Gənc kinematoqrafçılar beynəlxalq festivalda

post-img

Rejissor Aynur Kazımova ilə ssenarist-prodüser Nicat Dadaşov Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda keçirilən nüfuzlu “WARM” festivalı çərçivəsində “WARM Academy” proqramında iştirak ediblər.

Festival çərçivəsində Aynur Kazımova “Sıfırdan başlamaq” adlı tammetrajlı sənədli filmi ilə pitçinqdə iştirak edib. Bu filmdə Birinci Qarabağ müharibəsi zamanı qaçqın düşmüş uşaqların oyun və xəyallarına müharibənin təsiri göstərilir.

Nicat Dadaşovun prodüser qismində təqdim etdiyi “Mənim virtual evim” (ideya müəllifi və rejissor Ülviyyə Əhmədova) sənədli film-layihəsi isə Ermənistandan didərgin düşmüş 85 yaşlı Vəlinin ömrünün sonunda doğma evini son dəfə görmək istəyindən bəhs edir.

“WARM Academy” müasir dünyamızda münaqişələr və müharibədən sonrakı keçid dövrlərinin sənədli dillə işlənməsinə dəstək vermək məqsədilə yaradılmış multidisiplinar tədris proqramıdır. Akademiya “WARM” festivalı ilə paralel şəkildə keçirilir və dünyanın müxtəlif ölkələrindən gəlmiş jurnalistləri, sənədli film rejissorlarını, tədqiqatçıları və sənətkarları bir araya gətirir. Proqram iştirakçılara müharibə mövzusunun etik çərçivədə necə işlənməsi, əsərin bədii təsir gücünün artırılması və peşəkar yanaşmalar haqqında bilgilər qazandırır.

Azərbaycanlı nümayəndələr festival müddətində rejissorlar, prodüserlər, fotojurnalistlər və konflikt sahəsində çalışan beynəlxalq ekspertlərlə geniş əlaqə qurmaq imkanı əldə ediblər. Festival onların Azərbaycan həqiqətlərini beynəlxalq auditoriyaya çatdırmaları üçün önəmli fürsət olub.

XQ

Mədəniyyət