Dünyanın ən uzunömürlü balığı

post-img

Tarixdə iz qoyan varlıqlar yalnız insanlar olmur. Yaponiyada dünyaya gəlmiş və 226 il yaşamış Hanako adlı bir koi balığı bunun bariz nümunəsidir. O, nəinki öz növü, hətta ümumilikdə heyvanlar aləmində qeydə alınmış ən uzunömürlü canlılardan biri kimi tarixə düşüb.

Hanako adlı bu qeyri-adi balıq 1751-ci ildə Yaponiyanın mərkəzindəki Gifu prefekturasında, dağlıq ərazidə yaşayan bir ailəyə məxsus təbii göldə dünyaya gəlib. O zamanlar dünya indikindən çox fərqli idi – Avropada hələ sənaye inqilabı başlamamış, Amerika Birləşmiş Ştatları yaranmamışdı. Lakin Hanako sakitcə öz ömrünü yaşayır və zamanın axarını izaholunmaz səbir və təmkinlə müşahidə edirdi.

7 iyul 1977-ci ildə, 226 yaşında ölən Hanako bu uzun ömrü ilə yalnız bir ailənin deyil, bütöv bir ölkənin mədəni və bioloji yaddaşına çevrilmişdi.

Hanakonun yaşı necə müəyyən olundu?

1966-cı ildə Hanakonun sahibi olan professor Komao Kato onun yaşını dəqiq öyrənmək üçün elm adamlarına müraciət edir. Nəticədə Nippon Universitetinin alimləri Hanakonun bir neçə pulcuğunu çıxarıb, onların üzərindəki illik halqaların mikroskopik analizini diqqətlə araşdırırlar. Ağacların gövdələrindəki halqalara bənzər şəkildə koi balığının pulcuqlarında da hər il yeni qat yaranır. Bu üsul vasitəsilə Hanakonun təxminən 215 yaşında olduğu təsdiqlənmişdi. Bundan sonra o, daha 11 il yaşadı və ümumi ömrü 226 ilə çatdı.

Uzun ömrün sirləri

Hanako uzun illər dağların qoynunda, bir ailənin bağındakı göldə, təmiz bulaq suyu ilə bəslənən bir məkanda yaşayıb. Onun uzunömürlülüyü bəziləri üçün yapon həyat fəlsəfəsinin – təbiətlə ahəng içində yaşamağın simvoluna çevrilmişdi.

Bugünkü dünyada bu cür faktlar yalnız təbiətə deyil, həm də tarixə yeni baxış bucağı təqdim edir. Hanako, bir balıq olaraq, iki əsrin sakit şahidi kimi yaddaşlarda qalır.

P.ƏMİRCANOV
XQ

Dünya