Sumqayıt Teatrı: “Missiya” + “Xeyir xəbər”

post-img

Artıq 55 illik yaradıcılıq yolu keçmiş Sumqayıt Dövlət Dram Teatrı yeni mövsümün açılışını 44 günlük Vətən müharibəsində Böyük Qələbəyə həsr olunan iki tamaşa ilə gerçəkləşdirəcək.

Sentyabrın 20-dən etibarən teat­rın səhnəsində nümayiş olunacaq ta­maşalardan biri yazıçı-dramaturq Hafiz Ataxanlının “Missiya” mistik qəh­rəmanlıq dramıdır. Tamaşaya Xalq ar­tisti Firudin Məhərrəmov quruluş verib. Səhnə əsərinin rəssamı Elşən Sərxan-oğludur.

Tamaşada Xüsusi Təyinatlı Dəstənin zabiti Şuşa uğrunda döyüşlərdə ağır yara­lanaraq, komaya düşür və ruhlar aləmində 1-ci Qarabağ müharibəsində şəhid olmuş atasını görür. Onlar müharibə haqqında xəyali söhbət edirlər. Əsər xoş müjdə ilə, nikbin ruhda başa çatır.

Tanınmış dramaturq, Əməkdar in­cəsənət xadimi Əli Əmirlinin “Xeyir xə­bər” əsəri də açılış günləri üçün nəzərdə tutulub. Tamaşanı gənc rejissor Fuad Ca­vadzadə hazırlayıb. Əsər İkinci Qarabağ müharibəsində canlarından keçmiş şəhid­lərimizin əziz ruhlarına, qələbənin əldə edilməsində xüsusi rolu olan müharibə ve­teranlarına, qazilərimizə ithaf olunub.

Teatrın baş rejissoru Firudin Məhər­rəmov bizimlə söhbətində dedi: 

– Yeni mövsümün əvvəlində Sumqayıt səhnəsində daha bir neçə əsər oynanılacaq. Georgi Xuqayevin “Varlı ev” psixoloji dra­mı dövlət sifarişi ilə hazırlanıb. Artıq son məşqlər gedir, dekorasiyalar qurulur. Mə­nim quruluş verdiyim həmin tamaşanın ilk nümayişi oktyabrın 5-də olacaq. Bundan əlavə, teatrda Qərbi Azərbaycan İcması­nın sifarişi ilə yazıçı-dramaturq, Əmək­dar incəsənət xadimi Hidayət Orucovun “İrəvanda nəyim qaldı” əsəri də mənim qu­ruluşumda səhnəyə hazırlanır. İctimai-si­yasi, tarixi-ideoloji yüklü tamaşanın prem­yerası oktyabrın sonunda keçiriləcək.

Türk dünyasının ünlü yazıçısı Çingiz Aytmatovun “Dəniz kənarı ilə qaçan ala­baş” povesti əsasında hazırlanan tamaşanı isə ilin sonu üçün təhvil verməyi nəzərdə tuturuq. 

Rejissor Fuad Kazımov da yeni layihə üzərində işləyir. Milli Qəhrəman Natiq Qasımova həsr olunmuş monotamaşanın məşqlərinə yaxın günlərdə start veriləcək. Sumqayıt teatrı yeni mövsümdə də uşaq və yeniyetmələri unutmayacaq. Şarl Perronun “Sehrin gücü” macəra tamaşası hazırlıq prosesindədir. Premyerası oktyabrın 2-ci yarısında baş tutacaq. 

Ə.DOSTƏLİ 
XQ



Mədəniyyət