Bu yaxınlarda ilk dəfə Bakıda olan Los-Anceles Mayzner İnstitutunun direktoru – aktyor, rejissor, ssenarist, prodüser Skott Trostun adı çəkiləndə göz önünə ilk gələn onun xoşbəxtcəsinə gülümsünən çöhrəsi, işıq, təskinlik dolu gözləri olur. Sanki o, dünyaya və sənətə kədəri, pislikləri, eqoizmi unutdurmaq, ümid, təsəlli vermək üçün gəlib. Tanınmış sənətkar bu yöndən sevilir, alqışlanır.
Xəzərin sahilində yerləşən “YARAT” Müasir İncəsənət Mərkəzində Skott Trostla görüşdən mən də məmnun qaldım. Fürsətdən istifadə edib onun Bakı haqqında təəssüratlarını da öyrəndim:
– Bakı gözəl şəhərdir, təmizdir, insanları qonaqpərvərdir, – dedi. – Mən 4 gün Bakıda qalacağam. Onu da qeyd etməliyəm ki, Bakı tamaşaçıları yüksək sənət duyumuna malikdirlər.
Yaradıcılıq karyerasını Çikaqodakı “Goodman” teatr məktəbindən başlayan Skott Trost sənət yolunda ilk addımlarını belə xatırlayır:
– Lap erkən vaxtlarımda, 5 yaşım olanda anam məni aktyorluq məktəbinə yazdırdı. Sənət müəllimim Sandy Maisner idi. Onun tələbələri müxtəlif mükafatlara layiq görülüblər, aralarından “Oskar”a namizədlər də olub. Özüm indi aktyor texnikası üzrə tanınmış müəllim olmağımı ilk ustadımın adı ilə bağlayıram. Müəllimim deyirdi ki, mükəmməl aktyor olmaq üçün 20 il lazımdır. Həyatının 60 ilini aktyor yetişdirməyə həsr edən Maisner bu illər ərzində müxtəlif sistemləri dərs prosesinə tətbiq edib. Həmişə deyirdi ki, gerçəkliyin arxasınca getməyi bacaran aktyor mükəmməl ola bilər.
Skott Trostun iştirakı ilə ərsəyə gələn filmlər “Ulduz yolu”, “Qatillər klubu”, “Nüvə dan üzü”, “Startrek: Dərin kosmos 9” (serial), “Bikini yayı”, “İnternetə sevgi”, “Dəbli Los-Anceles” (komediya), “Sən məni öldürürsən” və başqalarıdır. Bakıda verdiyi “ustad dərsləri”ndə Skott Trost uğurlu aktyor olmaq üçün gərəkli mühüm addımlar barədə sirləri də açdı. Azərbaycanın gənc kino işçiləri onu böyük maraqla dinləyirdilər. Hollivudda 25 il fəaliyyət göstərən Skott Trost gənclərə öz dəyərli məsləhətlərini ünvanladı:
– İş tapmaq üçün əməkdaşlıq və yaradıcılıq mühüm faktordur. Çalışın, ünsiyyət qurun, dostlaşın. Eləcə də öz hekayənizi yaratmağı bacarın.
Aktyor, müəllim olmaqla yanaşı, hüquqşünas kimi də fəaliyyət göstərən Trost sevgi, dostluq, sülh barədə də düşüncələrini bizimlə bölüşdü:
– Səbəb nə olur-olsun, mübahisələri danışaraq həll etmək olar. Şiddət çıxış yolu deyil... Sizinlə biz zatən bir-birimizə yaxınıq. Düzdür, müəyyən mədəni fərqlər var, ancaq oxşarlıqlar da çoxdur. Ünsiyyətlə, anlaşma ilə dünyada bir çox problemləri həll edə bilərik.
Söhbətin sonunda Skott Trost Bakıda bir çox tədbirlərdə iştirak edəcəyini söylədi və iştirakçılarla xatirə fotoları çəkdirdi.
Aynur HİLALİ