Heydər Əliyev Fondunun Gəncə nümunəsi

post-img

(əvvəli https://xalqqazeti.az/az/sosial-heyat/190571-heyder-eliyev-fondunun-gence-numunesi)

Xalqın maddi-mənəvi dəyərlərini top­layan, qoruyan və təbliğ edən muzeylərin mədəniyyət ocağı olduğunu nəzərə alaraq Heydər Əliyev Fondunun dəstəyi ilə qısa müddət ərzində Gəncə şəhərinin tarixi­ni, görkəmli mütəfəkkirlərini, incəsənət əsərlərini qoruyub saxlayan, arxeoloji və etnoqrafik eksponatlarla zəngin yeddi mu­zey inşa olunmuşdur. 

Muzeylərimizin inşası, bərpası və mühafizəsini daim diqqət mərkəzində saxlayan dövlət başçısının və Birinci vit­se-prezidentin qayğısı sayəsində Gəncədə muzeylər, tarixi abidələr intibah dövrünü yaşamağa başlamış, mədəni irsimizin bər­pası və mühafizəsi rolunu həyata keçirmiş­dir. Təsadüfi deyil ki, Gəncə artıq muzey­lər şəhərinə çevrilmişdir. 

Gəncə şəhərinin müqəddəs tarixi abi­dələrindən biri də İmamzadə ziyarətga­hıdır. Burada beşinci imam Məhəmməd Baqirin (ə.) oğlu İbrahim dəfn olunmuş­dur. VIII əsrə aid tarixi memarlıq abidəsi olan və xalq arasında “Göy günbəz”, “Göy məscid”, yaxud “Göy İmam” kimi tanınan İmamzadə kompleksi Gəncənin qədimli­yini sübut etməklə yanaşı, həm də şəhərin İslam aləmindəki yerinin və nüfuzunun göstəricisidir. 

Təmir-bərpa işlərinin gedişi ilə bağlı Prezident İlham Əliyev və dini dəyərlə­rimizin qorunmasında əvəzsiz xidmətlər göstərən Mehriban xanım Əliyeva bir neçə dəfə ziyarətgahda olmuş, tapşırıq və tövsiyələrini vermiş, Şahzadə İbrahimin məzarı üzərində türbə saxlanılmaqla ətra­fında yaraşıqlı minarələr inşa edilmişdir. Ziyarətgahda möminlərin ibadəti üçün Hüseyniyyə və Zeynəbiyyə məscidləri, qədim dini kitablardan ibarət muzey tiki­lib. İnsanların mənəvi saflıq, doğruluq və halallıq ünvanı olan İmamzadə ibadətgahı mömin müsəlmanların ən çox ziyarət etdi­yi məkanlardan biridir.

Şərq poeziyasının Günəşi olan Niza­mi Gəncəvinin məzarı dünyanın müxtəlif ölkələrindən gəlmiş alim və mütəfək­kirlərin əziz ziyarətgahına çevrilmişdir. Araşdırmalar göstərir ki, Gəncə ilə eyni zamanda, Azərbaycanımızı şərəfləndirən bu abidənin bir neçə dəfə zahiri görkə­mi dəyişdirilmişdir. Belə ki, onun məzarı üzərində ucalan və şairə el məhəbbətinin ifadəsi olan ilk türbə ağ əhəng daşından XIII-XIV əsrlərdə tikilmiş, Gəncə xanlı­ğının süqutundan sonra türbə bərbad hala düşmüşdür. Dahi şairin məqbərəsi əsrlər boyu görkəmli şəxsiyyətlər tərəfindən bər­pa olunmuşdur. Sonuncu dəfə Ulu öndərin sərəncamı ilə yenidən bərpa olunan məq­bərənin ön hissəsində Azərbaycan Res­publikasının Prezidenti İlham Əliyevin 23 dekabr 2011-ci il tarixli “Dahi Azərbaycan şairi və mütəffəkiri Nizami Gəncəvinin 870 illik yubileyinin keçirilməsi haqqın­da” sərəncamına müvafiq olaraq Heydər Əliyev Fondunun dəstəyi ilə Nizami Gən­cəvi Muzeyi yaradılmışdır. 

Muzeydə dahi mütəfəkkirin həyat və yaradıcılığı haqqında geniş məlumatlarla yanaşı, Ulu öndərin və Prezident İlham Əliyevin Nizami Gəncəvinin yubiley­lərinin keçirilməsi, məqbərəsinin bərpa edilməsi, əsərlərinin tərcümə və tədqiq olunması ilə bağlı sərəncam və qərarları sərgilənir. Burada dahi şairin 800, 840 il­lik yubileyləri münasibətilə nəşr olunan kitab və monoqrafiyalar nümayiş etdiri­lir. Şairin 870 illik yubileyi münasibətilə Heydər Əliyev Fondu tərəfindən nəşr olu­nan “Xəmsə” və monoqrafiyalar Avstriya, Rusiya, Almaniya, Böyük Britaniya milli kitabxanalarında, Misirin İsgəndəriyyə ki­tabxanası, Fransanın Strasburq kitabxanası və ABŞ-ın Metropol Muzeyində qorunan nadir “Xəmsə” əlyazmalarının və mini­atürlərinin orijinalları və nüsxələrindən ibarət guşə yaradılmışdır.

Nizami irsinin aktuallığı nəzərə alı­naraq hazırkı mərhələdə respublikamızda gənc nizamişünas kadrların yetişdirilməsi, şairin əsərlərinin tərcüməsinin təkmilləş­dirilərək yenidən nəşrə hazırlanması və müxtəlif dillərə tərcümə olunması, habelə dünyanın mötəbər kitabxana və arxiv­lərində şairin yeni əlyazmalarının üzə çıxarılması Azərbaycan mədəniyyətinin öyrənilməsi işində mühüm əhəmiyyət da­şıyır. Nizami dövrü, ədəbi irsi və məktəbi məsələləri müasir humanitar düşüncənin tələbləri kontekstində və azərbaycançılıq məfkurəsi işığında tədqiqini gözləyir. Bü­tün bunlara nəzərən Heydər Əliyev Fon­dunun Gəncədə inşa etdirdiyi bu muzeyin əhəmiyyəti olduqca böyükdür.

Şərqin elm və mədəniyyət mərkəzi olan Gəncə torpağında Məhsəti Gəncəvi, Rəziyyə Gəncəvi, Siti Gəncəvi, Doxtəre Xətibe Gəncə, Doxtəre Həkim Gav, Doxtə­re Salar kimi qadın şairələrimiz X-XII əsr­lərdə yaşayıb-yaratmışlar. 

Azərbaycanın ilk məşhur şairəsi, ilk şahmatçı qadın və musiqiçi Məhsəti Gən­cəvinin yaradıcılığı xalqımızın zəngin mil­li-mənəvi dünyasının parlaq ifadəsidir.

Prezident İlham Əliyevin Məhsəti Gəncəvi yaradıcılığının 900 illik yubileyi­nin keçirilməsi haqqında imzaladığı sərən­cama əsasən Heydər Əliyev Fondunun dəstəyi ilə Gəncə şəhərində şairin həyat və yaradıcılığını təbliğ edən zəngin mərkəz inşa olunub. 

Mərkəzdə Məhsəti Gəncəvinin həyat və yaradıcılığı, ədəbi irsi haqqında kitab­lar, Azərbaycan, rus və ingilis dillərində elektron formatda şairin rübailəri, bunun­la yanaşı Azərbaycanın görkəmli şair və mütəfəkkirləri, Azərbaycan musiqisi və xalçaçılığına aid nəşrlər təqdim olunur. Mərkəzin milli geyimlər sərgisində Məh­səti dövrü, xüsusilə İntibah dönəminin xa­nımlarına xas milli geyim və qədim musiqi alətləri nümayiş etdirilir. Rəsm qalereya­sında Məhsəti Gəncəvi obrazı və rübailə­rinə həsr edilmiş müxtəlif tablolar, sənət nümunələri, monumental əsərlər nümayiş etdirilir.

Heydər Əliyev Fondu tərəfindən Məh­səti Gəncəviyə doğma şəhərində belə bir mərkəzin yaradılması Avropada qadın fəl­səfəsi mövcud olmayan bir vaxtda bu işıqlı əməllər sahibi olan şairəyə ümumxalq sev­gisinin dəyərinin göstəricisidir. 

Qədim tariximizi, mədəniyyətimizi dünya xalqlarına təbliğ edən bu muzeylə­rin dəyəri əvəzsizdir. Mehriban xanımın təşəbbüsü və köməyi ilə Gəncədə belə mə­dəniyyət obyektlərinin inşa olunması, on­ların qiymətli arxeoloji və etnoqrafik mate­riallarla təmin edilməsi sonsuz təqdirəlayiq hadisədir. Bu muzeylər sırasında Azərbay­can ədəbiyyatının görkəmli nümayəndəsi, böyük şair və tanınmış maarifçi, Şərq mə­dəniyyətini Avropaya sirayət edən Mirzə Şəfi Vazehin adını daşıyan muzey də var. 

Muzeydə mütəfəkkir şairin həyat və yaradıcılığına, həmçinin qəzəllərinə, müxəmməslərinə, məsnəvilərinə və rü­bailərinə həsr olunmuş müxtəlif tablolar və sənədlər toplanıb. Burada Mirzə Şəfi Vazehin yaradıcılıq irsinin öyrənilməsi­nin gücləndirilməsi haqqında ulu öndər Heydər Əliyev tərəfindən 1981-ci il iyunun 8-də imzalanmış qərar və Prezident İlham Əliyevin “Mirzə Şəfi Vazehin 220 illik yu­bileyinin keçirilməsi haqqında” 2014-cü il 3 fevral tarixli sərəncamı da nümayiş olu­nur. Muzeydə şairin yaradıcılığında xüsusi yer tutan “Divani-Hikmət” ədəbi məclisinə aid xüsusi guşə yaradılıb. Qeyd edək ki, bu ədəbi fəlsəfi məclisin üzvləri arasında Abbasqulu ağa Bakıxanov, Mirzə Fətəli Axundzadə, Molla Abdulla, Mirzə Mehdi Naci, Mirzə Yusif Vidadi, maarifçilərdən Eristavi, Çavçavadze, Qriqoriyev ilə yana­şı, alman şərqşünasları Bodenştedt, Adolf Berje və başqaları da var idi. 

Azərbaycan mədəniyyəti və incəsənə­tinin təbliğinə xüsusi önəm verən Heydər Əliyev Fondu da Mirzə Şəfi Vazehlə bağlı 2007-2015-ci illər ərzində müxtəlif kitab­lar nəşr etdirib. Mirzə Şəfi Vazehin Alma­niyada 1850-ci ildən 1924-cü illərə qədər­ki dövrdə nəşr olunmuş kitabları Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə 2014-cü ildə Azərbaycana gətirilmiş və muzeydə sərgilənir.

1981-ci ildə heykəltəraş Görüş Baba­yevin hazırladığı tunc abidə də muzeyət­rafı parka köçürülüb. Heykəlin arxasındakı divara mozaika işləmələrlə Mirzə Şəfi Va­zehin və onun müasirləri olan Fridrix Bo­denştedtin, Abbasqulu ağa Bakıxanovun, Qasım bəy Zakirin, Mirzə Fətəli Axundza­dənin, eləcə də bir sıra tarixi şəxsiyyətlərin süjetli təsvirləri həkk olunub.

Heydər Əliyev Fondunun ən önəmli layihələrindən biri ölkəmizin qədim tarixi­nin araşdırılması və əldə olunan material­ların dünyada təbliğ olunmasıdır.

Dəmirçi Osmanoğlu İbrahim tərəfin­dən 1063-cü ildə hazırlanmış və 1139-cu ildə Gəncədə zəlzələ baş verərkən yadel­lilər tərəfindən aparılmış məşhur Gəncə qapıları 2008-ci ildə Heydər Əliyev Fondu tərəfindən ilkin şəkildə bərpa edilmiş və şəhərin girişində yerləşdirilmişdir. Bunun əsasında 2012-2014-cü illərdə qırmızı kər­picdən Gəncə Qala Qapıları-Arxeologiya və Etnoqrafiya Muzeyi inşa olunmuşdur. Zamanında “Məqbərə qapısı” adlanan bu metalişləmə nümunəsi Gəncə-Bakı ma­gistral yolunun hər iki tərəfində inşa edilən və ümumi uzunluğu 50 metrə, bürclərinin hündürlüyü 22 metrə çatan qala divarı fraq­mentinin tərkib hissəsi olmaqla, əsas hissə­si beş, baş sütun hissəsi isə yeddimərtəbəli bina hündürlüyündədir. Qapıdan bir qədər aralıda ön hissədə 75 metr hündürlüyündə Dövlət bayrağı ucaldılmış, kompleksin sağ hissəsində isə Gəncənin gerbi yerləşdiril­mişdir. Uzunluğu 62 metr olan yeraltı tunel hər iki qalanı birləşdirir. Burada, həmçinin Gəncənin hərb tarixi və etnoqrafik muzey­ləri yaradılıb. Bakıdan gələn yolun sağ ci­nahında xronoloji ardıcıllıqla İran – Turan müharibəsinin əks olunduğu pannolarda türk sərkərdəsi Əfrasiyabın fars hökmdarı Keyxosrovu məğlub etməsi və romalıla­rın Gəncəyə hücumu, usta Bəndərin rəh­bərliyi ilə gəncəlilərin xarəzmlərə, Cavad xanın isə ruslara qarşı mübarizə səhnələri, sol cinahda isə Nuru paşanın rəhbərliyi ilə Qafqaz İslam Ordusunun Gəncəyə gəli­şi, 1920-ci ilin mayında bolşevizmə qarşı tarixi Gəncə üsyanı və nəhayət, Heydər Əliyevin Gəncədə vətəndaş müharibəsinin qarşısını alması əks olunmuşdur. Qalanın sağ hissəsindəki papiruslardan birində Gəncənin Azərbaycan Xalq Cümhuriyyə­tinin ilk paytaxt şəhəri olması, digərində isə Milli Qurtuluş hərəkatının Gəncədən başlaması göstərilmişdir.

Gəncənin tarixini, arxeologiyasını və etnoqrafiyasını əks etdirən məkan kimi çıxış edən Qala qapıları Arxeologiya və Etnoqrafiya Muzeyi Nizami – Cavad xan yurduna üz tutan yerli və xarici qonaqların böyük maraq və həvəslə tamaşa etdikləri qədim abidədir.

Azərbaycanın, xüsusilə də Gəncənin mədəniyyəti, tarixi və ədəbiyyatının tanı­dılması məqsədilə şəhərin səfalı təbiəti və əlverişli turizm imkanları ilə seçilən Ha­cıkənd qəsəbəsində “Sələflər və xələflər” parkı yaradılmışdır. Parkda Nizami Gən­cəvi başda olmaqla Gəncə mühitinin ye­tişdirdiyi şair, yazıçı və öz dövründə hünər sahibi olmuş, əlinin əməyi, biləyinin gücü ilə fərqlənmiş şəxslərin heykəlləri ucaldı­lıb. Burada ümumilikdə on yeddi abidə var ki, onların arasında Məhsəti Gəncəvi, Mir­zə Şəfi Vazeh, Əbül-Üla Gəncəvi, Qivami Gəncəvi, Usta Bəndər, Şeyx Zaman, Dok­təri Xətibi Gəncəvi, Əfrasiyab və Ömər Gənci kimi tarixi şəxsiyyətlərin adları diqqət çəkir. Abidələrin müəllifi heykəltə­raş Asəf Həsənovdur.

Bu gün qədirbilən gəncəlilər Mehriban xanım Əliyevanı xalqımızın milli-mənəvi dəyərlərimizin hamisi kimi qəbul edir və bənzərsiz incəsənətimizin dünyada təbliğ olunmasında gördüyü möhtəşəm işlərə görə ona uğurlar diləyirlər. 

2012-2017-ci illərdə Prezident İlham Əliyevin tapşırığına əsasən Heydər Əliyev Fondunun dəstəyi ilə Gəncə Dövlət Filar­moniyası inşa olumuşdur. Mehriban xanım şəhərimizdə olarkən filarmoniyada gedən tikinti işləri ilə yaxından tanış olmuş, tək­liflərini vermiş və kömək göstərmişdir.

2014-cü ildə Gəncə Dövlət Dram Te­atrının yeni binasının təməli qoyulmuş, Heydər Əliyev Fondunun dəstəyi ilə inşa edilmişdir. Burada Gəncə Teatr Muzeyi, zəngin kitabxana, xoreoqrafiya zalı, qrim otaqları, mehmanxana, kafe və digər zəruri infrastruktur yaradılıb. 

Təbii ki, bütün bu muzeylər və tarixi abidələr Gəncə şəhərinin qədim və zəngin tarixindən, elm və mədəniyyətindən xəbər verir və bütün bunların insanlara çatdırıl­masında Heydər Əliyev Fondu böyük zəh­mət sərf etmişdir. 

Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva şəxsiyyəti, ictimai-siya­si fəaliyyəti, həm də elmi yaradıcılığı ilə Azərbaycan qadınlarına nümunədir. O, müasir Azərbaycan qadın hərəkatının lide­ri kimi dövlətimizin tərəqqisi naminə geniş fəaliyyət göstərir.

Gəncə şəhərindəki xeyirxah və şərəfli fəaliyyətinə görə Mehriban xanım Əliyeva gəncəlilərin məhəbbətini, ehtiram və sev­gisini qazanmışdır. Heydər Əliyev Fondu­nun prezidenti, Azərbaycan qadınlarının lideri Mehriban xanım Əliyevanı doğum günü münasibətilə təbrik edir, ona və ailə üzvlərinə cansağlığı, xeyirxah fəaliyyətin­də, məsuliyyətli və nəcib missiyanın yerinə yetirilməsində böyük uğurlar arzulayırıq.

Fuad ƏLİYEV,
akademik, 

Sara ƏZİZOVA,
kimya üzrə fəlsəfə doktoru

Bu günlərdə akademik Fuad Əliyevin rəhbərliyi ilə AMEA Gəncə bölməsi əməkdaşlarının ərsəyə gətirdikləri “Mehriban Əliyeva: Humanizm və xeyriyyə­çiliyin hamisi” kitabı çapdan çıxmışdır. Heydər Əliyev Fondunun yaradılmasının 20 illiyinə həsr olunan monoqrafiyada Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondunun ötən müddətdə həyata keçirdiyi layihələr xarakterizə olunmuşdur. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın milli-mənəvi dəyərlərimizin dünyada təbliği, ölkəmizdə elm, təhsil, mədəniyyət, səhiyyə, ekologiya və bütövlükdə xalqın rifahı naminə bütün sahələrdə həyata keçirdiyi xeyirxah işlər öz əksini tapmışdır.







Sosial həyat