Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva avqustun 29-da Qəbələdə “Gənc arıçı” layihəsinin iştirakçıları ilə görüşüb.
Leyla Əliyeva görüşdə gənc arıçılarla səmimi söhbətlər edib, onların fəaliyyəti ilə maraqlanıb, arıçılıq sahəsindəki ilk təcrübələri və məhsuldarlıqla bağlı təəssüratlarını dinləyib. Öz növbəsində, gənc arıçılar Leyla Əliyevaya göstərdiyi diqqət və dəstəyə görə minnətdarlıqlarını bildiriblər. Onlar süzdükləri ilk balı xüsusi qablaşdırmada Leyla Əliyevaya hədiyyə ediblər.
Qeyd edək ki, 2021-ci ildən başlayaraq, IDEA İctimai Birliyinin təşəbbüsü və Azərbaycan Respublikasının Gənclər Fondu, Dövlət Məşğulluq Agentliyi və ABAD publik hüquqi şəxsin tərəfdaşlığı ilə həyata keçirilən “Gənc arıçı” layihəsinin növbəti mərhələsi çərçivəsində Qəbələ rayonunda 20 gənc arıçı dəstəklənib və onlar artıq öz ilk məhsullarını əldə etməyə başlayıblar.
Məqsədi biomüxtəlifliyin qorunmasına töhfə vermək, arıçılıq təsərrüfatının ekosahibkarlıq növü kimi yayılmasını təşviq etmək, təbii bal istehsalını dəstəkləmək və gənc ailələrin maddi rifahını yaxşılaşdırmaq olan layihə çərçivəsində seçilən 20 gəncə peşəkar mütəxəssislərin iştirakı ilə bir aylıq təlim keçirilib. Təlimləri başa vuran gənclər arıçılıq təsərrüfatı üçün lazımi arı ailəsi və pətəkləri, arıçı geyimi, balsüzən aparat və digər ləvazimatlarla tam təchiz olunublar və onlara səmərəli fəaliyyətləri istiqamətində lazımi şərait yaradılıb.
Gənc arıçılar, həmçinin məhsulların sertifikatlaşdırılması, brendləşdirilməsi, dizaynı və satışın təşkili dəstəyi ilə təmin ediləcəklər. Bu addımlar bazar iqtisadiyyatı şəraitində rəqabətədavamlı bal istehsalı mərhələsinə çatması üçün gənc arıçıların öz məhsullarını geniş müştəri bazarına çıxarmalarına və satışın səmərəli təşkilinə xidmət edəcək.
Avqustun 29-da Heydər Əliyev Fondunun vitse-prezidenti və IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın iştirakı ilə Şahdağ Milli Parkının İsmayıllı bölməsində nadir heyvanların vəhşi təbiətə buraxılması mərasimi keçirilib.
Mərasim zamanı nəcib marallar, Dağıstan turu və tirəndazlar xüsusi seçilmiş təbii ərazilərə buraxılıb.
Qeyd edilib ki, 2022-ci ildə Leyla Əliyevanın iştirakı ilə Şahdağ Milli Parkında xüsusi ayrılmış yerdə adaptasiya dövrü keçməsi üçün buraxılmış 4 nəcib maral populyasiya yolu ilə artaraq 10 başa çatıb. IDEA İctimai Birliyi tərəfindən bu populyasiyaya əlavə olaraq Bakı Zooloji Parkından daha 2 nəcib maral əraziyə köçürülərək onların ümumi sayı 12 başa çatdırılıb. Beləliklə, tədbir çərçivəsində 12 nəcib maral, eləcə də Bakı Zooloji Parkında çoxaldılaraq böyüyən 10 tirəndaz və 3 Dağıstan turu vəhşi təbiətə buraxılıb.
Diqqətə çatdırılıb ki, Bakı Zooloji Parkının əsas fəaliyyət istiqamətlərindən biri də Azərbaycanın nadir və nəsli kəsilməkdə olan fauna növlərinin çoxaldılması və sayının bərpa edilməsidir. Şahdağ Milli Parkında vəhşi təbiətə buraxılan heyvanlar da IDEA İctimai Birliyi, Bakı Zooloji Parkı və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə layihəsi olan “Biomüxtəlifliyin inkişaf etdirilməsi” layihəsi çərçivəsində çoxaldılıb. Layihənin əsas məqsədi ölkəmizin nadir və nəsli kəsilməkdə olan fauna növlərini, o cümlədən Azərbaycanın “Qırmızı kitabı”na daxil edilmiş heyvanları çoxaldaraq, onların tarixi areallarını bərpa etmək üçün vəhşi təbiətə buraxılmasıdır.
Həmçinin bildirilib ki, IDEA İctimai Birliyinin uğurlu layihələrindən biri də “Zubrların Azərbaycana reintroduksiyası” proqramıdır. 2019-cu ildən etibarən Qafqazda nəsli kəsilmiş zubrun təbiətə qaytarılması üzrə IDEA İctimai Birliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Bakı Zooloji Parkı və Ümumdünya Təbiəti Mühafizə Fondunun (WWF) Azərbaycan nümayəndəliyi tərəfindən həyata keçirilən bu proqram çərçivəsində ölkəmizə Avropanın müxtəlif yerlərindən zubrlar gətirilir. Proqramın uğurlu icrası nəticəsində Azərbaycanda zubrların sayı artıq 70 başa çatmaq üzrədir.
Bu cür layihələr Azərbaycanın biomüxtəlifliyinin zənginləşdirilməsində mühüm rol oynayır. Layihənin təşkilatçıları Azərbaycan ictimaiyyətini nadir heyvanların qorunması, sayının artırılması və qanunsuz ovlanmasının qarşısının alınması istiqamətində fəal olmağa çağırır.