Mehriban türk xanımının uğur manifesti

post-img

Platon deyib ki: “Heç kim təsadüfən yaxşı insan ol­mur”. Yaxşı insan olmağa aparan yol genetik kod, qan yaddaşı ilə həmin ömrün sahibinə ötürülən xeyirxah əməl­lərə sədaqətdən keçir.

Uca yaradan Mehriban xanım Əliyevaya bütün bu gözəl əməllərin xələfi olmaq xoşbəxtliyini nəsib edib. O, böyük ziyalı, pedaqoq, yazıçı Mir Cəlal Paşayevin və Azərbaycan jurnalistikasının sonuncu mogikanlarından biri – Nəsir İmanquliyevin (bu sətirlərin müəlliflərinin us­tad-müəllimi – red.) ocağında böyüyüb boya-başa çatıb. Mehriban xanımın elm xəzinəsindən və zəngin mənəvi keyfiyyətlərindən bəhrələndiyi valideynləri – texnika və kosmonavtika elmləri sahəsində tanınmış alim, akademikArif Paşayev və nüfuzlu şərqşünas alim, AMEA-nın Şərq­şünaslıq İnstitutunun ilk qadın direktoru Aida xanım İmanquliyeva görkəmli şəxsiyyətlərdir. Mehriban xanım Əliyeva həm də müstəqil Azərbaycanın qurucusu olan dahi Heydər Əliyevin və onun ömür-gün yoldaşı, görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyeva ocağının gəlinidir.

Belə zəngin irslə təmasda olmaq, ata-baba yolunu on­ların adına layiq davam etdirmək, təbii ki, hər övladın, hər xələfin bacaracağı iş deyil.

“Hər şey bu və ya digər insanın öz vəzifəsinə nə dərəcə­də ciddi yanaşmasından asılıdır. Aydın şəkildə dərk etmək lazımdır ki, müəyyən anda sən fərddən ictimai şəxsiyyətə çevrilirsən. Sən artıq təkcə özünü və ya ailəni yox, ölkəni təmsil edirsən. Bu barədə özünə hesabat verməli, sözlərin­də, qərarlarında, hərəkətlərində daha təmkinli olmalısan. Bu, çox məsuliyyətli yükdür...” 

Mehriban xanım Əliyeva bu şərəfli missiyanın və ağır yükün altından türk xanımına xas humanizm, mərhəmət və nəciblik kimi ali keyfiyyətləri ilə yanaşı, Tomris əzmkarlığı, Burla Xatun iradəsi ilə çıxmağı bacaran İnsandir. Onun çox­şaxəli missiyasının təməlində dövlətinə və millətinə bağlılığı və hər iki ampluada fədakarcasına xidməti dayanır. Bu xidmə­tin miqyası nə ölçüyə gəlir, nə də sərhəd tanıyır. 

Ümumiyyətlə, Mehriban xanım Əliyevanın fəaliyyətindən söz açarkən ilk yada düşən onun insanlara təmənnasız yaxşılığı, qayğısı, mərhəməti və xeyriyyə­çiliyidir. Bu yüksək insani keyfiyyətlər isə xalqımızın milli-mənəvi və mental-əxlaqi dəyərlər sisteminin təməl elementləridir. Mehriban xanım Əliyeva həmişə əhalinin sosial baxımdan ehtiyac içində yaşayan təbəqələrinə, xüsusilə xəstə və valideyn himayəsindən məhrum uşaqlara göstərdiyi diqqət və qayğısı ilə həmin dəyərlərin daşı­yıcısı olduğunu çoxdan təsdiqləyib.

Məhəbbət ünvanlı cazibənin sirri

Xalq nə üçün Birinci vitse-prezidenti bu qədər sevir? Ondakı bu ümumxalq ca­zibəsinin sirri nədədir? İnsanlar Mehriban xanımın timsalında onların qayğıları ilə yaxından maraqlanan, görüşlərdə rəsmiy­yətdən, protokol qaydalarından kənara çıx­mağı, hər bir fərdin probleminə münasibət bildirməyi, xəstə azyaşlının başına sığal çəkməyi bacaran, vətəndaşla canlı təmas­dan zövq alan həmsöhbətlərini görürlər. O, daim əhalinin, sadə vətəndaşların yanında­dır. Bu onu göstərir ki, xeyirxahlıq və mər­həmət kimi müsbət keyfiyyətlər, ülvi hiss­lər onun sevgi dolu qəlbindən gəlir. Xalqın ona olan məhəbbət dolu cazibəsinin sirri bundadır. Əgər belə olmasaydı, bu qədər sevilməzdi... 

“...Fikrimcə, vəziyyətindən və statu­sundan asılı olmayaraq bu və ya digər rolu oynamalı deyilsən və kimliyini saxlamağı bacarmalısan. Mən birinci xanım olmağı­mı, ilk növbədə, insanların bu və ya digər probleminin həlli üçün obyektiv fürsət kimi dəyərləndirirəm”.

Mehriban xanım Əliyeva bu sözləri beş il bundan əvvəl “Exo planetı” jurnalına müsahibəsində deyib. Əslində, bu fikirlər onun həyat fəlsəfəsinin əsasını təşkil edir. Bəli, Birinci vitse-prezidentin bütün təşəb­büslərinin, gerçəkləşdirdiyi layihələrin mərkəzində İnsana sevgi dayanır.

Əliyevlərin sevimli məkanı – Lahıc

“Prezident İlham Əliyev və Birinci vit­se-prezident Mehriban xanım Əliyeva bu qədim yaşayış məskəninin qorunmasına və inkişafına daim qayğı göstəriblər.

Lahıcın (İsmayıllı rayonu) Bazar mey­danından başlanan mərkəzi küçə çox vaxt qələbəlik olur. Lahıclar bura “Baş küçə” deyirlər. Çünki bu məkanın qədimliyini özündə saxlayan tikililər, misgər ema­latxanaları, dükanlar, kürəbənd (çay da­şından tikilmiş kanalizasiya xətti), milli suvenirlərin satış yerləri bu küçədə yerlə­şir. Kimi tez tapmaq istəsən burada axtar­malısan. Yerli və xarici turistlər də bu küçə boyunca hərəkət edirlər. Emalatxanalar­dan yayılan çəkic səsləri, alış-veriş edən­lərin səs-küyü, nallı atların ayaq səsləri, dərman bitkiləri satanların küçənin hər iki tərəfinə düzdükləri çeşidli məhsullar, gecə-gündüz axıb gedən bulaqların şıril­tısı daş döşənmiş küçəyə xüsusi ab-hava, görkəm verir”.

Bunları bizə Lahıc Dövlət Tarix-Mə­dəniyyət Qoruğunun direktoru, usta Nəzər Əliyev danışır. Amma qarşıda sizi ustanın altı il bundan əvvələ təsadüf etmiş bir səfər və doğum günü ilə üst-üstə düşən açılış mərasimi barədə maraqlı söhbəti gözləyir. 

“Söz verdim – gəldim... Yenə gələcəyəm”

Usta Nəzərlə söhbətimizə ayaq vermək üçün ona emalatxananın divarından asdığı fotoşəkillər barədə soruşduq: 

– Usta, eşitdiyimizə görə, siz bir neçə dəfə Azərbaycan Prezidenti və birinci xa­nımı ilə görüşmüsünüz. Şəkillərdən görün­düyü kimi, onlar burada da olublar. Müm­künsə, bizə bu görüşlər barədə danışın.

– Sənətimlə, işimlə bağlı Azərbaycan Prezidenti İlham Əliyevlə bir neçə dəfə görüşmək qismətim olub. Bu görüşlər onun rayonumuza səfərləri zamanı, Bakıda keçirilən sərgilərdə və paytaxtda Novruz bayramı şənliklərində baş tutub. Bir neçə dəqiqəlik o görüşlər yaddaşımda böyük iz qoyub. Həmişə hiss etmişəm ki, cənab İlham Əliyev sənətə, sənətkara xüsusi qay­ğı ilə yanaşır.

Srağagün emalatxanaya atası ilə bir yeniyetmə gəlmişdi. Alacaqlarını aldılar, sonra şəkillərə baxdılar. Kişi soruşdu ki, Prezidentlə şəkil çəkdirən bu uşaq kimdir? Dedim ki, nəvəmdi. Oğlu dedi ki balaca uşaqdı, Prezidentlə görüşüb, şəkil çəkdi­rib, amma mən onu heç yaxından görmə­mişəm. Kaş bir dəfə mən də Prezidentimiz­lə görüşə biləydim.

Mən təxminən 1996-ildən başlayaraq rayonumuzda və paytaxtımızda keçirilən əksər bayram şənliklərində, turizm sərgilə­rində iştirak etmişəm. Onda İlham Əliyev prezident olmasa da, Ümummilli lider Heydər Əliyevlə yanaşı əksər sərgilərdə iş­tirak edirdi. Yəqin sərgilərdə təqdim edilən əl işlərimin bərəkətindən olub ki, sonra­lar dəfələrlə Prezidentimizlə görüşmüş, söhbətləşmişəm. Onu da deyim ki, cənab Prezident hər dəfə stendimizə baxdıqdan sonra Lahıc haqqında, onun turizmi və orada yaşayan insanların güzəranı haqda maraqlanıb. 

– Bəs cənab Prezident buraya nə za­man gəlmişdi?

– 2017-ildə Bakıda keçirilən Novruz şənliyində cəsarət tapıb prezidentimizlə qeyri-rəsmi söhbətləşdim, arzu və istəklə­rimi ona çatdırdım. Hətta onu Lahıca qo­naq dəvət etdim. O, stendimizə baxıb yenə Lahıcın vəziyyətini soruşdu. Dedim ki, hər şey yaxşıdı, qonaq gəlin, bizi sevindirin. Bildirdi ki, Lahıcda olmuşam. Dedim ki, indi Prezident kimi gəlin, halal süfrəmizdə oturun. Əvvəlcə Mehriban xanım dedi ki, getsək yaxşı olar. Sonra Prezident bildirdi ki, söz verirəm, mütləq gələcəyəm. Sağol­laşıb getdilər. O zaman mənə elə gəldi ki, yəqin mənim könlümə dəyməmək üçün “gələcəyik” dedilər.

Bu məqamda usta Nəzərin nurlu çöhrə­sini ilıq təbəssüm bürüyür və o, söhbətinə davam edir:

– O görüşdən bir neçə ay keçmişdi. Payızın dumanlı, çiskinli günlərinin birin­də Prezident Şamaxının Dəmirçi kəndinə məscidin açılışına gəlmişdi. Dedilər ki, Lahıca da gələcək. Amma onda Dəmir­çi–Lahıc yolu işlək deyildi. Buna görə də Qaranohur yolu ilə gəlməli idi. Lakin güc­lü yağış yağırdı, yollar təhlükəli idi. Düşü­nürəm ki, bu səbəbdən Lahıca gəlişi təxirə salındı. Oktyabr ayı idi. İsmayıllının icra başçısı rəhmətlik Mirdamət müəllim mənə zəng elədi. Dedi ki, Prezident məni yanına çağırıb. Sən də onu Lahıca qonaq çağır­mısan. Lahıcla bağlı bizim üçün ən vacib olanları soruşsa, nə deyim – yolu, qaz xət­tini, yoxsa məktəb binasını? Dedim, xahiş elə ki, əvvəlcə Lahıca qaz xətti çəkilsin. Bu, qəsəbə üçün həyati məsələdir. O birilə­rini də de, ancaq qaz xətini birinci de...

O gün axşam xəbərlər proqramında Prezidentin Lahıcın inkişaf etdirilməsi haqqında sərəncamı oxundu. Sərəncam­da qeyd etdiyimiz hər üç məsələnin həlli nəzərdə tutulurdu. Çox sevindik.

Tezliklə işlər başlandı. Bir il çəkmədi ki, sərəncam həyata keçirildi. 2018-ci il avqust ayının 26-da cənab İlham Əliyev və Mehriban xanım Lahıca açılışa gəldilər. Prezident yeni çəkilmiş Dəmirçi–Lahıc yolu ilə avtomobili özü idarə edirdi. Hə­min gün həm də Mehriban xanımın doğum günü idi. O gün qəsəbədə qaz xətti, yeni müasir məktəb binası və 22 kilometrlik La­hıc–Dəmirçi yolu istifadəyə verildi. 

Əlamətdar gün münasibətilə biz ustala­rımızın əl işlərindən ibarət sərgi də açmış­dıq. Prezident sərgiyə baxdı və mənimlə görüşdü. Sonra dedi ki, yadındadı, söz ver­mişdim ki, Lahıca gələcəyəm, gəlmişəm, emalatxanana və evinə də gedəcəyəm. Sözün düzü, mən bunu gözləmirdim. Ema­latxanaya gəldik. Prezident və xanımı içəri girib xeyli baxdılar. Cənab Prezident so­ruşdu ki, emalatxanan elə bu balaca yerdi? Dedim, bəli, cənab Prezident, bura mənim dünyamdır. Mən burada işləyə-işləyə hər tərəfi görürəm, gələn qonaqları qarşılayır, hal-əhval tuturam. Bəsimdi, Allah bərəkət versin!

Sonra Prezident və Mehriban xanım misgər Kəbləminin emalatxanasına baxdı­lar, ustaya uğurlar arzuladılar. Baş küçəyə çıxanda bir neçə nəfər Prezidenti evinə dəvət etdi. Amma o, əvvəlcədən dediyi kimi, bir daha bizim evə gedəcəyini bil­dirdi. 

Bizim küçədə də böyük qələbəlik idi. Uşaq-böyük küçə boyu düzülüb əziz qo­naqları alqışlayırdılar. Prezident və Mehri­ban xanım dayanıb onlarla söhbət etdilər, şəkil çəkdirdilər. Cənab Prezident bizim həyətə girəndə anamgilin xəbəri yox idi. Mən özümü itirmişdim. Tez yüyürüb ev­dəkilərə dedim ki, Prezident və xanımı bizə gəlib. Əvvəlcə inanmadılar. Sonra tez həyətə çıxıb hörmətli qonaqları qarşıladı­lar...

O gün təkcə mənim və ailəm üçün de­yil, bütün Lahıc əhli üçün sanki bayram idi. Mən inanıram ki, Prezidentimiz Mehri­ban xanımla birgə yenə Lahıca gələcək. Nə bilmək olar, bəlkə onların Lahıca növbəti səfərləri yenə Mehriban xanımın doğum gününə təsadüf edəcək? 

***

“Mən əminəm ki, cəmiyyətdə bütün ağır, çətin problemləri xeyirxahlıqla, in­sansevərliklə, mərhəmətlə həll etməyə çalışmaq lazımdır. Bu, vətəndaş cəmiyyə­tinin formalaşmasında ən əsas şərtlərdən biridir. Fikrimcə, vətəndaş cəmiyyəti elə bir cəmiyyətdir ki, orada bütün azadlıqlar mövcuddur. Orada qanunun aliliyi möv­cuddur, vətəndaşlar fəaldırlar, cəmiyyətdə birlik və mərhəmət var. Dahi azərbaycanlı, böyük insan Heydər Əliyev məhz belə bir cəmiyyətin qurulması üçün səy göstərib”.

Etimadı doğruldana inam sonsuzdur

Azərbaycanın birinci xanımına bey­nəlxalq miqyasda da diqqət yetərincə bö­yükdür. Bu da Mehriban Əliyevanın və onun rəhbəri olduğu Heydər Əliyev Fon­dunun Azərbaycanda və xaricdə həyata keçirdiyi uğurlu layihələrlə bağlıdır. Axı, Mehriban xanım Əliyeva dünyada baş verən proseslərə biganə qalmır, UNES­CO-nun xoşməramlı səfiri kimi bəşəriy­yəti və insanlığı narahat edən ciddi prob­lemlərin – qlobal iqlim dəyişikliyinə qarşı mübarizəyə, “yaşıl dünyaya” öz töhfəsini verməyə çalışır. 

“Mən Prezidentin etimadını doğrult­malıyam və ən başlıcası isə inamı, ümidi olan insanların etimadını doğrultmalıyam. Buna nail olmağa çalışacağam”.

Mehriban xanım Əliyeva ölkənin Bi­rinci vitse-prezidenti postuna təyin edilən zaman çıxışında bu vədi həm cənab Pre­zidentə, həm özünə, həm də canından çox sevdiyi Azərbaycan xalqına vermişdi. Üs­tündən 7 il 6 ay keçəndən sonra tam əmin­liklə deyə bilərik ki, Mehriban xanım Əliyeva Prezidentin və xalqın etimadını doğruldub. Onun bu müddət ərzində fəa­liyyəti Prezident İlham Əliyevin həyata keçirdiyi siyasi xətti uğurla və layiqincə tamamlayır. Bu qənaəti respublikanın hər bir guşəsində yaşayan azərbaycanlılar, o cümlədən lahıclılar da ürəkdən bölüşür­lər...

Yazımıza müdriklərin sözü ilə başla­mışdıq. Milli dövlətçilik və müstəqillik tariximizin salnaməsinə adı ilk Birinci vit­se-prezident kimi yazılan Mehriban xanım Əliyeva müdriklik çağına qədəm qoyub. 

Müdriklik və xoşbəxtlik! İnsan tə­biətinin mükəmməlliyinin qoşa zirvəsi sayılacaq bu iki cəhət Mehriban xanım Əliyevanın ümman boyda sevgi ilə süslən­miş ömrünün şanlı manifestidir. 

Səməd MƏLİKZADƏ,
İmran BƏDİRXANLIXQ







Sosial həyat