Milli xalçaçılığımızın tarixi min illərlə əvvələ gedib çıxır. Heredot, Klavdi Elian, Ksenofont və başqa tarixçilər bu barədə yazıblar. Artıq 15 ildir ki, Azərbaycan xalçası UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısında layiqli yerini tutur.
Gürcüstanın Marneuli şəhərində Azərbaycan xalçalarının sərgisinin açılışında bu barədə məlumat verilib. Sərginin ekspozisiyası şəhər İctimai Kitabxanasının həyətində nümayiş etdirilir. Ziyarətçilər Qarabağ, Şirvan, Şamaxı, Quba, eləcə də Gürcüstanın Qarayazı, Borçalı və digər bölgələrinə aid xalçalar, eləcə də müxtəlif əl işləri ilə yaxından tanış olurlar. Onlara qədim Azərbaycanın mədəniyyətinin misgərlik və digər əl işləri barədə də məlumat verilir.
Marneuli Mədəniyyət Mərkəzinin təşkil etdiyi sərginin açılış mərasimində Aşıq Nargilə Mehdiyevanın ifa etdiyi Azərbaycan xalq və bəstəkar mahnıları da xoş ovqat yaradıb. Qeyd edək ki, bu Mədəniyyət Mərkəzində xalçaçılıq sənəti dərnəyi də fəaliyyət göstərir, ödənişsiz xalçatoxuma kursları təşkil olunub.
XQ