Bakıda “I Beynəlxalq Şah İsmayıl Xətai konfransı”

post-img

Qüdrətli hökmdar, sufi filosof və istedadlı şairin irsinə yeni baxış

Orta əsrlərin möhtəşəm Azərbaycan Səfəvi dövlətinin qurucusu, qızılbaş sufi təliminin yaradıcısı, anadilli xalq şeirini yazılı poeziyamıza gətirmiş Şah İsmayıl Xətainin vəfatının 500 illiyi ölkəmizdə və Türk dünyasında geniş qeyd edilir.

AMEA Tarix və Etnologiya İnstitutu­nun Türkiyənin Hacəttəpə Universiteti ilə birgə təşkil etdiyi I Beynəlxalq Şah İsmayıl Xətai konfransı bu tarixi fenomenə çağdaş baxışın zənginliyini və rəngarəngliyini əks etdirdi. Qardaş ölkədən gəlmiş alimlərin və türkdilli xətaisevərlərin iştirak etdiyi elmi məclisdə çoxsaylı məruzə və çıxışlar dinlənildi, geniş müzakirə aparıldı.

Dünən AMEA Mərkəzi Elmi Kitabxa­nasında keçirilən açılış iclasında giriş sözü söyləyən Tarix və Etnologiya İnstitutunun direktoru, professor Kərim Şükürov bildir­di ki, bugünlərdə ölkəmizdə və xaricdə Şah İsmayıl Xətainin əbədiyyətə qovuşmasının 500 illiyinə həsr edilmiş elmi məclislər­də və anım mərasimlərində daha bir türk imperiyası qurmuş qüdrətli hökmdarın, di­ni-siyasi cərəyan yaratmış filosofun və is­tedadlı şairin zəngin siyasi-ədəbi irsi yeni gerçəkliklər baxımından nəzərdən keçirilir, bu nadir şəxsiyyətin Azərbaycan və Dünya tarixindəki yeri bir daha dürüstləşdirilir.

Alim qeyd etdi ki, Səfəvilər imperiya­sının timsalında mərkəzləşmiş Azərbaycan dövlətinin yaranması orta əsrlərdə yeni dövrün, milli-mənəvi proseslərin başlan­ması ilə müşayiət olunub. Çağdaş Azər­baycan tarixçilərinin qarşısında duran ən vacib vəzifələrdən biri Səfəvilər dövrünə Dünya tarix elmi müstəvisində baxmaq, yenidən tarix yazmaqdan daha çox yazı­lanları obyektiv şəkildə qiymətləndirmək, düzgün nəticələr çıxarımaqdır. Bu məqsəd­lə indiki məclisin davamı olaraq ölkəmizdə 2–3 ildən bir “Beynəlxalq Şah İsmayıl Xə­tai konfransı” keçiriləcək.

Konfransda Azərbaycanda “səfəvi­şünaslıq” məktəbinin formalaşmasında görkəmli alimlərimiz Oqtay Əfəndiyevin, Şahin Fərzəliyevin və başqalarının xüsusi rolunun olduğu, ölkəmizdə yeni “xətaişü­naslar” nəslinin yetişdiyi vurğulandı. Qeyd edildi ki, Tarix və Etnologiya İnstitutunda ötən ay dünyasını dəyişmiş Şahin Fərzə­liyevin xatirə mərasimi keçiriləcək, onun tərcümə edib hazırladığı “Əhsənul-təva­rix” əsərinin təqdimatı olacaq. 

Konfransda Türkiyənin Hacı Bayram Vəli Universitetinin professoru Əhmət Taşğın Şah İsmayıl Xətainin hakimiyyə­tinin, siyasi-hərbi, eləcə də yaradıcılıq fəaliyyətinin türk–müsəlman dünyasına böyük təsir göstərdiyini, onun tarixdəki rol və mövqeyinin yenidən dəyərləndiril­məsinin vacib olduğunu söylədi. Məclisə onlayn qoşulan Hacəttəpə Universitetinin professoru Ceng Güray bildirdi ki, Şah İs­mayılın hökmdar kimi siyasi kimliyi, eləcə də şair obrazı daim maraq doğurur və tə­dqiqatlarda bu 2 irsin bir-birinə sıx bağlı öyrənilməsi zəruridir.

Plenar iclasın sonunda Xətai heyranla­rı Əziz Ərdoğan və Fəxrəddin Saleh Şah İsmayılın məfkurəvi şeirlərini saz havala­rının müşayiəti ilə ifa etdilər.

Conra professorlar Eynulla Mədətli, Mehman Süleymanov, Namiq Musalı, Fü­zuli Bayat, Tofiq Nəcəfli və Əhmət Taşğı­nın moderatorluğu ilə davam edən 2 bölmə iclasında Şah İsmayıl Xətainin həyatı və fəaliyyətinin indiyədək az bəlli olan fakt və hadisələrini, onun barəsində tarixi mən­bələri incələyən, fərqli baxışlara aydınlıq gətirən çoxsaylı məruzə dinlənildi, geniş müzakirə aparıldı. 

Konfransın bağlanışında aparılan elmi diskussiyaların Şah İsmayıl Xətai irsinə yeni baxışı əks etdirdiyi vurğulandı, xətai­şünaslığın inkişaf istiqamətlərinə və prob­lemlərinə nəzər salındı.

Tarix və Etnologiya İnstitutunun elmi işlər üzrə direktor müavini Tofiq Nəcəfli XQ-yə qısa müsahibəsində beynəlxalq konfransın önəmini belə açıqladı:

– 50-dan artıq tanınmış alim və mütə-xəssisin, rəsmi dəvət olunmuş qonaqların iştirak etdiyi bu konfransda Azərbaycan tarixçiləri ilə yanaşı, Türkiyə, Qazaxıstan, Özbəkistan, Avstriya, Böyük Britaniya və İran İslam Respublikasından 30 nəfər alim maraqlı məruzələrlə çıxış etdilər.

Dinlənilən məruzələr arasında Şah İs­mayıın tarixi şəxsiyyəti, qızılbaşlıq ideo­logiyası, görkəmli hökmdarın ədəbi-fəlsəfi irsi, xarici siyasəti kimi mövzular aparıcı yer tutdu. Konfrans bir daha göstərdi ki, ilk mənbələri öyrənməklə Azərbaycan tarixi­nin ayrı-ayrı dövr, hadisə və şəxsiyyətlərini dərindən və əhatəli tədqiq etmək mümkün­dür. Xalqımızın tarixində əsrlər boyu vahid məkanda yaşayan, eyni dildə danışan və ümumi dəyərlərə şərik olan nəsillərini mil­li dövlətlər qurmağa səsləyən şəxsiyyətlər çox olmuşdur. Belə korifey simalardan biri də Şah İsmayıldır. Həqiqi alimlər, nüfuzlu tarixçilər üçün Şah İsmayıl böyük dövlət xadimi və istedadlı sərkərdə olaraq qalır. Xalqımızın 5 əsr əvvəlki tarixində isə Şah İsmayıl Azərbaycan torpaqlarını birləşdir­miş, mərkəzləşdirilmiş Azərbaycan dövlə­tini yaratmış şəxsiyyətdir.

Səfəvilər imperiyası Şah İsmayılın rəh­bərliyi altında orta əsrlərin ən yüksək mər­hələsi kimi əvvəlki və sonrakı Azərbaycan dövlətləri silsiləsində ən önəmli vəsilə ol­muşdur. Bu siyasi qurum milli dövlətçiliyin əsasını formalaşdırmaqla Azərbaycan türk tayfalarını birləşdirmiş, siyasi və idarəçilik ənənələrini sonrakı nəsillərə ötürmüşdür.

Azərbaycan xalqının dövlətçilik ta­rixində böyük bir tarixi dövrü (235 il) əhatə edən qüdrətli Səfəvi imperiyası və onun yaradıcısı görkəmli dövlət xadimi Şah İsmayıl Səfəvi xüsusi yer tutur. Öz dövrünün beynəlxalq münasibətləri ta­rixində çox mühüm rol oynayan bu Azər­baycan imperiyası ümumdünya tarixində də dərin iz qoyub. Elə buna görə də Səfəvi tarixi heç zaman öz aktuallığını itirməyib. Şah İsmayıl Səfəvi irsi nüfuzlu tarixçilərin tədqiqat obyekti olaraq qalmaqdadır. 

Nəhayət, konfrans iştirakçılarının ümumi qənaəti bu oldu ki, Azərbaycan dövlətçilik tarixində önəmli rol oynayan Şah İsmayıl Səfəvi irsinin layiq olduğu səviyyədə öyrənilməsi üçün yeni bir elmi format ortaya qoyan bu konfrans davamlı olaraq keçirilsin.

Tahir AYDINOĞLU
XQ



Son xəbərlər