Meymunçiçəyi virusu: Bizə gəlib çatacaqmı?!

post-img

Yay fəsli ilə  əlaqədar  ölkələrarası turizm marşrutları genişlənib. lkəmizə gəliş-gedişin artması yoluxucu xəstəliklərin yayılma mənbəyi ola bilərmi? Son illərdə Afrikada və Qərb ölkələrində yayılmış meymunçiçəyini turistlər Azərbaycana da gətirə bilərlərmi? 

Bu sualların cavabında Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov XQ-yə bildirdi:

– 2022-ci ildə Avropadan sonra meymunçiçəyi virusuna ilk dəfə Amerika Birləşmiş Ştatlarında rast gəlinib. İspaniyada 20-dən çox adamda meymunçiçəyi virusunun əlamətləri olduğu aşkar olunub. Portuqaliyada da vəziyyət eyni qiymətləndirilib. Böyük Britaniyada yoluxanların ümumi sayı 10 nəfəri keçib.

İlk vaxtlarda infeksiya 15 ölkədə aşkarlanmışdı. Hazırda yayılmanın 90 faizi Afrika qitəsində, xüsusilə də Konqoda və ətraf ölkələrdə müşahidə edilib. 

Ümumdünya Səhiyyə Təşkilatının xəstəliyə daha həssas münasibətinin səbəbi yayılmanın ötən ilə nisbətən bu il daha sürətli olmasıdır. Təşkilat bütun ölkələri lazım gələrsə, birgə tədbirlər görməyə çağırıb. Meymunçiçəyi nadir bir virusdur. Suçiçəyi xəstəliyinə bənzəyir. Virusun ilk  əlamətləri qızdırma, başağrısı, şişkinlik, bel, əzələ ağrısı və zəiflikdir. 

Təyyar Eyvazov xəstəliyin əlamətlərindən söz açaraq dedi:

– Meymunçiçəyi çiçək virusu ilə eyni ailədəndir, ona görə də xəstəliyin gedişatı da çiçək xəstəliyi ilə çox oxşardır. Xəstəlik qızdırma ilə başlayır, baş və əzələ ağrıları ilə davam edir. Qızdırmadan bir neçə gün sonra səpgilər əmələ gələrək bədənə yayılır. Burada ən qorxulu xəstəliyin pnevmoniya əmələ gətirməsidir. Həmin halda letallıq daha yüksək olur. 

Çox qaşınan səpgilər qabığa çevrilir və bir müddət sonra azalır, yaralar izlər buraxa bilər. Bu virus yoluxucudur, bədənə dəri sıyrıqları, tənəffüs yolları, göz, burun və ya ağızdan daxil olur. Meymun, siçovul və dələ kimi yoluxmuş heyvanlar vasitəsilə və yataq dəsti, paltar kimi əşyalarla da ötürülə bilər. Səpgilərinə, quruluşuna görə, onu çiçək xəstəliyindən ayırmaq qeyri-mümkündür. Çiçək  xəstəliyinə çox bənzəyir, lakin ondan fərqi limfa düyünlərində böyümə əmələ gətirməsi onun xarakterik xüsusiyyətlərindən biridir. 

Hazırda xəstəliyin epidemiyaya çevrilmək riskinin az olduğunu qeyd edən infeksionist daha sonra söylədi:

– Çiçəyə qarşı olan peyvənd meymunçiçəyi virusuna qarşı da 85 faiz halda qoruyucudur. Bundan başqa, Amerikada qeydiyyatdan keçmiş daha bir vaksin də var ki, həmin vaksin həm çiçəyə, həm də meymunçiçəyi virusuna qarşı yüksək qoruyuculuğa malikdir. Yay mövsümündə insanlar, istər turist kimi, istərsə də yaşayış məkanını dəyişərək miqrasiya edirlər. Nəzərə alsaq ki, yoluxma məkanı Afrika arealıdır, o zaman oradan gələnlər yoxlamadan keçəcəklər. İnfeksiya yeni olmadığından həkimlərimiz bu barədə məlumatlıdırlar. Azərbaycanda indiyədək bu infeksiya aşkarlanmayıb və virusun profilaktikası üçün bütün tədbirlər görülür. 

Alimin dediklərinə əlavə edək ki, bu virus ilk dəfə meymunda aşkar edilib. 1970-ci ildən bəri on Afrika ölkəsində epidemiya şəklində yayılıb. 2003-cü ildə Amerika Birləşmiş Ştatlarında insanlara çöl itlərindən keçməklə qeydə alınıb. 2017-ci ildə Nigeriyada meymunçiçəyinə yoluxan 172 xəstənin 75 faizini 21-40 yaş arası kişilər təşkil edib. 2021-ci ildə isə Konqoda bu xəstəlikdən 24 nəfər dünyasını dəyişib. Mütəxəssislərin dediyinə görə, meymunçiçəyinin müalicəsi yoxdur, lakin yoluxmanın qarşısını almaq mümkündür. Amma Afrikada meymunçiçəyi virusu yenidən alovlandığına görə, ölkədə ötən həftə fövqəladə vəziyyət elan edilib. 

Meymunçiçəyi virusu kimi tanınan “M poks” virusu yayılmağa davam edir. “Reuters” agentliyi ötən həftə yaydığı məqalədə bildirir ki, Afrika Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzi bütün qitədə meymunçiçəyi variantının həyəcanverici səviyyədə olduğunu açıqlayıb. Eyni zamanda, meymunçiçəyinə görə gələn həftə ölkədə fövqəladə vəziyyət elan ediləcəyi barədə anons verib. 

Konqoda bu il 13 mindən çox “M poks”a yoluxma, o cümlədən 503 ölüm hadisəsi baş verib.  Meymunçiçəyinin ilk dəfə aşkarlandığı ölkələrə biri də əlavə olunub. Uqandanın 2 şəhərində 3 nəfərdə ilk dəfə bu virus aşkarlanıb. Konqo Respublikasının səhiyyə nazirinin məlumatına görə, yoluxanlardan heç kim vəfat etməyib. Amma sayın artacağı gözlənilir. Ümumilikdə, Afrikada 11 min meymunçiçəyi xəstəsi olub, onlardan 400 nəfəri ölüb. Afrika Birliyi təcili olaraq 10 milyon dollar ayırıb ki, qitədə epidemiyanın qarşısı alınsın.

Zərifə BƏŞİRQIZI

XQ

Sosial həyat