Qanun subyektiv yanaşmalardan üstündür

post-img

Qohum nikahlarının qadağan edilməsinə dair cəmiyyətin reaksiyası və qanunun əsaslandırılması – obyektiv və hərtərəfli baxışla bağlı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin hüquqi təminat şöbəsinin müdiri Taliyə İbrahimova ilə söhbətləşdik. Şöbə müdiri öncə qohum nikahlarının qadağası ilə bağlı mədəniyyət, hüquq və tibb aspektində atılan zəruri addımların önəmini vurğuladı:

– 2024-cü ilin iyun ayında qəbul edilən və 2025-ci ildən etibarən qüvvəyə minən qohum evliliklərini qadağan edən qanun ölkəmizdə geniş ictimai rezonansa səbəb oldu. Qanunun məqsədi və tətbiq mexanizmi aydın şəkildə müəyyənləşdirilsə də, ictimai müzakirələr göstərdi ki, bu sahədə hələ də müəyyən subyektiv yanaşmalar, yanlış təsəvvürlər və stereotiplər mövcuddur. Mövcud vəziyyəti təhlil edərək həm qanunun qəbul zərurətini, həm də bu zərurətin hüquqi, tibbi və sosial əsaslarını ictimaiyyətə obyektiv şəkildə çatdırmaq vacibdir.

Taliyə xanım qanunun qəbuluna zəmin yaratmış real təhlil və araşdırmalardan söz açaraq bildirdi ki, qohum nikahlarının qadağan olunması bir gündə verilmiş qəfil qərar deyil. Bu dəyişiklik, illərlə aparılmış elmi-tibbi araşdırmalar, sistemli maarifləndirmə və beynəlxalq təcrübələrin nəzərə alınması nəticəsində formalaşmış strateji yanaşmanın nəticəsidir. Tibb mütəxəssisləri dəfələrlə bildirmişlər ki, yaxın qohumların evliliyi nəticəsində dünyaya gələn uşaqlarda irsi və genetik xəstəliklərin yayılma ehtimalı kəskin şəkildə artır. Belə ki, yad insanların nikahı zamanı qüsurlu uşaq doğulma riski 2–4 faiz olursa, qohum nikahlarında bu risk 4–8 faizə qədər yüksəlir, yəni təxminən 2 dəfə artır.

Bu tibbi risklər həm fərdi, həm də ictimai səviyyədə ciddi nəticələr doğurur. Dövlətin məqsədi isə sağlam genofondu qorumaq, gələcək nəsillərin inkişafını təmin etmək və bu sahədə proaktiv tədbirlər görməkdir.

Həmsöhbətim problemin hüquqi perspektivlərindən– insan hüquqları və ictimai rifah arasındakı tarazlıqdan və qohumluq dərəcələrinə görə qanunun şamil olunduğu hallardan söz açdı:

– Bəzi şəxslər tərəfindən səsləndirilən “Bu qadağa fərdi hüquqların pozulmasıdır” fikri hüquqi baxımdan əsaslı deyil. Beynəlxalq hüquq normaları – xüsusilə də BMT-nin Uşaq Hüquqları Konvensiyası və Avropa İnsan Hüquqları Konvensiyası – ailənin və uşaqların müdafiəsini dövlətin birbaşa vəzifəsi kimi təsbit edir. Bu baxımdan dövlətin genetik riskləri azaltmaq və cəmiyyətin sağlamlığını qorumaq məqsədilə normativ müdaxiləsi həm hüquqi, həm də etik cəhətdən əsaslandırılmışdır.

Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 6.3-cü maddəsində də açıq şəkildə qeyd edilir ki, cəmiyyətin sağlamlığının və təhlükəsizliyinin qorunması üçün mülki hüquqlar qanunla məhdudlaşdırıla bilər. Beləliklə, qohum nikahlarının qadağan edilməsi qanunvericiliyin ruhuna və beynəlxalq hüquq normalarına tam uyğundur.

Bir məsələni xüsusi olaraq qeyd etməliyik ki, qanun bütün qohumluq münasibətlərinə deyil, yalnız konkret risk daşıyan yaxın qohum evliliklərinə şamil olunur. Qadağanın şamil oedildiyi hallar bunlardır: 1. Qardaşların və bacıların ümumi baba və ya nənəsi olan uşaqları (əmioğlu, xalaoğlu və s.). 2. Əmi (dayı) ilə qardaş (bacı) qızı və ya bibi (xala) ilə qardaş (bacı) oğlu arasında nikah.

Bu məhdudiyyətlər, genetik risklərin yüksək olduğu və tibbi nəticələrin daha ağır təzahür etdiyi qohumluq dərəcələri üzrə müəyyənləşdirilmişdir.

Qeyri-rəsmi evliliklərin sosial və hüquqi fəsadlarından söz açan Taliyə xanım qeyd etdi ki, qanuna qarşı yönəlmiş daha bir iddia qeyri-rəsmi nikahların artması ilə bağlıdır. Cəmiyyətə bildirilməlidir ki, qeyri-rəsmi nikahlar hüquqi qüvvəyə malik deyil və onların heç bir hüquqi nəticəsi yoxdur. Belə nikahlar ər və arvad statusu yaratmır. Vərəsəlik, aliment və birgə mülkiyyət hüquqlarını təmin etmir. Uşaqların hüquqi statusunu və sosial müdafiəsini riskə atır. Beləliklə, qeyri-rəsmi nikah cəhdləri hüquqi baxımdan heç bir üstünlük vermir, əksinə, cəmiyyət və fərdlər üçün yeni hüquqi problemlər yaradır. Dövlət qeydiyyatından kənar münasibətlərdə yaranan hüquqi boşluqlar gələcəkdə daha ağır sosial və iqtisadi nəticələrə gətirib çıxara bilər: 

– Aparılan müşahidələr göstərir ki, əhali arasında bu qanuna münasibət birmənalı deyil. Bir qisim insan qanunu alqışlayır və gələcək nəsillərin sağlamlığı baxımından vacib addım kimi dəyərləndirir. Digər qisim isə, xüsusilə, bəzi regionlarda, bu qərarı illərlə mövcud olan sosial-mədəni ənənələrə qarşı çıxış kimi qəbul edir.

Bu şəraitdə qanunun effektiv və davamlı şəkildə tətbiqi üçün maarifləndirmə işlərinin gücləndirilməsi, ictimai şüurun dəyişdirilməsi və mədəni transformasiyaların təşviqi olduqca vacibdir. Dövlət və vətəndaş cəmiyyəti institutlarının birgə fəaliyyəti bu keçid prosesini daha səmərəli və ağrısız edə bilər.

Qohum nikahlarının qadağan edilməsi ilə bağlı səslənən neqativ mövqelər və emosional reaksiyalar subyektiv xarakter daşıyır və çox zaman tibbi, hüquqi və sosial reallıqlara əsaslanmır. Cəmiyyətin ümumi rifahı və gələcək nəsillərin sağlamlığı isə hüquq müstəvisində hər zaman üstün tutulur.

Bu səbəbdən, sözügedən qanun dəyişiklikləri, həm hüquqi baxımdan əsaslandırılmış, həm tibbi cəhətdən zəruri, həm də sosial məsuliyyət baxımından vacib və uzaqgörən addım kimi qiymətləndirilməlidir.

Cəmiyyətin rifahı və gələcək nəsillərin sağlamlığı üçün bu qərarı dəstəkləmək hər bir vətəndaşın mənəvi və hüquqi borcudur. Çünki bütün hallarda qanun subyektiv yanaşmalardan üstündür.

Söhbətləşdi:

Zərifə HÜSEYNOVA
XQ

Sosial həyat