Xınalıq kəndin bu günü

post-img

1990-ci illlərdən sonra Xınalıq kəndin də bir durğunluq və kənd əhalisinin sosial iqtisadi durumunda bir geriləmə müşahidə olunurdu.  Bu yeni müstəqillik əldə etmiş Azərbaycanın bir iqtisadi sistemdən digər iqtisadi sistemə keçidin, Azərbaycan respublikası ərazi bütövlüyü daxilində başlanılmış elan olunmamış müharibənin və bir milyondan çox məcburi köçkünün ölkənin siyasi, iqtisadi və sosial sahələrə mənfi təsirlərin fəsadları idi ki, hər yerdə özünü göstərirdi. Respublikanın hər bir vətəndaşı bu ağrını öz üzərində hiss edirdi.

Ölkədə bazar iqtisadiyyatın tələblərin uyğun başlanan iqtisadi islahatlar Xınalıq kəndində də kolxozların, kollektiv mülkiyyətin özəlləşməyə verilməsindən başlanıldı. 1998-ci ildən kolxoz mülkiyyətində olan heyvandarlıq və maldarlıq təsərrüfatları, biçənək sahələri Xınalıq kənd qeydiyyatında olan vətəndaşlar arasında qanunvericiliyə uyğun olaraq özəlləşdirilmişdir. Özəlləşmədən sonra kənddə şəxsi mülkiyyət əsasında fərdi sahibkarlığın inkişafının ilkin formalaşması ilə bərabər kolxozların ləğvindən sonra kütləvi işsizlik də yaranmışdır.  

Bu da kənd əhalisini kütləvi şəkildə Quba rayonun və digər şəhərlərə köç etmələrinə səbəb oldu. Bir çoxları özəlləşmədən verilən mülkiyyəti səmərəli istifadə edərək sahibkarlığı inkişaf etdirmiş, bir qismi isə məşğulluğun olmaması, gəlirlərin azalması səbəbindən əllərində olan əmlakı satmaqla evlərini tərk etmiş, kənddən köçmüşdürlər. Əhalini kənddən köçməsi sürətləndikcə kənd əhalisin sayının azalmasına, sahibsiz evlərin xarabalıqlara çevrilməsinə səbəb olmuşdur. Kənd əhalisinin kütləvi köç etməsi dıgər tərəfdən də kənddə təhsilin pisləşməsinə, mədəniyyət və adət-ənənələrin yadlaşmasına, dilin asimilasiyaya uğramasına ümumilikdə isə kəndin tarixinə, qədimliyinə və inkişafına mənfi təsir göstərmişdir.

Bu prosses 2006-ci ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın Xınalıq kəndinə səfərinə kimi davam etmişdir. Cənab prezidentin kəndə səfəri sanki kəndə yeni bir nəfəs verdi, Xınalıq kəndin tarixində yeni bir dövrün başlanğıcına səbəb oldu. 2006-ci ildə prezidentin sərəncamı əsasında Quba-İspik-Xınalıq istiqamətində 57 km uzunluğunda alternativ və təhlkəsiz yeni asvalt yolu çəkilmişdir. Yolun çəkilişinə birbaşa nəzarət edərək  yolun açılışında iştirak etmiş və kəndin özündə Xınalıq kənd cammatı ilə görüşmüşdür.  

Kəndə səfərindən qısa müddət sonra, prezidentin şəxsi tapşırığı əsasında 2007- ci ildə  Xınalıq kəndində 300 şagirdlik (50 şagirdin qalmaq imkanı olan) internat tipli orta məktəb tikilimiş, kənddən 5 km məsafədən yeni su xətti və bütün evlərə telefon xəttləri çəkilmiş, mobil rabitə xidmətləri təşkil edilmişdir. Kənd cammatın istifadəsi üçün şadlıq sarayı və ictimai hamam tikilmiş, mədəniyyət evi, cümə məscidi və digər sosial obyektlər əsaslı təmir olunmuşdur. Kənd əhalisinin sosial rifah halının yaxşılaşdırılması məqsədilə dövlət mülkiyyəti hesabına müəssisələr yaradılmış və yeni iş yerləri açılmışdır. 

Azərbaycan Respublikası Prezidentinin  2007-ci il 19 dekabr tarixli 2563 nömrəli sərəcam ilə Xınalıq kənddin tarixi ərazisində “Xınalıq” Dövlət tarix-memarlıq və etnoqrafiya qoruğu yaradılmışdır. 2023-cü il 4 sentyabr tarixində  Xınalıq kənd əhalisinin köçəri heyvandarlıq təsərrüfatı ilə bağlı Qusar, Quba, Şamaxı, Qobustan, Abşeron və Hacıqabul rayonlarından keçən, uzunluğu 200 km yaxın olan  tarixi köç yolu üzərində olan tarixi-mədəni dəyərə malik abidələrin qorunması məqsədilə “Xınalıq” Dövlət tarix-memarlıq və etnoqrafiya qoruğun ərazisində “Xınalıq və Köç yolu” Dövlət Tarix-Mədəniyyət və Etnoqrafiya Qoruğu elan edilmişdir.  2023-cü il 18 sentyabr tarixində UNESCO-nun Ümumidünya İrs Komitəsinin Səudiyyə Ərəbistanının Ər-Riyad şəhərində keçirilən 45-ci sessiyasında Azərbaycanın “Xınalıq və Köş yolu mədəni landşaftı” nominasiya ərazisi  UNESCO-nun Ümumidünya İrs Siyahısına daxil edilmişdir. Bu nominasiya sənədi 2021-ci ildə Dövlət Turzim Agentliyi tərəfindən hazırlanmışdır.  

Hal-hazırda da dövlət proqramına uyğun olaraq Dövlət Turzim Agentliyi tərəfindən kəndin memarlıq üslubunu qorumaq, əhalinin məişət şəraitini yaxşılaşdırmaq, kəndin turizm potensialından səmərəli istifadə etmək məqsədilə kənd evləri əsaslı təmir və bərpa olunur.

Bu gün Xınalıq kəndin qədimliyinin qorunub saxlanılması və kənd əhalisinin rifah halının yaxşılaşdırılması,  mədəni abidələrin təhlükəsizliyin təmini, adət-ənənələrin qorunması və təbliği, Xınalıq dilinin unikllığın qorunması və dilin asimiliyasıyasını aradan qaldırılması və ən əsası dünya miqyasında tanınmasında Azərbaycan Respublikası Prezidentinin  İlham Əliyev cənablarının diqqət və qayğısı əvəzsizdir. Xınalıq kəndinə və xınalıqlılara göstərdiyi əvəzsiz qayğı cənab Prezident qeyd etdiyi kimi, 5000 min il tarixi olan bir kəndin bundan sonra da əbədi olaraq yaşamasına səbəb olan amillərdən olacaq.
 
Yusif ABAYEV, 
ADPU-nun Quba filialının baş müəllimi









Sosial həyat