə, 0,00002 faiz nisbətindədir. Yəni bu virusun ende­mik ocağından xaric, dünyada, hətta, epi­demiya törətmək ehtimalı belə yoxdur. 

Azərbaycanda isə, bu ehtimal mütləq sıfır faizdir.

Professorun fikirlərinə əlavə olaraq qeyd edək ki, ölkəmizə virusun gəlmə eh­timalı nə qədər az olsa da, insanlarda təş­viş, həyəcan var. Bu, ondan irəli gəlir ki, xalqımız, eləcə də bütün dünya əhalisi CO­VID-19 pandemiyası kimi bəla ilə üzləşdi. Nə qədər insan həyatını itirdi.

Pandemiyanın insanlara mənfi təsiri tam sovuşmayıb və mütəxəssislərin fik­rincə, fəsadlar hələ uzun müddət özünü göstərəcək. Belə problemlər yaşanmasın deyə ayıq-sayıqlığı əldən vermək olmaz. Azərbaycanın səhiyyə qurumları da hər hansı infeksiyanın qarşısını almağa həmişə səfərbərdir. Ölkədə isə, hələlik, epidemio­loji durum sabitdir. 

Zərifə HÜSEYNOVA
XQ

Sosial həyat