Qəbələ Beynəlxalq Musiqi Festivalı başladı

post-img

Sayca 14-cü olan bu musiqi festivalına dünən axşam saatlarında start verilib. Bayramın açılış mərasimi Heydər Əliyev Fondunun təşəbbüsü və təşkilatçılığı, Mədəniyyət Nazirliyi, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası və “Gilan”ın dəstəyi ilə “Qafqaz Resort”un açıq səhnəsində reallaşıb.

Rəsmi hissədən sonra Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestri və Fikrət Əmirov adına Əməkdar Kollektiv, Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının Xor qrupu, tanınmış ifaçılar tamaşaçılar qarşısında geniş konsert proqramı ilə çıxış ediblər.

Dahi bəstəkar Üzeyir Hacıbəylinin 140 illik yubileyi çərçivəsində keçirilən festivalda Azərbaycan musiqiçiləri ilə bərabər, xarici ölkələrdən gəlmiş tanınmış ifaçılar, gənc istedadlar, musiqi kollektivləri iştirak edirlər. Festival günlərində, həmçinin görkəmli musiqi xadimləri Rauf Atakişiyevin 100, Vasif Adıgözəlovun 90 illik yubileyləri də xüsusi konsert proqramları ilə qeyd ediləcək.

Festival günlərində musiqisevərlər, həmçinin “Mercadonegro ” musiqi qrupunun (Latın Amerikası), Tbilisi Big Band ansamblının (Gürcüstan), “Ciurlionis” kvartetinin (Litva), həmçinin “Gənclərə dəstək” layihəsi iştirakçılarının, Q.Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin, “Detaşe-Sabah” violinoçular ansamblının, Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyası tələbələrinin, Bakı Dövlət Kamera Orkestrinin, tanınmış musiqiçilərin çıxışlarını izləyə biləcəklər.

Artıq gözəl ənənəyə çevrilən festival bir həftə davam edəcək.

XQ

Mədəniyyət