Naxçıvanda “Qərbi Azərbaycana qayıdış” hərəkatına dəstək təntənəsi

post-img

Qədim türk yurdu Naxçıvan Muxtar Respublikasında Azərbaycan Prezidentinin Səlahiyyətli Nümayəndəliyi, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Naxçıvan Dövlət Universiteti və Qərbi Azərbaycan İcmasının birgə təşkilatçılığı ilə ikinci dəfədir ki,“Qərbi Azərbaycana qayıdış” festival-konqresi keçirilir.

Bu ümumxalq hərəkatına dəstək aksiyasının qonaqları və çoxsaylı yerli iştirakçıları ilk gündə Zəngəzur Milli Parkının Batabat yaylağında “Qərbi Azərbaycana qayıdış” festival-konqresinin rəsmi açılış mərasimində və möhtəşəm festival təntənəsində Qərbi Azərbaycan İcmasının fəalları və muxtar respublikada illərdən bəri məskunlaşmış qaçqın soydaşlarımızla  birlikdə şənləndilər, əzəli yurd yerlərimizə dönüş əzmini inamla nümayiş etdirdilər.

Ulu Dədə Qorqud timsalında aksiyaya xeyir-dua verildi. Oğuz elinin çaparları Batabat yaylağının yüksəkliklərində qədimlərdə olduğu kimi 3 tonqal qaladılar. Sonra “Zəfər” kompozisiyası təqdim olundu. Əlahiddə Ümumqoşun Ordunun Şuşayadək zəfər yolu keçən qəhrəmanları Şuşaya sancılan və Zəfər paradında nümayiş etdirilən Zəfər Bayrağını meydana gətirdilər. Şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildi, hərbi orkestrin müşayiəti ilə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi. 

2023-cü ilin antiterror tədbirlərində əldə etdiyimiz möhtəşəm qələbəyə həsr olunmuş “Zəfər marşı” ifa olundu. Naxçıvan Dövlət Universiteti Tələbə Teatr Studiyası tərəfindən “Dərələyəz” kompozisiyası təqdim edildi. Ötən il keçirilmiş “Qərbi Azərbaycana qayıdış” festival-konqresindən yaddaqalan məqamları əks etdirən videoçarx nümayiş olundu.

Festival-konqresin plenar iclasında Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli  iştirakçıları salamlayaraq aksiyaya uğur arzuladı. Bildirdi ki, 2022-ci il dekabrın 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Qərbi Azərbaycandan olan bir qrup ziyalı ilə görüşü zamanı müəyyənləşdirdiyi tapşırıqlara uyğun olaraq ölkəmizdə Qərbi Azərbaycana qayıdışla bağlı konsepsiya qəbul olunub, bu istiqamətdə konkret tədbirlərin icrasına başlanılıb. Naxçıvanda keçirilən növbəti “Qərbi Azərbaycana qayıdış” festival-konqresi də ölkəmizdə bu sahədə görülən işlərin tərkib hissəsi olmaqla yanaşı, həm də xalqımıza qarşı törədilmiş haqsızlıqlara bir daha nəzər salmaq fürsəti yaradacaqdır. 

Səlahiyyətli nümayəndə vurğuladı ki, qaçqın soydaşlarımızın öz əzəli ­torpaqlarında yaşamaq hüququ var və bu hüquq beynəlxalq konvensiyalarda təsbit edilib. Məhz bu səbəbdən də Zəngəzurda, İrəvanda və digər əzəli Azərbaycan torpaqlarında yaşamaq hüququnu beynəlxalq birlik qarşısında qaldıran xalqımız əmindir ki, Qarabağa və Şərqi Zəngəzura Böyük Qayıdışın davamı olaraq Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Qərbi Azərbaycana qayıdış da reallaşacaqdır.

“Qərbi Azərbaycana qayıdış” festival-konqresi üçün zəngin proqram hazırlandığını diqqətə çatdıran Fuad Nəcəfli plenar və bölmə iclaslarındakı çıxışların, aparılan müzakirələrin ümumi məqsədə çatmaq üçün səmərəli olacağını bildirdi.

Azərbaycan Respublikasının elm və təhsil naziri Emin Əmrullayev builki festival-konqresin Azərbaycanın dilbər guşələrindən biri olan Batabat yaylağında təşkil olunmasının daha bir özünəməxsusluğunu diqqətə çatdırdı.Nazir qeyd etdi ki, festivalın təşkil olunduğu bu füsunkar məkandan cəmi bir neçə kilometr məsafədə vaxtilə həmvətənlərimizin yaşadıqları Qərbi Azərbaycan kəndləri yerləşir. Yəni builki festival bizi həm ruhən, həm də coğrafi olaraq Qərbi Azərbaycana daha da yaxınlaşdırır. 

Qərbi Azərbaycan İcması İdarə ­Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli rəhbərlik etdiyi icma adından hər kəsi salamlayıb, ötən il keçirilən ilk festival-konqresin uğurlu nəticələrindən danışdı. Ə.Ələkbərli festival-konqresi Qərbi Azərbaycana Qayıdış Konsepsiyasının ideya müəllifi Prezident İlham Əliyev və xalqımız qarşısında hesabat kimi dəyərləndirib, ötən dövrdə qarşıda duran vəzifələrin icrası istiqamətində görülən işləri diqqətə çatdırdı.

Qərbi Azərbaycan İcması İdarə Heyətinin üzvü, Qərbi Azərbaycan Araşdırma Mərkəzinin təsisçisi, professor Mahirə Hüseynova bu ağrılı problemin gündəmə çevrilməsində, yüz minlərlə insanın tarixi Vətəninə qovuşmaq istəyini müxtəlif yerli və beynəlxalq təşkilatların platformalarından dünya ictimaiyyətinə çatdırılmasında göstərdiyi ardıcıl dəstəyə görə Prezident İlham Əliyevə şükranlarını çatdırdı, doğma Naxçıvandan həqiqətlərin bəyan edilməsi üçün yaradılan platformaya görə əməyi keçən hər kəsə təşəkkür etdi. 

Türkiyənin İğdır Universitetinin rektoru, professor Mehmet Hakkı Alma çıxışında Nuh peyğəmbərin diyarı olan Naxçıvanın sadəcə Azərbaycan və Türk dünyası üçün deyil, bütün dünya üçün önəmli bir coğrafiya olduğunu bildirdi.

Mərasimdə “Qərbi Azərbaycana qayıdış” olimpiadasının qalibi olmuş şagirdlər mükafatlandırıldı.

***

“Qərbi Azərbaycana qayıdış” festival-konqresi bədii hissə ilə davam etdi.Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin ­səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli festival şənliklərində Qərbi Azərbaycanın 11 mahalının etnoqrafik təqdimatlarında iştirak etdi.

Festivalda Naxçıvan Dövlət Universiteti və Azərbaycan Milli Konservatoriyasının kollektivlərinin ifasında Qərbi Azərbaycanın yurd yerlərinə həsr olunmuş mahnılar, folklor nümunələri təqdim olunub, Naxçıvan Dövlət Universiteti Musiqi Kollecinin təqdimatında “Misri” kompozisiyası nümayiş etdirildi. İştirakçılar Qərbi Azərbaycan tarixi, mədəniyyəti və məişətinə dair nümayiş etdirilən kitab, monoqrafiya, jurnal və qəzetlərlə tanış oldular.

Batabat yaylağının füsunkar mənzərəsi fonunda toy məclisi quruldu, Qərbi Azərbaycandan olan iki gəncin toy mərasimi keçirildi. Mərasimdə bu əzəli yurd yerimizin toy adətləri: “Elçilik”, “Nişan taxma”, “Paltar biçmə”, “Çörəküstü”, “Xına”, “Gəlin köçürmə” kimi mərasimlər nümayiş etdirildi.

Toy mərasimində Naxçıvan Dövlət Universitetinin İncəsənət fakültəsi və Musiqi Kollecinin müəllim və tələbələrinin ifasında qərbi azərbaycanlı soydaşlarımıza məxsus musiqi nömrələri, aşıq havaları, kompozisiyalar səsləndirildi, yallı və digər rəqs nümunələri ifa olundu, xalq oyunları göstərildi. Pedaqoji fakültənin tələbələri isə Qərbi Azərbaycanda məşhur olan idman oyunlarını nümayiş etdirdilər. 

Naxçıvan Dövlət Universitetinin Texnologiya Mərkəzinin təşkil etdiyi Qərbi Azərbaycan mətbəxinə məxsus kulinariya sərgisini də festival-konqres iştirakçıları böyük maraqla qarşıladılar. Sərgiyə 60-dan çox milli yemək, 44 çeşiddə meyvə və meyvə qurusu, 30 adda müalicəvi bitki,  94 növdə mürəbbə, 12 adda bitki çayı, 13 növdə şirniyyat, 20-dən çox adda xoşab və meyvə şirəsi çıxarılmışdı.

Çadırların hər birində təmsil etdiyi mahala məxsus adət-ənənələr, milli geyim, mətbəx, dekorativ-tətbiqi sənət, məşiət əşyaları, quramalar, xalçalar, keçəçilik sənəti, bədii tikmə nümunələri, musiqi alətləri, suvenirlər, Qərbi Azərbaycanın tarixi abidələrinin maketlərindən ibarət sərgilər açılıb, xalq oyunları, aşıq mahnıları, rəqslər və digər nümunələr təqdim olunurdu.

Qədim yurd yerimiz olan Qərbi Azərbaycan torpaqlarında xalqımızın min illərlə formalaşdırdığı və yaşatdığı mədəniyyəti təbliğ etməklə yanaşı, əzəli yurd yerinə qayıdış prosesinə elm və təhsil ictimaiyyətinin dəstəyini ifadə etmək məqsədi daşıyan konqres-festivalda  ölkənin müxtəlif universitet, akademiya və elmi-tədqiqat institutlarında, həmçinin Türkiyə universitetlərində fəaliyyət göstərən tədqiqatçılar bir araya gəlib. Bu gün davam edəcək  konqres çərçivəsində keçirilən bölmə iclaslarında elm adamlarının Qərbi Azərbaycanla bağlı əldə etdikləri elmi yeniliklər dinləniləcək və fikir mübadiləsi aparılacaq. 

Tahir AYDINOĞLU, 
Səbuhi HƏSƏNOV 
XQ

 



Sosial həyat