Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin tərəfdaşlığı ilə “İKT-də Qadınlar” layihəsi çərçivəsində “Rəqəmsal Sahibkarlıq” müsabiqəsi qaliblərinin mükafatlandırması mərasimi keçirilib. Öncə final mərhələsinə keçən 11 iştirakçı öz layihələrini təqdim edib və münsiflər tərəfindən qiymətləndirilib.
Mükafatlandırma mərasimində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova qadınların informasiya və kommunikasiya texnologiyalarına çıxışının və bu sahədə fəal iştirakının cəmiyyətin davamlı inkişafı üçün mühüm vasitə olduğunu qeyd edib. Əlavə edib ki, bu, ilk növbədə sosial ədalətin bərpası, eyni zamanda bu sahədə olan imkanlardan istifadə edərək iqtisadi və sosial ehtiyacların ödənilməsi üçün olduqca vacibdir.
Komitə sədri bildirib ki, Azərbaycanda iqtisadiyyatın inkişafı, xüsusilə kiçik və orta sahibkarlığın inkişafına diqqət yetirsək görərik ki, bu sahədə qadınlar zaman keçdikcə daha inkişaf edirlər. Rəqəmsal bacarıqların qazanılması, qadınların əmək bazarında daha geniş imkanlar əldə etməsi, rəqabətliliyin artırılması onların iqtisadi müstəqilliyinin formalaşması və cəmiyyətə daha çox töhfə verməsi işinə şərait yaratdığı üçün bu məsələlər həm də beynəlxalq və ölkədaxili təhlillərin obyekti kimi çıxış edir. Qlobal səviyyədə bu sahədə iştirak bərabərliyinin hələ də təmin olunmadığını vurğulayan sədr əlavə edib ki, BMT-nin məlumatlarına görə qadınlar dünyada elm və texnologiya sahəsində çalışanların yalnız 28 faizini, rəqəmsal texnologiyalar üzrə iş yerlərində isə 20 faizini təşkil edir.
Azərbaycanda isə İKT sahəsində çalışanların təxminən 30 faizinin qadınlar olduğunu qeyd edən komitə sədri, qadınların innovasiyaya və rəqəmsal iqtisadiyyata çıxış imkanlarının daha geniş və sistemli şəkildə dəstəklənməli olduğunu əlavə edib. Vurğulayıb ki, məhz bu hədəflərə xidmət üçün AQUDPK, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, eləcə də İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi ilə birgə müsabiqə həyata keçirilib: "Məqsəd qadınların İKT sahəsində təşəbbüslərini stimullaşdırmaq, onların cəmiyyətə təsir edə biləcək layihələrini ön plana çıxarmaq və təşviq etməkdir. Bu müsabiqə UNESCO-nun təşəbbüsü olan və hazırda 70-dən çox ölkədə fəaliyyət göstərən "İnformasiya Hamı üçun" (IFAP) proqramı çərçivəsində reallaşdırılır.
B.Muradova müsabiqənin nəticələrinin uzunmüddətli təsirə malik olacağını, rəqəmsal sahibkarlığın daha geniş yayılmasına və qadınların bu sahədə rolunun güclənməsinə töhfə verəcəyinə inamını ifadə edib. O, qalibləri təbrik edib, bütün iştirakçılara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Samir Məmmədov müsabiqəni qadınların texnologiya sahəsinə inteqrasiyasının, rəqəmsal bacarıqlarının artırılmasının və cəmiyyətin dayanıqlı inkişafında oynadıqları mühüm rolun bariz göstəricisi olduğunu qeyd edib. Bildirib ki, İKT sahəsi və rəqəmsallaşma bu gün texnoloji tərəqqinin əsas istiqamətlərindən biri olmaqla yanaşı, dövlət siyasətində prioritet mövqe tutur. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi bu sahənin bütün vətəndaşlar, o cümlədən qadınlar üçün əlçatan olmasını təmin etmək məqsədilə ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirir: “Son illərdə İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin İKT sahəsi üzrə həyata keçirdiyi təqaüd proqramları və layihələrdən 4 mindən çox qadın yararlanıb”.
Nazir müavini bildirib ki, istər sosial, istərsə də iqtisadi aspektdən baxdıqda, xanımlarımızın informasiya-kommunikasiya texnologiyaları sektorunda fəal iştirakı ölkəmiz üçün son dərəcə əhəmiyyətlidir.
Müsabiqənin münsiflər heyətinin üzvü, Femmes Digitales "Texnologiyalar Sahəsində Qadınlara Dəstək" İctimai Birliyinin baş katibi Səyyarə Hüseynova təşəbbüsə ev sahibliyi etdiyinə görə AQUPDK-nə, eləcə də tərəfdaş qurumlara təşəkkürünü bildirib. Son 7 il ərzində həm məktəblilərlə, həm texnologiya sahəsində çalışan qadınlarla sıx təmasda olduğunu bildirən S.Hüseynova, bu müddət ərzində onların istedadını, iradəsi və inkişaf arzusunu bu sahədə gender bərabərliyini gücləndirmək üçün dəyərli bir baza adlandırıb. Təqdim olunan layihələr sırasında qadınlar üçün informasiya-kommunikasiya texnologiyaları (İKT) sahəsində təhsil və məşğulluq proqramları, kənd təsərrüfatında qadın fermerlərə dəstək, gənc anaların inkişafına yönəlmiş təşəbbüslər, media sahəsində fəaliyyət göstərən qadınların layihələri, rəqəmsal dərzilik və süni intellekt texnologiyaları vasitəsilə biznes proseslərinin optimallaşdırılması kimi innovativ həllər yer aldığını qeyd edən münsif, layihələrin sosial problemlərə kompleks yanaşmalar təqdim etməklə yanaşı, yeni imkanlar və dayanıqlı inkişaf üçün alternativ yollar ortaya qoyduğunu əlavə edib.
Daha sonra AQUPDK-nin İctimaiyyətlə əlaqələr və informasiya texnologiyaları sektorunun əməkdaşı Sevil Rəsulzadə müsabiqənin əsas mərhələləri, məqsədləri və iştirakçılar barədə ümumi məlumatı əks etdirən təqdimatla çıxış edib.
Müsabiqədə üçüncü yeri "Carelink" layihəsi ilə Ləman Xəlilzadə, ikinci yeri "AqrofemTech" layihəsi ilə Sürəyya Əliyeva, birinci yeri isə "Süni intellektin qadın dəstək xəttinə inteqrasiyası" layihəsi ilə Kəmalə Aşımova tutub.
Sonda Münsiflər heyətinin üzvlərinə təşəkkürnamələr, finalçılara sertifikatlar, qaliblərə isə diplom və mükafatlar təqdim edilib.
Zərifə HÜSEYNOVA
XQ