Senatın “erməni ağrısı” kəsilmir

post-img

Ağ Evdəki dairəvi kabinetə respublikaçı Donald Tramp ikinci dəfə yiyələnəndən sonra Senatda anti–Azərbaycan dinləmələrinə, ölkəmizə qarşı sanksiya hədə-qorxusu ilə müşayiət olunan, siyasi təzyiq elementləri açıq sezilən bəyanat və qətnamələrin qəbuluna ara verilmişdi. Deyəsən, məcburi “antrakt”dan sonra ermənipərəst senatorların “özfəaliyyət dərnəkləri” yenidən işə başlayıblar.

Ermənilərə lobbiçilik edən senator və konqresmenlər Azərbaycana qarşı bu dəfə eyni vaxtda iki cəbhədə “hücuma” keçməyə cəhd göstərirlər. Senator Coş Houlin Senata, konqresmen Rayli Mur isə Nümayəndələr Palatasına xristianlara qarşı təqibləri, o cümlədən “Dağlıq Qarabağda” ermənilərə qarşı həyata keçirilən “etnik təmizləmə”ni pisləyən qətnamələr təqdim ediblər. Bu barədə “Armenpress” geniş təfərrüatlı xəbər yayıb.

Amerika Erməni Milli Komitəsinin (ANCA) dərc etdiyi qətnamə layihələrində “2020-2023-cü illərdə Azərbaycan tərəfindən “Dağlıq Qarabağda” erməni xristianlara qarşı həyata keçirilən etnik təmizləmə” xatırladılır və yerli erməni “mədəni irsinin məhv edilməsinə” işarə edilir. Bundan başqa, qətnamələrdə həm Türkiyədə, həm də Suriyada yaşayan xristianların hüquqlarına toxunulur və oradakı erməni xristian əhalisinin də sistematik təqiblərlə üzləşdiyi vurğulanır.

***

Xristian “təəssübkeşlərinin” hazırladıqları və son aqibəti zibil qutusuna atılan kağız parçası olacaq qətnamə layihəsində diqqəti çəkən maraqlı məqam odur ki, senator Coş Houlin və konqresmen Rayli Mur ABŞ Prezidenti Donald Trampı “təqib olunan xristianların müdafiəsini ABŞ xarici siyasətinin prioritetinə çevirməyə” çağırırlar. Yəni xristian təəssübkeşliyi “missiyasının” arxasında gizlənib, ermənipərəst maskalarının yırtıldığının fərqinə belə varmayan amerikalı qanunvericilərin “Dağlıq Qarabağ” adlı inzibari ərazi vahidinin aradan qaldırılmasından, bu adda münaqişənin tarixin arxivinə gönrədilməsindən bixəbər kimi davranmaları heyrət və təəccüb doğurur. Həm də sual yaranır: Senatda anti-Azərbaycan dinləməsi keçirənlərin qarınlarının ağrısı nədir? İlin-günün bu vaxtında, yəni, Ermənistan–Azərbaycan ikitərəfli sülh danışıqlarının finişə yaxınlaşdığı, bütün məsələlərə qarşılıqlı aydınlıq gətirildiyi bir zamanda belə bir dinləmənin keçirilməsi ilə bağlı müraciət hansı maraqlara xidmət edir? Erməniləri qoyaq bir kənara, onların xəyallar aləmindən ayrıla bilmədikləri məlumdur. Bəs ABŞ Prezidentinə “xarici siyasət prioritetləri ilə bağlı” ağıl verməyə girişən senator və konqresmenin qarınlarının ağrısı nədir?

Əslində, onların “qarın sancılanması”nın xroniki hal almasının səbəbi məlumdur. Axı, Kaliforniyadakı erməni diasropu çox zəngindir və onlar “yastı balabanın ahənginə” uyğun oynayanlarla” səxavətli davranırlar. Belə “zəhmətsiz gəliri” əldən buraxmaq sizə asan gəlməsin.

Yeri gəlmişkən, Prezident Donald Trampın iyulun 15-də Ağ Evdə NATO-nun Baş katibi Mark Rutte ilə görüşündə Ermənistan və Azərbaycan arasında sülhün yaxın ola biləcəyinə dair fikirlərini nəzərə alaraq, Amerika – Ermənistan Assambleyasının həmsədrləri Oskar Tatosyan və Talin Yakubyan keçən həftə ABŞ Dövlət katibi Marko Rubioya məktub göndəriblər. Onlar Azərbaycan tərəfindən saxlanılan “bütün erməni girovların”, o cümlədən “Dağlıq Qarabağın” siyasi rəhbərliyinin azad edilməsinə və onlara qayıtmaq hüququnun verilməsinə” çağırıblar. Bundan əlavə, məktubda vurğulanır ki, “tam, davamlı sülh Ermənistan Respublikası üçün etibarlı təhlükəsizlik təminatlarını, o cümlədən Azərbaycan qoşunlarının Ermənistanın suveren ərazisindən tamamilə çıxarılmasını və sazişin hər hansı formada pozulmasının aydın nəticələrini ehtiva etməlidir”.

Bu yerdə hayların özlərinin çaldığı musiqiyə sonda yalnız özlərinin oynayacağını əminlikə proqnozlaşdırmaq olar. ANCA bu cür təşəbbüslətrə çox baş vurub. Sadəcə, indi fərq ondadır ki, təşkil etdikləri “siyasi tamaşada” baş rolların ifaçıları dəyişib. Rüşvətxor, erməni arvadının fitvası ilə hər cür çirkaba bulaşan və hazırda məhz dövlətə xəyanətə görə layiqli cəzasını içəridə çəkən Bob Menendez və onun bir neçə “silahdaşını” növbəti qurbanlar – houlinlər və murlar əvəzləyiblər. İfaçılar dəyişsə də, hay ruhlu xitabların, anti-Azərbaycan məzmunlu çıxışların mahiyəti dəyişməyib. Ən maraqlısı bilirsiniz nədir? Yeni ansamblda həm də bek-vokalist kimi çıxış edənlər karvanın çoxdan ötüb keçdiyini özləri də yaxşı bilirlər. Amma onların missiyasi aldıqları hay ənamının müqabilində ağalarının dediyi dərəyə kimi getməkdir. Ondan o tərəfdə dərin uçurum olsa belə...

İ.HƏSƏNQALA
XQ

Siyasət