Xalqımızın əsrdən uzun söz yaddaşı

post-img

“Xalq qəzeti”nin 105 yaşa çatması onun zaman-zaman fərqli baxışların təmsilçiləri olmuş bir neçə nəsil kollektivinin ortaq hədəfinin – Azərbaycan coğrafiyasına və milli-mədəni tərəqqiyə bağlı fəaliyyətinin bir əsrlik davamlılığının, tarixən, nadir sayılacaq göstəricisidir. “Xalq qəzeti”nin 100 yaşa – çatması ümummədəni bir hadisə, Azərbaycan jurnalistikasında diqqətçəkən bir tarixdir.

Milli mətbuatımızın yaranmasından 44 il – son­ra ərsəyə gəlmiş bu qəzetin fəaliyyətinin bugünədək davam etməsi və 30 min 589 sayının işıq üzü gör­məsi onun milli jurnalistikamızda ən üzunömürlü və ən çox nömrəsi işıq üzü görən bir dövri nəşr oldu­ğundan xəbər verir. 3 epoxadan keçib gələn 1 əsrdən yaşlı bir qəzetin varisi olmaq şərəfi “Xalq qəzeti”nin indiki kollektivinə nəsib olub. Ümummilli qəzetimi­zin 105 yaşının tamam olması təkcə bir redaksiya kollektivinin, milli mətbuatımızın deyil, bütövlük­də, xalqımızın həyatında, ictimai fikir və mədəni tərəqqi tariximizdə əlamətdar hadisədir.

Fəaliyyətinin üçdə ikisindən çoxu sovet-kom­munist epoxasının sərt, milli təmayülə qısqanc tələbləri çevrəsində keçməsinə baxmayaraq, bu qəzet mümkün olan hər hansı forma və məzmunda Azərtbaycan idealına xidmət göstərmiş, milli məf­kurəli ziyalılarımızın xalqla mətbu ünsiyyətinin gur tribunası olmuşdur. Torpaqlarımızın bütövlüyü, demokratiya və dövlət müstəqilliyimizin bərpası torpaqlarımızın bütövlüyü və demokratiya uğrunda mübarizədə qəzetin kollektivi redaksiya daxilində daim yaşadılmış milli təmayülü bayrağa çevirərək ümumxalq hərəkatının ön xəttinə çıxara bilmişdir. 

“Xalq qəzeti” dövlətçiliyimizin qorunması və bərpası prosesinin fəal iştirakçısı olmuş, suverenli­yimizin ilk günlərindən isə fəaliyyətini ümummilli, strateji hədəflərin gerçəkləşdirilməsinə səfərbər et­mişdir.

Milli mətbuatımızın və redaksiyanın ən yaxşı ənənələrini yaşadan və müstəqiliyimizin bərpasının bəxş etdiyi söz azadlığı dəyərləri ilə zənginləşdirən “xalq qəzetçiləri” bu nailiyyətə və qismətə görə alqışlanmağa layiqdir. 

Ölkəmizin avanqard qəzeti olaraq ötən 105 ildə həyatımızın bütün sahələrində baş verən yenilik­ləri, dövlətin və ictimai fəaliyyətin əsas yönlərini, milli-mədəni varlığımızın sevindirici fakt və ha­disələrini, yurdumuzdan görünən dünyanı və xa­rici aləmdə əks-səda yaradan Vətənimizi, eləcə də tariximizin “ağ ləkə”lərinə çevrilmiş arzuolunmaz halların səs-sorağını, əhatəli və canlı salnaməsini yaradan yeganə mükəmməl mətbuat orqanı olaraq “Xalq qəzeti” ümummilli dəyər və önəm daşıyan mötəbər bir informasiya-bilgi mənbəyidir. 

Bütun bu qeyd edilənlər bir daha sübut edir ki, “Xalq qəzeti” xalqımızın taleyində və yaddaşında dərin, silinməz izlər qoymuş, zamanın sınağından üzüağ çıxmış milli mətbuat vasitəsi, ötən bir əsrin sistemli söz saxlancıdır. Bu dərin və sağlam əsaslar qəzeti növbəti əsrin onilliklərinə inamla aparacaq.

Sonda Azərbaycanın yaradıcı ziyalıları, bədii söz adamları və öz adımdan qəzetin milli ideala bağlı, cəmiyyəti nikbinliyə, sabaha inama, çağdaş quruculuğa yönləndirən kollektivini səmimi təbrik edirəm. Arzu edirəm ki, qəzet redaksiyası əsrdən uzun dövrü əhatə edən yaradıcılıq ənənəsini, qəzet­çilik uğurlarını bundan sonra da ilham və həvəslə davam etdirib zənginləşdirsin.

Nizami CƏFƏROV,
Atatürk Mərkəzinin rəhbəri, akademik

Sosial həyat