Bizim ən böyük sərvətimiz bizim mədəni irsimizdir. Bizim ədəbiyyatımız, poeziyamız, musiqimiz, təkrarsız, nadir xalçaçılıq məktəbimiz, təsviri sənətimiz memarlıq abidələrimizdir. Bu mədəni irs bizi millət kimi qoruyub saxlayır. Bu gün bu mədəniyyəti qorumaq, saxlamaq, təbliğ etmək hər birimizin mənəvi borcudur.
Mehriban ƏLİYEVA
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva haqqında yazmaq və fikir söyləmək böyük məsuliyyət tələb edir. Bu gün ölkənin ictimai həyatında adı bütün sahələrə nüfuz etmiş birinci xanım barəsində, ölkə daxilində və xaricində onun geniş fəaliyyətini əks etdirən çoxsaylı kitablar və məqalələr nəşr olunub. Mehriban Əliyevanın milli-mənəvi dəyərlərin qorunması istiqamətində ölkəmizin hər yerində, o cümlədən Gəncədə həyata keçirdiyi genişmiqyaslı layihələri, Birinci xanımın fəlsəfi fikirlərini və onun gələcək dəyərlərini başa düşmək üçün daha ətraflı məlumatların verilməsi vacibdir.
Bir insan ömrü dahi şəxsiyyətlərin həyata keçirmək istədiyi xeyirxah işlərin başa çatdırılmasına bəs etmir, nə qədər çalışsan da vaxtın azlığı qalib gəlir. Bu baxımdan yaradılan Heydər Əliyev Fondu bu dahi şəxsiyyətin həyata keçirmək istədiyi layihələri realizə etmək məqsədi ilə yaradılmışdı.
Fonda rəhbərlik edən Mehriban xanımın 20 il ərzində həyata keçirdiyi layihələr dahi rəhbərin tövsiyələrinin bir qismini yerinə yetirmək, xalqının milli-mənəvi dəyərlərinin araşdırılması, dünya mədəniyyətində əvəzsiz yerini, millətinin onurğa sütunu olan elm və təhsilin inkişaf etdirilməsi, torpağını, suyunu, havasını qorumaq naminə gördüyü işlər hər birimizə məlumdur və bunların izahlı formada təhlil edilməsi biz alimlərin borcudur.
Milli-mənəvi dəyərlərin tədqiq edilməsi hər bir xalqın mədəniyyətinin inkişafında, onun milli şüurunun formalaşmasında mühüm rol oynayır. Tarixən xalqın milli-mənəvi irsini, mədəni dəyərlərini qoruyub saxlamaq və gələcək nəsillərə ötürmək görkəmli şəxsiyyətlərin adı ilə bağlı olmuşdur.
Heydər Əliyev ikinci dəfə hakimiyyətə gələrkən dövlət dilinin elmi əsaslarla tədqiq edilməsini Elmlər Akademiyasında çıxış edərkən dilçi alimlərə ünvanladı və bir il möhlət verərək, bu haqda fikirlərini bildirdi: “Xalqın, millətin ana dili olmazsa, onun haqqı yoxdur ki, Vətən, nə də dövlət haqqında qərarlar və müzakirələr həyata keçirsin”.
Mehriban xanım fonda rəhbərlik etdiyi dövrdə Azərbaycan dilinin müqayisəli tədqiqi və tarixi köklərinin araşdırılması sahəsində böyük layihələr həyata keçirmişdir.
Müasir dövlətimizin Azərbaycan dilimiz kimi möhkəm mənəvi əsaslar üzərində qurulduğunu söyləyən Mehriban Əliyevanın çoxşaxəli fəaliyyətinə nəzər salsaq, onun bu dəyərlərin qorunub saxlanılmasına göstərdiyi böyük diqqət və qayğının şahidi olarıq.
Mehriban xanım əsrlər boyu xalqımızın milli varlığının və özünəməxsusluğunun ifadəsi kimi formalaşmış zəngin mənəvi irsini, milli düşüncə və dəyərlər sistemini, intellektual mülkiyyətini yad təsirlərdən qorumaq, zəngin mədəniyyətini bəşər miqyasında təbliğ etmək kimi çətin və şərəfli vəzifənin öhdəsindən layiqincə gəlir. Onun təşəbbüsü və dəstəyi sayəsində Azərbaycanın bir çox qədim tarixi, dini və mədəni abidələrin qorunması və bərpa edilməsi sahəsində mühüm işlər həyata keçirilmişdir.
Milli-mənəvi dəyərlərimizin xaricdə, eləcə də ölkəmizdə mütəmadi təbliğ olunması onun dünyaya bəyan etdiyi yüksək tolerantlıq mədəniyyətinin nümunəsidir. Onun fəaliyyəti nəticəsində milli-mədəni incilərimiz muğam, kəlağayı, aşıq musiqisi və s. bir-birinin ardınca bəşəriyyətin qeyri-maddi mədəni irsi siyahısına salınır.
Qədim tarixə malik xalqımızın milli-mənəvi dəyərlərinin mənimsənilməsi və özününküləşdirilməsi ermənilər tərəfindən uzun illərdi ki, həyata keçirilir. Fondun ən önəmli fəaliyyətindən biri də ermənilərin bu niyyətlərinin ifşa olunması və digər mühüm layihələrdir.
Azərbaycanın birinci xanımı Gəncə və gəncəlilərdən də qayğısını əsirgəməyib. Fondun təşəbbüsü ilə şəhərimizdə milli-mənəvi dəyərlərin qorunması sahəsində böyük layihələr həyata keçirilib, qədim məscidlərimizin bərpası, yeni məscid komplekslərinin inşası bu baxımdan mühüm əhəmiyyət kəsb edir.
Gəncə abidələri xalqımızın uzaq və qaranlıq keçmişinin öyrənilməsində müstəsna əhəmiyyətə malikdir. Heydər Əliyev Fondu Gəncə şəhərində yerləşən tarixi mədəniyyət abidələrinin bərpasına xüsusi önəm verir. Şəhərimizdəki Cavad xan və Comərd qəssab türbələri, Gəncə memarlığının incilərindən hesab edilən Şah Abbas məscidinin təmir olunması fondun həyata keçirdiyi xeyirxah layihələrdəndir.
1804-cü ildə Gəncə qalasını tutmaq istəyən rus işğalçı qoşunları ilə son nəfəslərinədək qəhrəmancasına vuruşan Cavad xan oğlu Hüseynqulu xan ilə birgə şəhidlik zirvəsinə yüksəlirlər. Döyüşdən sonra Cavad xan və oğlu Cümə məscidinin həyətində yerləşən Xan qəbiristanlığında dəfn edilirlər. Sovet hakimiyyətinin sonrakı illərində Cavad xanın məzarını itirmək məqsədilə qəbiristanlıq ərazisində müxtəlif təyinatlı tikililər inşa edilir. 1962-ci ildə aparılan qazıntılar zamanı təsadüfən Cavad xanın baş daşı və məzar yeri tapılır. Xanın nəşi Səbzikar qəbiristanlığına aparılaraq, orada qorunub saxlanılır, 1990-cı ildə Cavad xanın nəşinin qalıqları Gəncə əhalisinin tələbi əsasında öz əvvəlki yerində dəfn edilir və üzərində qranitdən abidə qoyulur.
Prezident İlham Əliyevin sərəncamı əsasında, 2005-ci ildə Heydər Əliyev Fondunun dəstəyi ilə Gəncə memarlıq üslubuna uyğun olaraq xanın qəbri üzərində türbə ucaldılır. Əsrlər boyu Cavad xan haqqında məlumatlar təhrif olunmuşdur. Mehriban xanımın xalqına olan qayğısının nəticəsidir ki, Cavad xan tarixdə layiq olduğu yeri almış və şəhərimizə gələn qonaqlar ilk növbədə xanın türbəsini ziyarət edirlər. Bütün buna görə gəncəlilər Mehriban xanıma daim minnətdarlıq hissi bəsləyirlər.
Nizami yurdu qədim Gəncə tarixi abidələrlə öz qədimiliyini və möhtəşəmliyini əsrlərdir ki, qoruyub saxlamaqdadır. Tarixə şahid olan bu abidələr sırasında yan-yana yerləşən, qədim Gəncə memarlığı üslubunda Şərqin böyük memarı və riyaziyyatçısı olan Şeyx Bahəddinin layihəsi ilə inşa olunmuş Şah Abbas və Uğurlu xan karvansaralarının xüsusi yeri var.
Şərqin əsas ticarət yolu (İpək yolu) üstündə yerləşən Gəncə öz karvansaraları ilə səyyah və tacirləri hər zaman heyran qoyub. Tarixçilər də onu qibtə hissi ilə xatırlayıblar. Bu baxımdan Gəncənin maddi-mədəni abidələri içərisində Şah Abbas karvansarayı hər zaman gözəlliyi ilə seçilib.
Şah Abbas karvansarayı XVII-XVIII əsrlərdə Gəncədə ən nüfuzlu karvansaray hesab edilib. Bişmiş qırmızı kərpicdən yaradılan karvansaraydan Çökək hamama və Şah Abbas məscidinə yeraltı yol olub.
Şah Abbas karvansarayı bazara yaxın ərazidə inşa edildiyindən tacirlərin gətirdiyi malların bazarlara daşınmasını asanlaşdırırdı.
Memarlıq quruluşuna görə diqqətçəkən daha bir məkan yaxınlıqdakı Çökək hamamdır. Hamamın əsas təyinatı məscidə namaz qılmağa gələn müsəlmanların dəstəmaz almasına şərait yaratmaq olub.
Şah Abbasın əmri ilə tikildiyi üçün el arasında ona Şah Abbas hamamı da deyirlər. Çökək hamam adlandırılması isə onun çökəkdə yerləşməsindən irəli gəlir. Belə ki, suyun təzyiqini təmin etmək üçün hamam çökəkdə inşa edilib. Şəhərə gələn qonaqlar, dindarlar bu hamamdan yararlanıblar.
2002-ci ildən “Çökək hamam” beynəlxalq əhəmiyyətli mədəniyyət abidəsi statusu alıb və Mehriban xanım Əliyevanın təşəbbüsü ilə UNESCO tərəfindən mühafizə olunur.
2013-cü ildə Heydər Əliyev Fondunun dəstəyi ilə abidə təmir olunub. Yenidənbərpa zamanı tarixi orijinallığı saxlanılmış, əvvəlki tikinti materiallarının oxşarından istifadə edilmişdir.
Şah Abbas karvansarayının yaxınlığında Uğurlu xan karvansarayı yerləşir. Mənbələrdə deyilir ki, Gəncə bəylərbəyi Murtuza Qulu xan Ziyad oğlunun qardaşı oğlu Uğurlu xanın vəsaiti ilə memar Şeyx Bahəddin Məhəmməd Amilinin planı üzrə nisbətən kiçik həcmli karvansaray tikilmiş və xan nəslinə məxsus olmuşdur.
Uğurlu xan bir siyasi xadim və sərkərdə olmaqla yanaşı, istedadlı şair və Divan sahibi kimi də şöhrət qazanmışdır. Şeirlərinin əksəriyyəti fars dilindədir. Müsahib Gəncəvinin Azərbaycan türkcəsində yazdığı cəmi iki qəzəli bu günümüzə gəlib çatmışdır. Hazırda dünyada ona məxsus Divanın üç nüsxəsi mövcuddur.
Prezident İlham Əliyevin müvafiq göstərişlərinə əsasən, Şah Abbas və Uğurlu xan karvansarayları əsaslı şəkildə əvvəlki görkəminə uyğun və müasir infrastrukturla təmin edilməklə yenidən bərpa olunub, ətraf ərazi abadlaşdırılıb.
Tarixi mənbələr göstərir ki, çoxəsrlik tarixə, ulu ənənələrə və zəngin bədii təsvir vasitələrinə malik olan Azərbaycan memarlığının özünəməxsus səciyyəvi xüsusiyyətlərini özündə əks etdirən bu karvansaray ən nüfuzlu qonaqların qəbulu üçün nəzərdə tutulub. Gəncə şəhərinin tarixi karvansaraylarının bərpasından sonra bu məkanlar yenə qonaqpərvərlik irsimizin təbliğində, turizm məqsədləri üçün istifadədə mühüm rol oynayır.
Gəncənin ən qədim abidələrindən olan VIII-IX əsrlərə (bəzi mənbələrdə VII əsrin 30-40-cı illərinə) aid edilən Comərd qəssab türbəsi özünəməxsus memarlıq üslubu ilə fərqlənən abidələrdəndir.
Gəncə sakinlərinin yaddaşında əfsanə şəklində qorunub saxlanan Comərd qəssab barədə müxtəlif məlumatlar mövcuddur. Comərd haqqında çoxlu sayda əfsanə və rəvayətlər bu gün də Gəncənin yerli sakinləri arasında dolaşmaqdadır və hörmət əlaməti olaraq müsəlmanlar onun qəbri üzərində səkkizguşəli türbə də ucaltmışlar.
Hazırda Comərd qəssabın məzarı Gəncə çayının sağ sahilində, İmamzadə kompleksinin cənub istiqamətindən 1500 metr aralıda yerləşir. Baxımsız vəziyyətdə qalan türbədə tikinti işləri 2004-cü ildə Heydər Əliyev Fondu tərəfindən həyata keçirilib. Comərd qəssabın qəbri üzərində əvvəlki türbənin bənzəri olaraq qırmızı bişmiş kərpicdən 8 tağlı, üzəri günbəzlə tamamlanan məqbərə inşa edilərək şəhər sakinlərinin ixtiyarına verilib. Bu gün Comərd qəssab türbəsi yerli əhali tərəfindən mübarək məkan kimi ziyarət olunur.
Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Gəncə şəhərində yerləşən Həzrəti-Zeynəb məscidi də əsaslı şəkildə yenidən təmir və bərpa olunaraq istifadəyə verilmişdir. Azərbaycan Prezidenti və birinci xanım 2006-cı ildə Gəncəyə səfərləri çərçivəsində Həzrəti Zeynəb məscidini ziyarət etmişlər.
(ardı var)
Fuad ƏLİYEV,
akademik,
Sara ƏZİZOVA,
kimya üzrə fəlsəfə doktoru