Sosial yeniliklər

post-img

Qarabağda 112 özəl məşğulluq qurulub

Dövlət Məşğulluq Agentliyi işğaldan azad olunan ərazilərimizə köçürülən sa­kinlərlə bağlı fəal məşğulluq proqramla­rını davam etdirir. 

Agentlikdən XQ-yə bildiriblər ki, özü­nüməşğulluq proqramı çərçivəsində 112 nəfərə mal və materiallar verilərək onlara kiçik ailə təsərrüfatları qurulub. Bu dəstək Füzuli, Şuşa, Xocalı, Laçın, Ağdərə, Zən­gilan rayonlarını əhatə edib. 

537 şəxs üçün peşə kursları 

Agentlik 537 nəfərə isə peşə hazırlığı kursları təşkil edib. Onlardan 302 nəfər agentliyin Bakı, Gəncə, Göyçay və Qa­rabağ Peşə Hazırlığı Mərkəzlərində, 235 nəfər isə özəl tədris müəssisələrində təlim keçəcəklər. 

Kurslarda əmək bazarının tələblərinə uyğun peşələr üzrə nəzəri biliklər öyrədil­məklə yanaşı, müəssisələrdə təcrübə keç­mək imkanı da yaradılıb. Peşə məşğələlə­rinin təşkilində 142 özəl tədris müəssisəsi ilə əməkdaşlıq edilir. Kursların sonunda məzunlara sertifikatlar təqdim edilir və on­ların yiyələndikləri peşələr üzrə işləmələ­rinə dəstək göstərilir. 

Naxçıvanda da DOST mərkəzi yaradılır

Naxçıvan Muxtar Respublikasında da DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin yaradılması nəzərdə tutulur. Yaxın günlərdə mərkəzin layihələndiril­məsinə başlanacaq.

Mərkəz muxtar respublikada yaşayan əlillərin, şəhid ailələri üzvlərinin və digər həssas qruplara aid şəxslərin bilik və ba­carıqlarının yüksəldilməsinə və sosial in­teqrasiya imkanlarının artırılmasına dəstək göstərəcək. 

Bərdədə bərpa xidmətləri 

Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi Bərdədə yerləşən Qarabağ Regional DOST Mərkəzindəki “RehaPoint” bərpa məntəqəsində bölgə sakinlərinə ambulator xidmətlər göstərir.

2023-cü il dekabrın 1-dən fəaliyyət göstərən məntəqədə indiyədək 1000-dən çox şəxs tibbi-bərpa xidmətləri ilə təmin edilib. Əlillər burada ambulator formada müalicəvi bədən tərbiyəsi, əmək terapi­yası, psixoloq və loqoped xidmətlərindən yararlanırlar.

Məntəqədə əlillər bərpa vasitələri ilə də təmin edilirlər. Ötən dövrdə məntəqədə əlillərə 500-dək köməkçi avadanlıq verilib. 

Zərifə HÜSEYNOVA
XQ





Sosial həyat