Azərbaycanda alimlik və elmi təcrübənin “fəlsəfi formulu”

post-img

Azərbaycanın elmi-texniki səviyyəsini inkişaf etdirmək üçün yüksək təhsilə, elmə nail olmalıyıq.

Heydər ƏLİYEV,

Ümummilli lider

Cəmiyyətdə alimin yeri

Alimliyi, adətən, ümuminsani və ümumbəşəri fenomen kimi qəbul edirlər. Böyük mənada “alimliyə” anlayış kimi baxsaq, əlbəttə, belədir. Çünki bu dünyada ancaq insan alim ola bilir. Başqa varlıqlardan hansınınsa alim olması təcrübəsi hələlik yoxdur. Kimsə süni intellektin nə vaxtsa, insan kimi yaradıcı ola biləcəyini düşünürsə, bu da xəyal dünyasının elementlərindən biridir (hələlik belədir).

Ancaq alimlik insan reallığı kimi həm anlamda, həm də funksiyada çoxmənalıdır. Alimin məntiqi təfəkkür, emosional təfəkkür, duyğusallıq və digər keyfiyyətləri haqqında insanlar “müdrik”, “bilikli”, “mənəviyyatlı”, “əxlaqlı”, “qayğıkeş” və digər fəzilət sahibi olaraq, fikir söyləmişlər və indi də söylənilir. Məhəmməd peyğəmbər (s.) alimlərlə bağlı dillər əzbəri olan fikir demişdir: “Alim öldü, aləm öldü”! Bu dərin və çox orijinal fikrin mənaları üzərində dayanmıram. O, ayrıca bir araşdırmanın mövzusudur. Yalnız onu demək istərdim ki, alimin bu dünyada “aləm yaradan bəndə” olması deyimi alimliyin ən yüksək pillədə olduğunun dində təsdiqidir. Niyə?

Çünki dünyanın mahiyyətini, insanın kimliyini və həyatının mahiyyətini, cəmiyyətin varoluşunun təməllərini alimlər aydınlaşdırırlar. Bu prosesdə ümumilikdə alimlərin nə dərəcədə uğurlu olduğu ayrıca dərin fəlsəfi problemdir. O cümlədən, konkret hansı alimin dünyaya nə kimi yeniliyi gətirməsi də xüsusi mövzudur. Burada əsas olanı odur ki, bütün bəşəriyyət üçün alim elə bir nurlu çıraqdır ki, dünyanın ən qaranlıq guşələrini belə işıqlandırmağa çalışır. Alim bu anlamda “aləmi insanlar üçün yaradandır”. Alimin həmin yolda fəzilətli olması peşə deyil, missiyadır, alimliyin boynuna qoyulmuş yükdür!

Lap qədimlərdən hər bir xalqın öz “alimi” və “alimlik” fəlsəfəsi” olmuşdur. Onların hamısını birləşdirən ümumi keyfiyyət isə müdriklik, ağıllılıq, dünya və insan haqqında dərin bilgilik və fəzilətlilik olmuşdur.

Qədim yunanlardan Platon bu keyfiyyətlərə görə, 7 müdriki müəyyən etmişdir. Platona görə, Fales, Pittak, Biant, Solon, Kleobul, Mison və Hilon müdrikdirlər. Başqa siyahı da vardır. Onların “Özünü dərk et”, “Ölçüdən yuxarı heç nə yoxdur”, “Ölçü hər şeydən əhəmiyyətlidir”, “Həyatda ən başlıcası sondur” və digər deyimləri məşhurdur.

Platon müdrikliyi həmişə öyrənməyə canatma ilə tərif etmişdir. Lakin burada başqa bir şərt də digər yunan filosoflar tərəfindən qoyulur: çox bilmək müdriklik deyildir. Bununla bağlı Heraklitin maraqlı deyimi vardır: “Çox bilmək ağıllanmağı öyrətmir, elə olsaydı, Pifaqor müdrik olardı”. Lakin bir sıra filosoflar məhz Pifaqoru da müdriklər sırasına daxil etmişlər. Paradoks...

Digər xalqlarda da buna bənzər təsniflər mövcuddur. Onların alimlik kriteriyaları fərqli ola bilir. Lakin hamısını birləşdirən başlıca cəhət alimin insanlar, cəmiyyət və dünya üçün yalnız müsbət işlər görmələri və bunun üçün də hamıdan ağıllı, bilikli və müdrik olmaları ilə əlaqəlidir. Eyni zamanda, əsl alim alimliyini əmələ çevirə bilməlidir (Tofiq Hacıyev). Təsadüfi deyildir ki, türklərdə Bilgə Xaqan, Bilqamıs (hər şeyi bilən adam) və s. anlayışlar vardır. “Kutadğu-Bilik” və “Nizamülmülk”də alimlik dünyəvi olmaqla yanaşı, dövləti və toplum fenomeni kimi də təqdim edilir. Bu zaman, alimlərə xüsusi qayğı və diqqətin göstərilməsi vacibliyi ayrıca vurğulanır. Məsələn, “Kutadğu-Bilik”də yazılır ki, hökmdar alimi təmin etməlidir, olmasa, başqası bu işi görəcəkdir ki, alim də kənara xudmət etməli olacaq.

Azərbaycan şifahi yaradıcılığında alimlər və alimlik daima xüsusi yer tutmuşdur. Bir qayda olaraq, alim xilaskar, ağsaqqal, müdrik, xalqsevər, biliyini xüsusi olaraq şagirdləri ilə paylaşan, inanclı, çalışqan və ədalət tərəfdarı obrazlarında tədqim olunmuşdur.

Cəmiyyət dəyişdikcə, strukturu və funksiyaları inkişaf etdikcə alimlik obrazı da yeniləşmişdir. Müasir dövrdə alim və alimliyin öncəki tarixi mərhələlərdən fərqli keyfiyyətləri mövcuddur. Məsələn, indi alimlərin sayı çoxdur. Onlar, demək olar ki, cəmiyyətin bütün təbəqlərindən çıxa bilirlər. Hətta, ziyalı kimi alimlər ayrıca sosial kəsim kimi qəbul edilirlər.

Son illər alimlər və alimlik “prekariat” statusunda (yəni daimi iş yeri olmayan və keçici müqavilələr əsasında araşdırma aparan yaradıcı adam) da özünü göstərir. Bu təbəqəni bir sıra fəlsəfi və sosioloji araşdırmalarda cəmiyyətə təhlükə kimi tədqim edirlər. Digərləri isə artıq onların fəaliyyətini “akademik rəsmi sistemdən kənar”, lakin onlarla eyni hüquqlara malik alimlər kimi qəbul edilməsini daha doğru sayırlar. Hər bir halda alim və alimlik yenə də cəmiyyət üçün olduqca əhəmiyyətli olan fenomenlər kimi qəbul edilməkdədir. Bir nümunə vurğulanmalıdır.

Keçən əsrin ikinci yarısından ABŞ-də ən nüfüzlu peşə müəyyənləşdirən sosioloji araşdırmalar aparılır. Hər il keçirilən sorğularda professorluq birinci olmuşdur. Müqayisə üçün hakimlik, prokurorluq peşəsi isə 6-7-ci sırada yer almışdır. Lakin bu cür qiymətləndirmənin bütün dövlətlər və cəmiyyətlər üçün universal olduğunu demək mümkün deyildir. Burada alimin və alimliyin öz tarixçəsi vardır. Həmin tarixçəyə uyğun da alim və alimlik obrazı formalaşır. Məsələn, Latın Amerikasını fəlsəfi aspektdə araşdıran alimlərin qənaətinə görə, orada təhsil ənənəvi olaraq aşağı səviyyədə olduğundan Avropa üçün müəyyən edilən təsnifat keçərli deyildir – alimin nüfuzu ilə bağlı tamamilə fərqli pilləvari struktur alınır.

“Hər birimiz kitablara borcluyuq”

Şərqdə və ayrıca Azərbaycanda alimin və alimliyin öz ənənəsi mövcuddur. Fəlsəfi araşdırmalara görə, şifahi mədəniyyətin üstünlük təşkil etdiyi tarixi mərhələdə (M.Maklüyen) bilik, bir qayda olaraq, ustaddan (müəllimdən) şagirdə (tələbəyə, öyrənənə) vahid qaydada ötürülürdü. Burada dəmir qayda şagirdin ustada tam sədaqətli olması və ustadın şagirdə bildiyini dəyişməz halda tam paylaşmasından ibarət idi. Deməli, vəzifə ilə məsuliyyət qarşılıqlı müəyyən edilmişdi: müəllim biliyini şagirdi ilə tam paylaşmalı, şagird isə aldığı biliyi deyildiyi kimi tətbiq etməli və öz növbəsində digərlərinə ötürməlidir. Bundan başqa, müəllimlə şagird arasında mütləq mənəvi-əxlaqi bağlantı olmalıdır: “Əti sənin, sümüyü mənim” deyimi!

Yazılı mədəniyyət dövründə alim, alimlik, biliyi paylaşma mexanizmləri yeniləşməyə başladı. Artıq alimin birbaşa bir şagirdlə bilik paylaşması modeli mütləq və yeganə bilik paylaşmaq üsulu deyildir. Çünki alim kitabı yazır və çox sayda nəşr etdirir ki, biliyini bu üsulla görmədiyi və tanımadığı insanlarla paylaşa bilir. Bunun üçün nəşr evləri və kitabxanalar yaranır. Məktəblər təşkil edilir və Orta əsrlərdə universitetlər qurulur. Marşall Maklüyen bu prosesi “Hutenberq qalaktikası” kimi obrazlı ifadə edir. Hutenberq Avropada ilk kütləvi kitab nəşr edən mətbəənin sahibinin adıdır. Bu adam həmin dövrdə ən varlı və tanınmış şəxs olmuşdur. Avropa cəmiyyətinin elitası Hutenberqin evinə yığışırmış və s.

Azərbaycanda alimlik və biliyin paylaşılması üsulu Bizansın dağılmasından sonra yunan fəlsəfi və elminin təsiri ilə məktəblərin meydana gəlməsi fonunda tədricən dəyişməyə başlamışdır. Bu məsələ üzərində geniş dayanmayaq, lakin avropalı səyyahlar VII-XI əsrlərdə Azərbaycan ərazisinə səyahətləri zamanı burada güclü elmi-tədris məktəblərinin mövcudluğundan heyranlıqla yazmışlar. Həmin məktəblərdə dini tədrislə yanaşı, dünyəvi elmlərin öyrədilməsi də yüksək səviyyədə olmuşdur. Nəsirəddin Tusinin Marağadakı elm ocağı dünyada məşhur idi. Ədəbildə, Təbrizdə, Marağada, Naxçıvanda, Bakıda, Şamaxıda və digər Azərbaycan şəhərlərində güclü məktəblər vardı ki, dövrün tanınmış alimləri orada çalışırdılar.

Bütün bu prosesin nəticəsi idi ki, əsrlərlə Azərbaycanda güclü fəlsəfi, elmi və bədii yaradıcılıq mühiti olmuşdur. Böyük alimlər, şairlər, səlnaməçilər, tarixçilər, ədəbiyyatçılar dünyada tanınmışlar. Bütün bunlar Azərbaycanda alim, alimlik və biliyin, elmi təcrübənin paylaşılmasına xüsusi məna və məzmun vermişdir.

Azərbaycanda dayanıqlı bir ziyalılıq ənənəsi formalaşmışdır. Onun başlıca xüsusiyyətini ulu öndər Heydər Əliyev müxtəlif deyimlərində dəqiq ifadə etmişdir. “Azərbaycan xalqı yüksək elmə, biliyə savada...malik xalqdır”, “Azərbaycanda elmi həmişə cəmiyyətin ali dəyəri hesab etmişlər”, “Hər birimiz kitablara borcluyuq” və digər kəlamlarında Ümummilli lider ölkəmiz və cəmiyyətimiz üçün alimin, müəllimin, ziyalılığın xüsusi rolunu vurğulamış və bu ənənənin indi də davam etdiyini vurğulamışdır.

Mənəviyyat və əxlaq

Bunlar belə bir nəticə çıxarmağa tam əsas verir: Azərbaycanda alimliyin, ziyalılığın və biliyi paylaşmanın öz təcrübəsi qədimdən formalaşmışdır və bunun fəlsəfi dərki olduqca vacibdir. Bu vaciblik həm, ümumiyyətlə, alimliyin mənası aspektində, həm də tarix boyu alimlərin cəmiyyətin varlığında göstərdiyi xidmətlərə görə mütləq nəzərə alınmalıdır. Azərbaycanda əsl ziyalı və alim obrazının fəlsəfi cizgiləri çəkilməlidir ki, onun fonunda elmi biliyin ünsiyyətdə və başqa üsullarla paylaşılmasının cəmiyyətimiz üçün əhəmiyyətini araşdırmaq mümkün olsun. Qısa desək, Azərbaycanda alimliyin və elmi biliyi paylaşmanın “fəlsəfi formulu”nu birgə müəyyən etmək çox lazımdır.

Məsələnin tarixi aspektdə əhəmiyyəti alimlərin toplumumuzda oynadıqları rolun məzmununda aydın görünür. Heydər Əliyev çox doğru olaraq vurğulayırdı ki, Azərbaycan xalqının formalaşmasında elm və təhsil həlledici rol oynamışdır. Bu cəmiyyət üçün alimlik və müəllimlik həmişə müqəddəs sayılmışdır. Deməli, cəmiyyətin ən dərin qatlarına qədər alimlər təsir etmişlər, onu formalaşdırmanın mexanizmlərini yaratmışlar və yollarını göstərmişlər. “Kutadğu-Bilik” kitabı nümunəsində bunu görə bilərik.

“Kutadğu-Bilik” “Dövlət Olma Bilgisi” deməkdir ki, həm də “Xoşbəxtlik verən bilgi” mənasını verir. Əsəri Yusuf Balasaquni (Yusuf Has Hacib) XI əsrdə Qara Xana ithafən yazmışdır. Deməli, türk toplumları və dövləti üçün bilik xoşbəxtliyin rəmzi olmuşdur. Eyni zamanda, elm sayəsində dövlət olmanın mümkünlüyü fəsəfəsi qəbul edilmişdir. Kitabın mətnində də alimlərin və alimliyin yüksək qiyməti verilmiş, onları qorumağın və həyat şəraitlərini təmin etmənin dövlətin müqəddəs borcu olduğu fikri irəli sürülmüşdür. Çünki türk qavramında alim cəmiyyətin yaradıcısı, alimlik isə onun mənəvi-əxlaqi aləminin istehkamıdır. Bu iki keyfiyyətin birliyi əsl anlamda türk alimi və alimliyini müəyyən edir.

Belə alınır ki, qədimdən bu yana Azərbaycan alimliyində başlıca xüsusiyyətlər dərin və geniş bilgi ilə yanaşı, ictimai faydalılıq və mənəvi-əxlaqi dəyərlər öncül rol oynamışdır. Bu isə o deməkdir ki, Azərbaycan alimi çalışqan, bilik əldə etməkdən usanmayan şəxsiyyət olmaqla yanaşı, mütləq ictimai faydası olan və davranışı ilə bütün topluma nümunə göstərən insan olmalıdır. Heydər Əliyev bu səbəbdən həmişə Azərbaycan alimliyində mənəvi-əxlaqi nümunəni ön plana çəkirdi. Azərbaycanda alimliyin kriteriyalarından biri mənəviyyat və əxlaqdır!

Bu özəllik Azərbaycan alimi və alimliyi üçün ünsiyyət və bilik paylaşımı keyfiyyətini ön plana çıxarır. Bununla bağlı Azərbaycanda müasir mərhələdə hansı təcrübə mövcuddur?

(ardı var)

Füzuli QURBANOV,
XQ-nin analitiki, fəlsəfə elmləri doktoru

Sosial həyat