Bu gün Sosial Tədqiqatlar Mərkəzində “Qlobal çağırışlar və sosial elmlər” mövzusunda dəyirmi masa keçirildi. Tədbirdə STM-in idarə heyətinin sədri Zahid Oruc, Milli Məclisin deputatları Fazil Mustafa, Etibar Əliyev, Hikmət Məmmədov, Elşad Mirbəşiroğlu, Ceyhun Məmmədov, Elman Nəsirov, Bəhruz Məhərrəmov, AMEA-nın Fəlsəfə və Sosiologiya İnsitutunun direktoru İlham Məmmədzadə, Bakı Dövlət Universitetinin sosiologiya kafedrasının müdiri Rəfail Həsənov, ADMİU-nun sosial-siyasi elmlər kafedrasının müdiri Xaləddin Sofiyev və digər aparıcı elm ocaqlarının nümayəndələri iştirak etdilər.
Tədbirin moderatoru Etibar Əliyev müasir dövrdə hər bir cəmiyyətin qlobal çağırışlar qarşısında strateji hədəflərini müəyyən etməli olduğunu söylədi.
STM-nin idarə heyətinin və MM İnsan hüquqları komitəsinin sədri Zahid Oruc qlobal çağırışlara cavab verərkən müasir elmi inkişafın vacibliyini vurğuladı. O qeyd etdi ki, müasir dünyada getdikcə sürətlənən sosial dəyişikliklər son illərdə yeni mərhələyə qədəm qoymaqdadır. Bəşəriyyətin qlobal çağırışları geniş və çoxşaxəli olmaqla ekologiya, energetika, sosial təminat, müdafiə, demoqrafiya kimi uzunmüddətli strategiyalar tələb edən problemləri əhatə edir.
Millət vəkili Fazil Mustafa elmi-akademik və tətbiqi tədqiqatların əhatə dairəsinin genişləndirilməsi, maarifləndirmə yolu ilə cəmiyyətin sosial biliyinin artırılması və dünyanın gələcəyi naminə kollektiv məsuliyyətin inkişaf etdirilməsi tələbindən söz açdı.
Professor İlham Məmmədzadə müasir dövrdə sosial elmlərin metodoloji və ümumfəlsəfi aspektlərinə toxundu.
Tədbirdə Sosial Tədqiqatlar Mərkəzi tərəfindən tərcümə və nəşr edilən “Sosiologiyada əsas anlayışlar” (E.Giddens, F.Satton) kitabı təqdim edildi. Azərbaycan dilində nəşrin redaktoru və tərcüməçilərindən biri, Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri Humay Axundzadə qeyd etdi ki, qlobal çağırışlar həm ictimai, həm də təbii prosesləri əhatə etsə də, bu problemlərin uzunmüddətli həlli yolları, fəsadlarının qarşısının alınması sosial elmlərin nailiyyətləri və potensialını tətbiq etməklə mümkündür.
Daha sonra millət vəkilləri qlobal və lokal problemlərin həll yolları barədə perspektivlərdən söz açdılar. Ali məktəbləri təmsil edən proseffor-müəllim heyəti təqdim edilən sosioloji terminlər lüğətinin sosial elmlər sahəsində təhsilin təkmilləşdirilməsi üçün vacibliyini vurğuladılar.
Anar ƏLİ
XQ