Gənc Mir Cəlalın “Kommunist” qəzetində jurnalist fəaliyyəti
Azərbaycan milli mətbuatının yaranması və inkişafında milli məfkurəli ədiblərin rolu və mövqeyi misilsizdir. Bu gün 105 yaşını qeyd edən “Xalq qəzeti”nin (1991-ci ilədək “Kommunist”) tarixini də tanınmış söz ustalarımızın imzaları, dəyərli yazıları zənginləşdirib və şərəfləndirib. Görkəmli yazıçı-ədəbiyyatşünas və pedaqoq Mir Cəlal Paşayevin bioqrafiyası bu qəzetlə daha sıx bağlı olub.
Gənclik illərində qəzetin əməkdaşı olmuş Mir Cəlal müəllim sonrakı çoxillik bədii yaradıcılığı və elmi-pedaqoji fəaliyyəti dövründə də redaksiyanın sevimli müəllifi olaraq qalıb. Onilliklər boyu “Xalq qəzeti”ndə çalışmış jurnalistlərin də əksəriyyəti Mir Cəlalın yaradıcılıq məktəbinin yetirmələri olub. Mir Cəlal müəllimin qəzetimizin səhifələrində yaşayan publisistik irsi onun böyük yazıçı olmaqla yanaşı, sənədli yaradıcılıqda da ustad müəllif olduğunu göstərir.
Azərbaycan nəsrinin görkəmli nümayəndəsi, Əməkdar elm xadimi, professor Mir Cəlal Paşayev nəinki ədəbi-elmi ictimaiyyətin, eləcə də ölkənin jurnalistika aləminin sevimli müəllimi, ustadı və unudulmaz dostu kimi daim xatirələrdə yaşayır, adının çevrəsinə mənəvi zənginlik saçır. Unudulmaz müəllimimizin ötən əsrin 70-ci illərində BDU-nun jurnalistika və filologiya fakültələrində dərs dediyi tələbələrin bir neçəsi bu gün də qəzetimizdə çalışır.
Bu böyük şəxsiyyətin, səmimi insanın, ustad qələm sahibinin “Xalq qəzeti” ilə çoxcəhətli bağlılığı ötən illərdə olduğu kimi, qəzetin 105 ilik yubileyi günlərində də xoş xatirələrlə və belə bir kamil insanın qəzetimizin əməkdaşı olmasından doğan qürur hissi ilə yada düşür. Apardığımız qısa araşdırma göstərdi ki, Mir Cəlal müəllimin milli jurnalistikamızda xidmətləri, zəngin publisistika irsi, xüsusən “Kommunist” qəzeti (“Xalq qəzeti”) ilə çoxillik əməkdaşlığı ayrıca elmi tədqiqatın mövzusudur.
Yazıçı Mir Cəlalın ədəbi irsi o qədər parlaq və təsirli, elmi yaradıcılığı o dərəcədə dəyərli olub ki, sanki, onun publisist yaradıcılığı bu zənginliyin kölgəsində qalıb. Həqiqət isə budur ki, bu istedadlı yazıçı və dərin zəkalı alim ədəbi aləmə məhz mətbuatdan, coşğun və səmərəli jurnalist fəaliyyətindən gəlib. Bunu ədibin aşağıdakı xatırlamasından da aydın görürük: “Qəzet bizim yarımsavad, ibtidai yazılarımızı pozub, düzəldib, rəndələyib, ağardıb, abıra salıb çap edirdi. Altında imzamız olan yazını ilk dəfə qəzetdə görəndə sevincimizin hüdudu olmamışdır. Biz bu yazıları təkrar-təkrar oxumuş, həm sevinmiş, həm də öyrənmişik. Hər bir savadlı adam yaza bilər. Ancaq mətbuat üçün on minlər, yüz minlərin diqqətinə layiq yazı yazmaq, hər kəsə müyəssər olan asan bir iş deyil”.
Mir Cəlalın 1926-cı ildən qələmə aldığı və mətbuatda dərc edilmiş məqalələrinin sayı 100-dən çoxdur. Hətta ilk işıq üzü görmüş “Sağlam yollarda” adlı kitabı da qəzet yazılarıdır. Topluda “Sağlam yollarda”, “Qələbənin açarı”, “Səsimizi dünya eşitsin”, “Özək raport verir”, “Münəvvəri dinləyin”, “İşləməyən dişləməz”, “Bayrağı bərk saxla”, “Volqanın qucağında”, “Zavodun tərcümeyi-halı”, “Marksın dostu” mətbuatda dərc edilmiş oçerklərdir. 1930-cu ildə gənc yazıçı Mehdi Hüseyn “Ədəbiyyat cəbhəsində” qəzetində dərc etdirdiyi “Əskini yıxan, yenini quran şair” adlı məqaləsində Mir Cəlalın “Gənc işçi” qəzetində çap olunmuş yazılarından danışır, məqalələrin sənətkarlıq tərəfləri ilə yanaşı, aktuallığını da qeyd edir. Şübhəsiz ki, Mehdi Hüseyn kimi bir ədibin Mir Cəlalın publisistikasına diqqət etməsi və ona ayrıca məqalə həsr etməsi də bu yazıların o zaman diqqətçən publisistika nümunələri olmasından irəli gəlib.
Tanınmış tərcüməçi Cahanbaxış Cavadzadə isə Mircəlalın “Biz neçə böyüyürük” oçerki barədə “Komsomol səsi” adlı məqaləsini “Kommunist” qəzetinin 11 may 1934-cü il tarixli sayında dərc etdirmişdir. Müəllifin qeyd etdiyi kimi, jurnalistika Mir Cəlalın qələmini daha da püxtələşdirmişdir. Yazıçı özü isə jurnalist yaradıcılığının özəlliyi barədə deyib: yaxşı jurnalist yaxşı yazıçı ola bilər, amma hər yazıçı yaxşı jurnalist ola bilməz.
Beləliklə, xatırlatdığımız bu nümunələr təsdiqləyir ki, Azərbaycan nəsrinin görkəmli nümayəndəsi və ədəbiyyatşünas alim Mir Cəlal Paşayevin publisistik fəaliyyəti onun çoxşaxəli yaradıcılığının önəmli bir qolu olub. Akademik İsa Həbibbəyli bu barədə haqlı olaraq deyirdi: “Biz Mir Cəlal müəllim haqqında fikirləşərkən, ən azı, üç amili göz önünə gətirməli oluruq: yazıçı, ədəbiyyatşünas alim və müəllim: Buraya Mir Cəlal Paşayevin publisistika sahəsindəki çoxillik və səmərəli fəaliyyətini də əlavə etmək lazımdır”. Bu mənada Mir Cəlal Paşayevin dövri mətbuatda dərc edilən məqalələrinin ilk dəfə küll halında toplanaraq 2018-ci ildə nəşr edilən 416 səhifəlik “Publisistika (1926-1977)” kitabı onun jurnalistika yaradıcılığının sanbalını və dəyərini əks etdirir.
Bu fəaliyyətin önəmli bir hissəsi ədəbi işçi kimi ilk addımlarını atdığı “Kommunist” qəzeti ilə bağlı olmuşdur. Bu yerdə böyük ədibin yaradıcılıq yolunun mətbuatdan və ilk dəfə rəsmi əməkdaşı olduğu “Kommunist”dən başladığı aydın görünür. Ədibin publisist fəaliyyəti 18 yaşlı gəncin 1926-cı ildə Gəncə Darülmüəllimində təhsil aldığı illərə təsadüf edir. 1926–1929-cu illərdə “Yeni fikir” və “Maarif yolu” nəşrlərində onun ilk məqalələri çap olunub.
Kazan Şərq Pedaqoji İnstitutunu bitirib Azərbaycan Dövlət Elmi-Tədqiqat İnstitutunun aspiranturasında təhsilini davam etdirmək üçün Bakıya gəldikdən sonra isə Mir Cəlalın Bakı ədəbi mühiti ilə yaxından tanış olmaq imkanı yaranır. Onun dövrün bir sıra görkəmli şair və yazıçıları ilə, o cümlədən Mehdi Hüseyn, Hüseyn Cavid, Süleyman Sani Axundov kimi mötəbər ziyalılarla tanışlığı bu illərdə yaranmışdır. Bu əlaqələrin genişlənməsində onun müxbirlik fəaliyyətinin rolu “Komminist” qəzeti ilə sıx bağlı olmuşdur.
“Kommunist” qəzetinin tədqiqatçısı Elmar Məhərrəmov Mir Cəlalın “Kommunist” qəzetindəki fəaliyyətindən söz açaraq qeyd edir ki, o zaman qəzetin nəzdində fəhlə müxbirləri kursları təşkil olundu. Tələblər yüksək olduğundan dinləyicilərin heç də hamısı kursların işində sona kimi iştirak edə bilmədi, “yalnız entuziastlar axıradək tab gətirirdi. Bu kursların dinləyicilərindən Balaqədəş Mürşüd Səttaroğlu, Əbdürrəhman dayı, Paşazadə Cəlal (Mir Cəlal Paşayev) sonralar “Kommunist” qəzetində işləməyə başladılar”.
1927–1930-cu illəri əhatə edən o dövrün “Kommunist” qəzetində dərc edilən məqalə və xəbərlərin altında D., Z., A.N, M.P., 2 müxbir, N., 3 müxbir, 5 müxbir, V.K., İ.H., T.M., O. və bu kimi əlifbanın, az qala, bütün hərflərinin ya tək-tək, ya da qoşalaşdırılmış hərflərindən ibarət imzaları görməkdəyik. Təbii ki, bu imzaların böyük əksəriyyətinin əsl sahiblərinin kim olduğunu söyləmək çətindir, amma “Kommunist” qəzetinin 3 yanvar 1930-cu il sayında Şəmkir rayonu haqqında M.P. imzası ilə dərc edilən xəbərin, yaxud qəzetin 10 oktyabr və 19 oktyabr 1931-ci il tarixli saylarında M.P., M.C.. M., yenə də M.P., imzaları ilə dərc edilən məqalələrin Mir Cəlala aid olduğunu söyləmək olar. Bu yazıların təhlilini apardıqda və müqayisə etdikdə, redaktə üslubuna və fakta yanaşma tərzinə diqqət yetirdikdə aydın olur ki, onların müəllifi Mir Cəlal olmuşdur. M.C. və M. imzası ilə dərc edilən “Özünü yoxlama sürətini artırmalı” və “Plansız iş görürlər” məqalələri “Mir Cəlal” imzası ilə dərc edilən “Yeni yaradıcılıq pafosunu bolşevikcəsinə təşkil edəlim” və “Kolxozların təchizində plansızlıq” məqalələrindən heç nəyi ilə fərqlənmir.
Qəzetin 1 noyabr 1931-ci il sayında dərc olunmuş “Aşxana xüsusi əllərdə” adlı məqalədə oxuyuruq: “Zəyəm (Şamxor) stansiyasında aşxanaya köhnə bir zandarman müdir qoymuşlar. Bu hərif aşxanada bir qəssab dükanı açmışdır. “İşçiləri ətlə təmin etmək” bəhanəsi ilə şirin alverə başlamışdır.
İşçilərə 10 qəpiyə buraxılan çörəyi 40 qəpiyə satır. Aşxana ətrafında qoyun alverçilərini toplayaraq bir dəstə düzəltmişdir. Müdir aşxana haqqında olan hökumət qərarlarını tərsinə tətbiq edir. Aşxana qumarxana halını alır. İşçilər iyrənir, buraya girmək istəmirlər. M.”
Bu sadə xəbərin məzmun və təqdimatında Mir Cəlal üslubunu və yaradıcılıq tərzini görməmək mümkün deyil. M.C. və M. imzası ilə təqdim edilən və qəzetin təkcə 1931-ci ilin noyabr və dekabr saylarında yer alan bu cür xəbərlərin sayı isə onlarcadır. M.P., M.C. və M. imzası ilə təqdim edilən məqalələrin müəllifinin Mir Cəlal olduğuna zərrə qədər şübhə yoxdur. Amma “Mir Cəlal” biblioqrafiyası seriyasından olan nəşrlərin heç birində bunlara rast gəlmirik. Yaxşı olar ki, bu imza ilə dərc edilən məqalələr də böyük ədibin publisistik əsərləri sırasında yerini tapsın.
Mir Cəlalın “Kommunist” qəzetindəki fəaliyyəti ilə bağlı bütün mənbələrdə göstərilir ki, Kazan Pedaqoji İnstitutunu bitirdikdən sonra 1932-ci ildə Bakıya qayıdaraq Azərbaycan Dövlət Elmi-Tədqiqat İnstitutunun aspiranturasına daxil olmuş, "Kommunist", "Gənc işçi" qəzetlərində işləmişdir. “Kommunist” qəzetində işə qəbulu ilə əlaqədər 1955-ci ildə elə “Kommunist” qəzetində dərc etdirdiyi “Tələbkar müəllim” adlı məqaləsində (“Kommunist”, 1955-ci il, 20 noyabr) böyük ədib özü də belə yazmışdı: “Bakıya gəlişimin ilk ilində, 1932-ci illin əvvəllərində komsomolun Mərkəzi Komitəsindən məni “Kommunist” qəzetinin redaksiyasına göndərdilər: – Onlara cavan ədəbiyyatçı lazımdır, bir oraya gedin. Redaksiyada o zamanın qaydası ilə məni danışdırıb yoxlayandan sonar “Sabah işə gəl!”– dedilər. Bundan böyük xoşbəxtlik olardımı?”
Ədib daha sonra qəzetçilik fəaliyyəti barədə bildirmişdi: “Cürətlə deyə bilərəm ki, “Kommunist”dən aldığım ilk vərdişlər mənim üçün çox faydalı təcrübə oldu. Mətbuatda işləmək adamın gözünü açır. Sərvaxt öyrədir. Müasir həyatı, hadisələri diqqətlə və vaxtında izləməyə çağırır. Sözə qənaət etməyə, yazının həcminə yox, kəsərinə fikir verməyə alışdırır”.
Azərbaycan Respublikası Dövlət Ədəbiyyat və İncəsənət Arxivində Mir Cəlalın şəxsi fondunda saxlanan 2 oktyabr 1952-ci ildə yazılmış “Avtobioqrafiya”da göstərilir: “1931-ci ilin sonunda Kazandan qayıtdım və aspiranturaya daxil oldum”. Yenə həmin mənbədə və 6 mart 1947-ci ildə yazılmış digər tərcümeyi-halda da gənc aspirantın 1932–1935-ci illərdə “Kommunist” və “Gənc işci” qəzetlərində iş aldığı bildirilir.
“Tələbkar müəllim” məqaləsində yazdığı kimi, Mir Cəlala qəzetin məktublar şöbəsində – dəqiq adı ilə deyilərsə, “Zəhmətkeşlər şöbəsi”ndə müxbir olan kimi oxucu məktubları ilə iş tapşırılır: “Birinci gün şöbə müdiri mənim qabağıma 20–30 məktub tökdü:
– Müxbirlər yazıb – dedi – bunlardan seç, lazımlılarını düzəlt.
Məktəbdən, klubdan, divar qəzetindən, dram dərnəyindən bəhs edən bu məktubların çoxu indi də yadımdadır. Biri uzun, biri qısa kağızlarda, biri iri, biri xırda xətt ilə, biri nəzakətli sözlə, biri, az qala, “müzür ünsürlərə” söyüş sözləri ilə başlanırdı.
Mən bunların məzmunundan lazımi nə varsa götürür, doğranmış coğrafiya xəritəsinin ağ üzünə yazır, şöbə müdiri üçün hazırlayırdım. Şöbə müdiri mənim hazırladıqlarıma baxıb bəyənmədi:
– Uzun yazmısan!
– Mən yazmamışam, müxbirlər yazıb!
– Sən onlara baxma, bu on iki səhifəlik məktubdan yarım səhifə çıxarsan, bəsdir! Faktın özü kifayətdir. Artıq söz yazma! “Ayın filanında Gədəbəydə yeni tikilmiş klubun rəsmi – guşadı oldu!” – Vəssalam! Belə düzəlt!”
Maraqlıdır ki, on aya qədər davam edən bu çətin iş onu bezdirmir. Və günlərin birində: “Oktyabr ayı, pambıq yığımının qızğın vaxtı idi. Redaksiyada “Yaxşı oçerk uğrunda” müsabiqə elan etdilər. Hamı yazdı. Mən də birini yazdım. Müsabiqə materialları hələ saf-çürük edilməmiş, səhər qəzeti açanda iki sütunda çap olunmuş yazımı gördüm: “Qələbənin açarı!”. O gün sevincimin həddi-hüdudu yox idi”.
Bu deyilənlərdən aydın olur ki, “Qələbənin açarı!” məqaləsi də 1932-ci ildə dərc edilib. Amma müəllifin qeyd etdiyi məqalənin dərc tarixi 1931-ci ilin 26 noyabrına təsadüf edir. “Kommunist”in 274-cü sayında yer alan məqalə təsdiqləyir ki, böyük ədibin “Kommunist” qəzetində rəsmi fəaliyyətə başlaması 1932-ci il yox, 1931-ci ildə olmuşdur.
Bir sıra mətbuat orqanlarında dərc edilən məqalələrdə onun “Kommunist” qəzetində “şöbə müdiri” vəzifəsində çalışdığı da yazılır. 6 mart 1947-ci ildə yazılmış “Avtobioqrafiya”sında da belə qeyd gördük. Mir Cəlalın “Gənc işçi” qəzetində “məsul katib” vəzifəsində çalışdığını təsdiqləyən vəsiqə də arxivdə saxlanılır. Yenə həmin arxivdə saxlanan “Qulluqçunun haqq-hesab dəftərçəsində” isə “Gənc işçi” qəzetində ona “məsul katib və redaktor müavini” vəzifəsinin də həvalə olunduğu bildirilir. Amma təəssüf ki, böyük ədibin arxiv materiallarında “Kommunist”ə aid belə sənədlərə rast gəlmədik, lakin bu, onun qəzetdəki fəaliyyətinə zərrə qədər də kölgə salmır. Bu illərdə (1931–1932) “Kommunist” qəzetində 7 məqaləsi dərc olunmuşdur.
Bir məqam da diqqət çəkir. Mir Cəlalın “Kommunist” qəzetində çalışdığı illərdə bu qəzetdə dərc edilən məqalələrin sayı niyə azdır? Birincisi, o zaman qəzetdə məqalə müəlliflərinin tam adlarının göstərilməməsi bir ənənəyə çevrilmişdi və bu üslubdan Mir Cəlal da istifadə edib. Qəzetin 1931-ci ildə nəşr edilmiş saylarında dəfələrlə M, M.C., M.P. imzalarına rast gəlməkdəyik. Hətta qəzetin 19 oktyabr 131-ci il sayının 3-cü səhifəsində bu imzaların hər üçünün qoyulduğu 3 məqalə var. Bu nəticəyə gəlmək olar ki, Mir Cəlalın “Kommunist” qəzetində çalışdığı illərdə burada dərc edilən məqalələrin sayı biblioqrafik nəşrlərdə göstərildiyindən çoxdur.
İkincisi, biblioqrafik nəşrlərə istinad edərək “Kommunist” qəzetində 7 məqaləsi dərc olunmuşdur” faktını qəbul edəsi olsaq belə, bu say azlığı məktublar şöbəsindəki gərgin iş ilə əlaqələndirilməlidir. Burada özünün də nəzərə çatdırdığı bir qeyd diqqətdən yayınmır: “Məktublar üzərində mənim çətin işim davam edirdi”. Bu çətinliyin nədən ibarət olduğunu anlatmaq üçün qəzetin 9 yanvar 1931-ci il tarixli sayında dərc edilmiş bir məlumata diqqət edək: “Redaksiyaya gündə 250–300-ə qədər işçi və kəndlilər gəlib öz dərd və ehtiyaclarını söyləyir və qəzetdə yayılmasını tələb edirlər”. Yaxud tədqiqatçı alim Elmar Məhərrəmovun yazdığı kimi: “1927-ci ildə təkcə kəndli müxbirlərindən hər gün orta hesabla 70–100 məktub alınırdı; 668 fəhlə müxbiri, 850 kəndli müxbiri qəzetlə daimi əməkdaşlıq edirdi”. Heç şübhə etmirik ki, bu ağır işin “Məktublar şöbəsi”nin mətbəxində həyata keçirildiyini nəzərə alsaq, bir əməkdaşın nə qədər gərgin işlədiyini görə bilirik.
Üçüncüsü, Mir Cəlalın Bakı şəhərindəki “Ədibin evi” və Gəncə şəhərindəki ev-muzeyində saxlanılan, amma mətbuatda çap olunmayan məqalələrinin əlyazma və makinada yazılmış nüsxələri, bu illərdə dövri mətbuatda və dərsliklərdə çap olunmuş bədii əsərləri – şeir, hekayə, novella və oçerklər də onun məhsuldar olduğunun göstəricisidir. Həm də məktublar şöbəsində gərgin çalışan Mir Cəlalın məqalələri aktuallıq baxımından da dəyərli olub. Həcmcə kiçik olan “Kolxozların təchizində plansızlıq” (1932-ci il, 11 oktyabr) adlı yazı Bərdə rayon kooperativ idarəsinin yarıtmaz fəaliyyətini alt-üst edən tənqidi məqalə idi.
Mətbuatı “gözəl tərbiyə məktəbi” adlandıran ədib “Kommunist”dən sonra “Gənc işçi” qəzetində (bəzi mənbələrdə müxbir, bəzilərində isə məsul katib olduğu bildirilir) fəaliyyət göstərmişdir. Ədib sonrakı həyat yolunu daha çox elmi araşdırmalara və müəllimliyə bağlasa da, ömrünün sonuna kimi bir gün belə mətbuatdan ayrılmamışdır. Mir Cəlalın “Yeni fikir”, “Zəhmət”, “Maarif yolu”, “Gənc bolşevik”, “Pioner işçisi”, “Kommunist tərbiyəsi uğrunda”, “Allahsız”, “Gənc işçi”, “Ədəbiyyat qəzeti”, “İnqilab və mədəniyyət”, “Şərq qadını” və s. mətbu orqanlarda dövrünün ən aktual məsələlərinə həsr edilmiş 100-dən çox məqaləsi dərc edilmişdir. Yeri gəlmişkən, onu da demək lazımdır ki, bu məqalələrin 40-a yaxını “Kommunist” qəzetində dərc edilənlərdir.
Mətbuatın cəmiyyətdəki rolunu yüksək dəyərləndirən böyük ədib onu da bildirir ki, “Qəzet işində gördüyüm yaxşı cəhətlərdən biri də xalq arasında hörmət, nüfuzdur. Bizim xalq elə tərbiyə olunmuşdur ki, mətbuata, doğrudan da, müqəddəs, həqiqət, ədalət carçısı kimi baxır. Hara gedirsən, kim ilə rastlaşırsan, mətbuat nümayəndəsi olduğunu biləndə xüsusi hörmət görürsən”.
Nəhayət, jurnalistika elmi Mir Cəlalın publisistik yaradıcılığını dərindən araşdırmalıdır. Çünki onun bədii və elmi yaradıcılığında olduğu kimi, publisistikasında da milli ideallara, Vətənə və xalqına böyük sevgi və vurğunluq aparıcı yer tutur.
Mir Cəlal ədəbiyyatımızda hekayələr ustası, xalqın həyat tərzini bütün incəlikləri ilə tərənnüm edən romanların yaradıcısı, ədəbiyyatımızın klassik və müasir dövrünü, müxtəlif problemlərini araşdıran tədqiqat əsərlərinin müəllifi olduğu kimi, publisistikası ilə də mətbuat tariximizdə önəmli yer tutur. Ədəbiyyatımızda partiyalılığı xəlqiliyin kölgəsində qoymuş Mir Cəlalın jurnalistik fəaliyyəti də sovet sisteminə yox, xalqa, onun milli-mənəvi dəyərlərinə xidmətə həsr edilib.
Namiq ƏHMƏDOV,
Əməkdar jurnalist