Ədalət simvolu olan Həsən müəllim

post-img

Görkəmli hüquqşünas, uzun illər Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi və sədr müavini olmuş Həsən Əliyevin 100 yaşı tamam olur. Ömrünü insanların hüquq və azadlıqlarının ədalət prinsipi ilə qorunmasına həsr etmiş Həsən müəllimonu tanıyanların xatirəsində ədalətli və prinsipial hakim, etibarlı dost, vicdanlı hüquqşünas, qayğıkeş valideyn kimi yaşayır.

​Həsən Hüseyn oğlu Əliyev 1924-cü ildə anadan olmuş, gənc yaşlarında Böyük Vətən müharibəsinə göndərilmiş, göstərdiyi hərbi rəşadətlərinə görə çoxsaylı orden və medallarla tərtif olunmuşdur. O, müharibədən sonra Azərbaycan Dövlət Universitetinin (indiki BDU)  hüquq fakültəsini bitirmiş, otuz üç yaşına qədər hərbi tribunalda, nəqliyyat prokurorluğunda, Zaqavqaziya xətt-nəqliyyat məhkəməsinin hakimi və Bakı xətt-nəqliyyat məhkəməsində sədr vəzifələrində işləmişdir. 1957-ci ildə Azərbaycan Respublikasının Ali Məhkəməsinəüzv seçilmiş və 1990-cı ildə pensiyaya çıxana kimi orada çalışmışdır. 1972-80-ci illərdə Ali Məhkəmənin sədr müavini olmuş, birinci ixtisas dərəcəli hakim idi.

Ali Məhkəmədə 33 il fasiləsiz çalışan Həsən Əliyevi Ali Məhkəmənin sabiq sədri, görkəmli hüquqşünas mərhum Abdulla İbrahimov belə xatırlayırdı: 

- Həsən Əliyevlə Ali Məhkəmədə 18 il birgə işləmişik. Mən sədr olmuşam, o da müavin. Həsənin ən gözəl cəhətlərindən başlıcası iki əsas məhfuma yanaşmasında idi: səlahiyyət və hakimiyyət. Bir çox hallarda müəyyən vəzifəyə təyin olunmuş adamlar bunu ayırd edə bilmədiklərindən qanunsuzluğa, ədalətsizliyə yol verirlər. Cünki, hər bir şəxsə vəzifə verildiyi kimi səlahiyyət də verilir. Səlahiyyət isə hakimiyyət çərçivəsində həyata keçirilir. O şəxslər ki, vəzifəsini yerinə yetirərkən səlahiyyətlərindən istifadə edir, onlar ədalətlidir, əksinə, səlahiyyət xaricində öz vəzifə hakimiyyətindən istifadə edənlər isə özbaşınalığa, qanunsuzluğa, sui-istifadəyə yol verə bilirlər. Həsənin də ən nümunəvi cəhəti, məhz, bütün fəaliyyətini səlahiyyəti çərçivəsində həyata keçirməsində idi. Mən fəaliyyətim boyu heç kimdə Həsən Əliyev qədər səlahiyyətinə sadiq şəxsə rast gəlməmişəm.

 ​Bütün bunlarla yanaşı, o, həm də son dərəcə ədalətli hakim idi. Uzun müddət məhkəmə sistemində çalışan bir şəxs kimi deyərəm ki, Həsən kimi yüksək təfəkkürə malik hüquqşünas tanımıram. O, cinayət işini oxumağa, sübutları qiymətləndirməyə, təhlil etməyə və düzgün nəticə çıxarmağa nail olurdu. Öz şəxşi zənnlərinin əsiri olmadığına görə də obyektiv, prinsipial və ədalətli hakim idi.

Həsən Əliyev Azərbaycanın görkəmli hüquqşünasları Məmməd Xələfov və Murtuz Ələsgərovla birinci sinifdən bir yerdə oxumuş və uşaqlıq dostu olublar. Orta məktəbi bitirdikdən sonra hər üçü ADU-nun hüquq fakültəsinə daxil olublar. Yaşadıqları illər ərzində bu dostluq tədricən ailəvi dostluğa çevrilərək ömürlərinin sonunadək davam etmişdir.  Azərbaycan Respublikası Milli Məclisinin sabiq sədri, əməkdar hüquqşünas, hüquq elmləri doktoru, professor Murtuz Ələsgərov dostu Həsən müəllimi belə xatırlayırdı:

 - Biz uşaqlıqdan üç dost olmuşuq: Məmməd Xələfov, Həsən Əliyev və mən. Orta məktəbi də, ali məktəbi də birgə oxumuşuq. Həsən həmişə tələbələr arasında öz zəkası, seminarlarda cavab vermək bacarığı, hər bir mühazirə ətrafında analitik diskusiya açmaq istedadı ilə hamıdan fərqlənirdi. Ali məktəbi bitirdikdən sonra o, məhkəməyə işə keçdi, Məmməd Xələfovla mən isə aspiranturaya daxil olduq. Müvvəqqəti ayrılmağımıza baxmayaraq, yenə də həmişə olduğu kimi əlaqə saxlayır, görüşürdük. O, görkəmli hüquqşünas olmaqla yanaşı, həm də sadiq ailə başçısı, gözəl ata idi. Ailəsi, övladları barədə sonsuz sevinc və vurğunluqla söz açardı.

Tale belə gətirdi ki, mən Bakı Dövlət Universitetinin rektoru vəzifəsindən Milli Məclisə sədr gəldim. Burada işləyən, Konstitusiya qanunvericiliyi şöbəsinin müdiri, dostum Həsən Əliyevin oğlu Namiq ilə birgə çalışmalı oldum. Açığını deyim ki, Namiq mənə qabiliyyəti, tərbiyəsi, hüquqi savadı ilə atası Həsəni xatırladırdı. Rəhmətlik Həsənlə  daima əlaqə saxlayırdıq və mən bilirdim ki, onun simasında sədaqətli və etibarlı bir dostum var. Onun ölümü isə hamımız üçün gözlənilməz oldu. 

Dostları, həmkarları və tələbələri deyirdi ki, Həsən müəllim daim ədalət axtarışında idi. İcraatında olan cinayət işlərinin hər detalına, cümləsinə qədər araşdırar, nəticə çıxarmağa tələsməz, tam əmin olandan sonra qərar verərdi. Həsən Əliyevin həmkarlarından biri də görkəmli hüquqşünasımız, Azərbaycan Respublikasının Baş prokurorun müavini və Milli Məclisi sədrinin müavini olmuş mərhum Zakir Zeynalov idi. Z. Zeynalovun dediklərindən: 

- Həsən müəllim əsl hakim idi. Davranışı da, mədəniyyəti də, özünü aparması da nümunə idi. Öz iradəsini zorla başqasına yeritməyə çalışmaz, həmkarlarının fikrini öyrənərdi. Ali həqiqət harda idisə, Həsən müəllim də məhz orda dururdu. Mən onun bir dəfə də olsun haqsız qərar qəbul etdiyini görməmişəm.

O, həm də son dərəcə qayğıkeş və mehriban insan idi. Ən gərgin anlarda belə səsini qaldırdığını eşitməmişdim. Həmişə təmkinli, səbrli və gülərüz olan Həsən müəllim öz tabeçiliyində olanlara qarşı da qayğıkeş idi. Poetik dildə desək, belə insanlar insanların bəzəyidir. Heç şübhəsiz ki, onu tanıyanların qəlbində Həsən müəllimin işıqlı xatirəsi həmişə yaşayacaqdır.

Azərbaycanın hüquq sistemində tanınmış hüquqşünaslardan olan mərhum Vaqif Nəzərov Həsən Əliyevlə Ali Məhkəmədə çalışdığı vaxtları belə xatırlayır:

- Mən Ali Məhkəməyə üzv seçiləndən sonra bir hakim kimi formalaşmağımda Abdulla İbrahimovun, Sabir Rəzzaqovun, Kamal Musayevin və Həsən Əliyevin əvəzsiz xidməti olub. Həsən müəllim o vaxtlar Ali Məhkəmənin üzvü idi. Hələ təcrübəsiz vaxtlarımda o, dəfələrlə məni yanına çağırar, qarşılaşdığım problemin səbəbini soruşar, məsələni hüquqi cəhətcə qanuni şəkildə yoluna qoymağın ən optimal yolunu göstərərdi. Həsən müəllim özünün bilik və bacarığını, təcrübədə qazandıqlarını mənim kimi gənc hakimlərə öyrətməkdən youlmazdı.  

Həsən müəllim həm də, gözəl təşkilatçı və rəhbər idi. Bu bacarığına görə də Ali Məhkəmə sədrini müavini, cinayət işləri üzrə məhkəmə kollegiyasının sədri seçilmişdi. Xoşbəxtəm ki, onun başçılıq etdiyikollegiyada 10 il çalışmışam.

Mən əminəm ki, Həsən müəllim kimi gözəl insanlar və görkəmli hüquqşünaslar heç vaxt unudulmayacaqlar. Allah, mənim və yüzlərlə hüquqşünasın ürəyində özünə əbədi heykəl qoymuş Həsən müəllimə rəhmət eləsin!

Unudulmaz Həsən Əliyevi özünə müəllim seçənlər arasında bu gün də fəaliyyətdə olan görkəmli hüquqşünaslar çoxdur. Onlardan biri də vaxtilə Ali Məhkəmənin üzvü olmuş, hazırda Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayevdir. Fərhad müəllim Həsən Əliyevi belə xatırlayır:

- 1980-ci ildə təyinatla Ali Məhkəməyə məsləhətçi kimi işə başlayanda, o zaman məhkəmə sistemində sayılan və hörmət sahibi olan hakimlərdən biri olan Həsən Əliyevlə tanış oldum. Həsən müəllim son dərəcə ağır təbiətli insan olduğundan çox danışmağı sevməzdi. Lakin hüquq elmini hədsiz sevdiyinə görə, vaxtının azlığına baxmayaraq biz gənclərin ona olan müraciətlərini dinləyər, saatlarla fikir mübadiləsi aparardı. Onun müdrik bir kəlamı bu gün də yaxşı yadımdadır: “İnsan öz hərəkətləri qarşısında məsuliyyət daşıyır. Hüquqşünas isə ikiqat məsuliyyət daşıyır. Həm sözləri, həm də hərəkətləri qarşısında”.

Həsən müəllimin xatirəsi bir də ona görə bizə əzizdir ki, o öz bilik və təçürbəsini gənclərə çatdırmaqdan zövq alırdı. Ondan bir məsələni soruşduqda mövzunun mahiyyətinə varıb dəyərli, əhatəli məsləhətlər verərdi. 

Həsən müəllim xaraktercə ədalətli və humanist adam idi. Deyirdi ki, hakim qəbul etdiyi hər hansı qərara görə qanuni izah verə bilmirsə, deməli həmin qərarı çıxarmaqdan çəkinməlidir. Hökm çıxarmaqda tələsməyin, cünki hər bir cinayət işinin arxasında canlı insan, onun ailəsi, taleyi durur. O məhkəmə səhvlərinin mövcudluğunu da inkar etmirdi. Deyirdi ki, elə səhvlər var onları düzəltmək mümkündür. Səhvlər də var onların düzəlməsi müşküldür, yaxud da mümkün deyil. Ona görə də qərar verəndə yüz ölçüb, bir biçmək lazımdır. Hökm vermə prosesində hec cürə tələskənliyə yol vermək olmaz ,- deyirdi və bizi də ədalət və həqiqət naminə səbrli, təmkinli olmağa çağırırdı. Unudulmaz Həsən müəllimin onlarla hüquqşünasın püxtələşməsində müstəsna rolu olub. Ömrünü cəmiyyətdə ədalətin bərqərar olmasına həsr etmiş Həsən müəllim kimi insanlar onu tanıyanlar tərəfindən heç vaxt unudulmayacaq.

O vaxt Ali Məhkəmədə ən ağır cinayət işlərinə baxan üç təcrübəli hakimdən biri idi, Həsən müəllim. Sabir Rəzzaqov, Kamal Musayev və o. Hələ, 1989-cu ildə məşhur Sumqayıt hadisələri zamanı törədilmiş cinayət işləri üzrə məhkəmə baxışının icraatı da məhz Həsən Əliyevə tapşırılmışdı. Son dərəcə ağır olan bu cinayət işi barədə ədalətli qərar çıxartmaq üçün Həsən müəllim gecəli-gündüzlü çalışaraq işin mahiyyətini öyrəndi. İşin xüsusatlarını dərindən araşdırıb, gələcəyi nəticəyə tam əmin olduqdan sonra həmişə olduğu kimi qətiyyətli addım ataraq, ədalətli hökm çıxartmağa nail oldu. O son hökmünü də vicdanının səsinə səs verərək elan etdi, yuxarıdan gələn göstərişlərə baxmadı. Amma bu hökm, sonralar SSRİ rəhbərliyinin xoşuna gəlməmiş və o, bunun nəticəsi olaraq 1990-cı ildə yenidən hakim seçilməmişdi. 

Həsən müəllim işsiz qalanda, o vaxtlar Bakı şəhər məhkəməsinin sədri olan   İkram Kərimov təkidlə onu məhkəmədə məsləhətçi işləməyə dəvət edilir. İkram Kərimov o illəri belə xatırlayır:

- Mənim fikrimcə Həsən müəllimin təqaüdə göndərilməsi səhv addım idi. O hələ çox işləyə bilər, gənc nəslin yetişməsində yaxından iştirak edə bilərdi. Mən çox şadam ki, o, ömrünün son günlərini mənimlə birlikdə keçirmişdi. Mənim otuz illik iş təcrübəmə baxmayaraq, demək olar hər gün ondan nə isə öyrənirdim. Onun şəhər məhkəməsinə gəlişi kollektivimizdə ruh yüksəkliyi ilə qarşılanmışdı. Burada onun keçmiş tələbələri, diplomuna imza etdiyi şəxslər, vaxtilə işə götürdüyü və bərabər işlədiyi hüquqşünaslar çalışırdı. Burada o, həmçinin, yeni nəsil hüquqşünaslarla da ünsiyyətdə olurdu. Hamı ondan nəsə öyrənirdi. O da biliyini gənclərə öyrətməkdən zövq alırdı. Onun tərcümeyi-halı, həyat tərzi hər bir hüquqşünas üçün nümunə idi. O sözün həqiqi mənasında görkəmli hüquqşünas, peşəkar hakim idi. Mən Həsən müəllimi həmişə özümə ağsaqqal hesab etmişəm, ondan daim öyrənməyə çalışmışam. Bir hüquqşünas kimi onun yoxluğunu bu gün daha çox hiss edirik. 

Həsən müəllim xoşbəxt insandır ki, bu gün onun yolunu həmkarları, tələbələri və övladları davam etdirir. İki oğlu, dörd nəvəsi, səkkiz nəticəsi var. Nəvələrinin üçü hüquqşünasdır, biri elmlər doktoru, biri isə fəlsəfə doktorudur. Oğlu hüquq elmləri doktoru, professor Namiq Əliyevin Qarabağ həqiqətləri ilə bağlı sanballı kitabları və məqalələri on üç xarici dilə tərcümə olunaraq Azərbaycanın haqq işinin dünaya çatdırılmasında əvəzsiz rol oynayıb və bu gün də oynamaqdadır.

Aydın Ağazadə,

Əməkdar jurnalist







Sosial həyat