Meymunçiçəyi ölkəmizə kənardan gətirilə bilər

post-img

İlk növbədə, xarici yoluxmalardan qorunmaq tələb olunur

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin yaydığı son açıqlamada qeyd olunur ki, bu günə qədər TƏBİB-in tabeliyində fəaliyyət göstərən tibb müəssisələrində meymunçiçəyi xəstəliyinə yoluxma halına rast gəlinməyib. 

Bildirilir ki, bəzi əlamətlərə görə, virusa yoluxma şübhəsi olan şəxslərdən qaydalara uyğun olaraq nümunə götü­rülərək ərazi üzrə Respublika Gigiyena və Epidemiologiya Mərkəzinə göndə­rilib. Hazırda TƏBİB-in tabeliyində fəaliyyət göstərən tibb müəssisələrində xəstələrin müalicəsi üçün uyğun infrast­ruktur mövcuddur. Tibb müəssisələri vi­rus əleyhinə dərman vasitələri ilə təmin olunub.

Açıqlamada göstərilir: “Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahat­lar Mərkəzi və Tibbi Ərazi Bölmələri­ni İdarəetmə Birliyinin mütəxəssisləri meymunçiçəyi xəstəliyinin diaqnostika və müalicəsi üzrə birgə hazırlanmış kli­nik protokola əsasən vəziyyəti nəzarətdə saxlayırlar. Nazirliyin Elmi-Tibbi Şura­sının qərarı ilə təsdiq edilmiş bu sənədin tələbləri ilkin səhiyyə xidmətində çalı­şan terapevtlər, pediatrlar, ailə həkimlə­ri, təcili tibbi yardım həkimləri, həmçi­nin yoluxucu və dəri-zöhrəvi xəstəliklər üzrə mütəxəssisləri əhatə edir”.

Səhiyyə Nazirliyinin mütəxəs­sis-eksperti, infeksionist Təyyar Eyva­zov xəstəliyin özəlliyi və onun müalicə üsulları ilə bağlı XQ-yə bildirdi:

– Meymunçiçəyi insanlarda və hey­vanlarda yayılan virus infeksiyasıdır. İlk dəfə 1958-ci ildə laboratoriya mey­munlarında aşkar edildiyindən infeksi­yaya “meymunçiçəyi” adı verilib. Başqa gəmiricilər və digər vəhşi heyvanlar da həmin virusu daşıya bilər. Xəstəliyin simptomları və müalicəsi ilə bağlı deyə bilərik ki, meymunçiçəyi, adətən, infek­siya ilə təmasdan 6–13 gün sonra özünü göstərir. Bu müddət 5–21 gün arasında dəyişə bilər. 

Əsas simptomlar temperatur, baş və əzələ ağrıları, yorğunluq, limfa düyünlə­rində şişkinlik, səpgidir. Öncə qızdırma, 1–3 gün sonra dəridə səpgilər yaranır. Qabarcıqlar üz, əl və ayaqlarda başla­yır və sonra digər nahiyələrə yayılır. Qırmızı ləkələr suluqlara və nəticədə, qabıqlara çevrilir. Dəri səpgiləri –lez­yonlar suçiçəyi və ya çiçək xəstəliyinə bənzəyir.

Meymunçiçəyi üçün xüsusi müali­cə olmasa da, dəstəkləyici müalicə və ağırlaşmaların idarə edilməsi vacibdir. Müalicə, adətən, simptomları aradan qaldırmağa yönəldilir. Qızdırma, ağrı və qaşınma hallarına qarşı ağrıkəsicilər və hərarətsalıcı dərmanlardan istifadə edilə bilər. Bədəndə maye itkisinin qarşısını almaq vacibdir. Dəri lezyonlarına yo­luxmamaq üçün antiseptik müalicə tət­biq olunur. Yoluxma baş verməsin deyə, xəstələr təcrid edilir. 

Bəzi hallarda çiçək xəstəliyini müa­licə etmək üçün istifadə edilən antiviral dərmanlar (tekovirimat kimi) meymun­çiçəyi xəstəliyində də istifadə edilə bilər.

Çiçək xəstəliyinə qarşı vurulan pey­vənd insanı meymunçiçəyindən də qo­ruya bilər. Epidemiya zonalarında bu peyvəndlərdən profilaktik tədbir kimi istifadə edilir. Xəstəliyin gedişi, adətən, bir neçə həftəyə sağalma ilə nəticələnir. İmmun sistemi zəif olan insanlarda və uşaqlarda virus daha təhlükəli ola bilər.

İnfeksionist ölkədəki epidemioloji durumu belə səciyyələndirdi:

– Meymunçiçəyi əlamətləri təbii çiçək xəstəliyinə oxşayan viruslu zoo­nozdur. Lakin kliniki olaraq təbii çiçək xəstəliyindən daha yüngül keçir. İnfek­siyanın daşıyıcılarına bir sıra gəmiricilər və insana bənzəməyən primatlar daxil­dir. Rəsmi qurumların verdiyi məlumata görə, ölkəmizdə meymunçiçəyi infeksi­yasına yoluxma halı qeydə alınmasa da, onun yayılmaması məqsədilə bütün ilkin profilaktik tədbirlər aidiyyəti qurumlar tərəfindən icra olunur. 

Ümumilikdə, Azərbaycanda digər infeksiyalar da nəzərə alınmaqla, epide­mioloji durum sabitdir. Meymunçiçəyi virusunun laborator müayinəsi məqsə­dilə ölkəyə testlər və xəstəliyə qarşı ki­fayət qədər dərman preparatları gətirilib. 

Viruslar bədənə zədələnən dəri, nəfəs yolları və ya selikli qişalarla (ağız, burun, göz) daxil olur. Heyvandan in­sana isə dişləmə, cırmaqlama, ov ətinin yeyilməsi, bədən mayeləri ilə birbaşa və yara materialları ilə dolayı yolla ke­çir. Xəstəlik bir insandan başqasına iri respirator damcılarla ötürülür. Yoluxma uzunmüddətli və sıx təmasdan törəyir.

Xəstəliyin gizli gedişindən sonra 5 günədək davam edən başlanğıc döv­ründə qızdırma, şiddətli baş ağrısı, lim­fa düyünlərinin böyüməsi, bel və əzələ ağrıları, bəzən kataral və mədə-bağırsaq əlamətlərinə rast gəlinir. Meymunçiçə­yindən ölüm halları 0–10 faiz arasında dəyişir.

Müsahibimiz risk qrupuna daxil olanlar barədə bildirdi:

– Risk qrupları arasında azyaşlı uşaqlar, hamilə qadınlar, immundefisit­li şəxslər xüsusi yer tutur. İnfeksiyanın profilaktikası qeyri-spesifik (qoruyucu, gigiyenik qaydalara əməl olunması) və spesifik (vaksinasiya) tədbirlərdən ibarətdir. Əsas məqamlardan biri də xəstələrin vaxtında aşkar edilərək təcrid olunmasıdır. Onu qeyd edim ki, ölkə­miz bu xəstəlik üçün endemik zona de­yil. Amma yay fəslində turizm xətti ilə, miqrasiya nəticəsində virusa yoluxma ehtimalını inkar etmək olmaz. Ona görə də insanlarla, xüsusilə, xarici ölkə vətən­daşları ilə və ya istirahət üçün ölkə hü­dudlarından kənara çıxıb qayıdan şəxs­lərlə sıx təmasda olmaqdan çəkinməkdə fayda var.

Zərifə BƏŞİRQIZI
XQ



Sosial həyat