Ermənipərəstlərin məqsədi nədir, rəsmi İrəvanın nə?
Köhnə hamam, köhnə tas. Onlar yenə başlayıblar. Söhbət ənənəvi ermənipərəstlik oyununun “icraçıları” olan ABŞ konqresmenlərindən gedir. Bu avantüristlər sabiq dövlət başçısı Co Baydenin dövründəki kimi aktivləşiblər. Məqsədləri Azərbaycana təzyiq göstərilməsinə nail olmaqdır və bunun üçün Prezident Donald Trampa müraciət ünvanlayıblar.
Əlqərəz, söhbət Qarabağ ermənilərinin geri qayıdışına dəstək göstərilməsindən gedir. Konret desək, 87 konqresmen Prezident Trampdan bunu tələb edib. Müraciətin müəllifləri naftalin qoxulu simasız ermənipərəstlər sürüsünün təmsilçiləridir. Frenk Pallone, Qas Bilirakis, Bred Şerman və Devid Valadaon. Adları çəkilən konqresmenlərin daha böyük məqsədləri Bakı-İrəvan sülh prosesinə maneçilik törətməkdir. Görünür, onları Azərbaycan və Ermənistan liderlərinin iyulun 10-da Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilmiş təkbətək və geniş tərkibli görüşünün pozitiv axarı ciddi narahat edib. Narahatlığın əsl səbəbini isə sonda diqqətə çatdıracağıq.
Hələlik onu bildirək ki, konqresmenlərin bu cür təxribatçı addımları, istər-istəməz, keçmişə nəzər salmaq zərurəti yaradır. O keçmişə ki, Azərbaycan işğala məruz qaldığı halda, Birləşmiş Ştatlarda ölkəmiz, faktiki olaraq, işğalçı qiyafəsində qələmə verilmişdi. Belə ki, 1992-ci ildə ABŞ Konqresi “Azadlığa dəstək aktı” deyilən sənədə 907-ci düzəlişi qəbul etmiş və bu düzəlişə görə, Azərbaycana Vaşinqtonun dövlət yardımı qadağan olunmuşdu. Halbuki, təzyiq təcavüzkar Ermənistana göstərilməli idi.
Bəli, 907-ci düzəliş kimi mənfur qanunvericilik təşəbbüsünün həyata keçməsi işğalçıda əməlinin cəzasızlığına əminlik yaratmış və bu əminlik o zamankı danışıqları nəinki heçə endirmiş, üstəlik Ermənistanın yeni qəsbkarlığına stimul yaratmışdı. Düşünmək olar ki, üzərindən otuz ildən artıq müddətin keçməsinə baxmayaraq, ABŞ-dakı eyni qüvvələr yenə “fəallıqlarını” qoruyurlar. Fəqət, onların hesablamadıqları bir məqam var ki, bu barədə də sonda söz açacağıq.
Birmənalı şəkildə demək olar ki, xaricdəki erməni diasporu həmişə Ermənistanı müharibəyə sürükləyib, bunun üçün maliyyə və siyasi dəstək verib. Onu da əminliklə bildirmək mümkündür ki, ölkənin bu gün düşdüyü acınacaqlı durumun əsas günahkarlarından biri də məhz həmin diaspordur. Amma bir məqam var: Erməni diasporu, bir qayda olaraq, rəsmi İrəvanla qarşılıqlı əlaqədədir. Onları bir-birindən ayırmaq mümkünsüzdür.
Qeyd edək ki, D.Tramp ilk prezidentliyi dönəmində, ümumən, dünyada yaşanan proseslərə münasibətdə, müəyyən qədər, loyallıq göstərmişdi. Ermənistan-Azərbaycan münaqişəsinə yanaşma da bu baxımdan fərqlənmirdi. Nəticə etibarilə Tramp administrasiyası İkinci Qarabağ Müharibəsi zamanı, böyük ölçüdə, neytral qaldı. Azərbaycanın öz ərazilərini azad etməsi isə ABŞ-ın erməni lobbisini qəzəbləndirdi. Bu lobbinin təmsilçiləri anti-Tramp tezislərini işə saldılar. Onlar yenə “iş başındadırlar” və rəsmi Vaşinqtonu Azərbaycana təzyiqə çağırırlar.
Konqresmenlərin ermənilərin Qarabağa qayıdışı kimi paslanmış klişeni gündəmə gətirmələri diqqət çəkməyə bilməz. Nəzəri yanaşsaq, əgər qayıdış olacaqsa, proses hansısa əlahiddə təminat əsasında gerçəkləşməyəcək. Çünki əlahiddəlik Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini heçə saymaq, həmçinin, gələcəkdə işğalçılıq niyyətləri naminə tutacaq yerdir. Ölkəmiz, heç bir halda, məsələnin belə bir qoyuluşunu əsla qəbul etməz. Bu, beynəlxalq hüquq baxımından da yolverilməzdir.
D.Tramp durumu görməzdən gələ bilməz. Ermənistana görə isə heç gəlməz. Deməli, konqresmenlər özlərinin həyasızlıqları ilə ABŞ Prezidentindən mümkünsüzü mümkünləşdirməyi tələb edirlər. Bu tələb dövlət başçısının nüfuzuna zərbə vurmaqdır. Eyni zamanda, Birləşmiş Ştatlar Prezidentinin Bakı-İrəvan sülhünə dəstək verdiyi məlumdur. Yəni, demokratlara yaxınlığı ilə seçilən erməni lobbisinin ermənipərəst isteriya yaratmaqda məqsədi həm Trampın, həm də onun rəhbərlik etdiyi respublikaçıların mövqelərini zəiflətməkdir. Axı Tramp zəifləməsə, indiyədək erməni diasporundan alınan pullar hesabına qeyri-şəffaf korrupsiya sxemləri qurmuş konqresmenlər ifşa olunacaq. Onlardan biri Bob Menendes artıq həbsdədir, Adam Şiffi də eyni aqibət gözləyir. Trampın Şiffi “oğru” və “fırıldaqçı” adlandırdığı da məlumdur, onun həbs cəzası almalı olduğunu bildirməsi də...
Beləliklə, ABŞ-ın erməni diasporunun dirijor çubuğu ilə hərəkətə gələn konqresmenlər bir yandan sülh prosesini ləngitməyə, digər tərəfdən hazırkı iqtidarın mövqelərini zəiflətməyə çalışırlar. İstəkləri mümkün qədər vaxt qazanmaqdır. Vaxt ona görə qazanılır ki, mövqelərini zəiflədəcəklərinə ümid bəslədikləri Tramp növbəti seçkilərdə məğlubiyyətə uğrasın və demokratların iqtidara yiyələnmələri ilə Vaşinqtonun Baydenin dövründəki aşkar ermənipərətlik xəttinə qayıdılsın. Nəzərə alaq ki, Prezident İlham Əliyev III Şuşa Qlobal Media Forumunda əbəs yerə bunları bildirməmişdi: “Ermənistanla sülh sazişi üzərində işləməliyik. O zaman müharibə bitmişdi və bir boşluq var idi. Mən təklif etdim ki, bir proses başlansın. Ona görə də biz sülh sazişinin mətnini hazırladıq və onu Ermənistana göndərdik. Onların müxtəlif şərtləri var idi və iki il ərzində heç bir irəliləyiş yox idi. Başlıca səbəb o idi ki, Ermənistan tərəfi həmin sülh sazişinin mətninə dırnaqarası “Dağlıq Qarabağ” məsələsini daxil etmək istəyirdi. Biz onlara dedik ki, baxın, birincisi, “Dağlıq Qarabağ” sizin təxəyyülünüzdə mövcuddur, bu, reallıqda mövcud deyil. Bu, Azərbaycanın bir parçasıdır və sülh müqaviləsinin mətninə daxili siyasətimizə aid olan bir məsələ daxil edilə bilməz. Bu müzakirə iki il sürdü və heç bir irəliləyiş olmadı. Bu əraziləri sentyabrda biz azad edəndən sonra, yalnız o zaman Ermənistan artıq bunun üzərində israr etmədi, çünki artıq bu mövzu bağlı idi. Yəni, nəyin üzərində israr edəcəksiniz? Yəni, demək olar ki, 2024-cü ilin yanvarında real danışıqlar başlanıldı və bizim hazırladığımız layihənin mətni üzərində iş getdi və o mətn razılaşdırıldı. Bundan sonra iki bəndi Ermənistan tərəfi əlavə etmək istəmirdi, ancaq Prezident Tramp qalib gələn kimi onlar o iki müddəanı əlavə elədilər. Mən cənab Paşinyana dedim ki, siz yəqin ümid edirdiniz ki, xanım Harris qalib gələcək və ağ at üzərində olacaqsınız. Ancaq bu, baş vermədi. Mən buna tamamilə əminəm ki, Tramp qalib olmasaydı, onlar bununla razılaşmayacaqdılar. Onlar layiq olduqlarından da, həzm edə biləcəklərindən də daha çox parça qoparmaq istəyirdilər. Bu gün artıq onlar həmin o iki bənd üzərində israr etmirlər”.
Bir anlıq təsəvvür edək ki, ABŞ-da hakimiyyətə Tramp yox, xanım Harris gəlib. Heç şübhəsiz, birincinin prezident səlahiyyətlərinin icrasına başlamasına cəmi altı gün qalmış imzalanan ABŞ-Ermənistan Strateji Tərəfdaşlıq Xartiyası indi tam işlək halda olacaqdı. Axı bu sənəd elə-belədən ərsəyə gəlməmişdi. Bayden administrasiyası xartiyanın Trampın dövründə işləməyəcəyini bilirdi. Bunu Birləşmiş Ştatların erməni lobbi və diaspor təşkilatlarının təmsilçiləri də, ölkədəki ermənipərəstlər sürüsünün şivən konqresmenləri də gözəl dərk edirdilər. Onların düşüncələri sənədi dörd ildən sonra dövriyyəyə gətirmək idi. Xartiya üçün adın stratejilik mahiyyəti məhz bundan irəli gəlirdi.
Belə nəticəyə gəlirik ki, haqqında söz açdığımız sülh prosesini ləngitmək və Trampın mövqelərini zəiflətmək uzaq hədəfli ermənipərəst planın tərkib hissəsidir. Bu yerdə Prezident İlham Əliyevin III Şuşa Qlobal Forumunda səsləndirdiyi daha bir fikir də yada düşür: “Biz, həmçinin Azərbaycana və Ermənistana son nəticədə razılığa gəlməyə kömək etmək səylərinə görə ona (Prezindet Donald Tramp nəzərdə tutulur – red.) çox minnətdarıq. O, beynəlxalq təhlükəsizik üzrə daha qlobal məsələlərlə məşğul olmasına baxmayaraq, Cənubi Qafqazdakı şəraiti də diqqət mərkəzində saxlayır. Əlbəttə, onun qələbəsi bir sıra səbəblərdən Azərbaycanda bizi çox sevindirir. Təbii olaraq, arzulayırıq ki, o, işini sona çatdırsın, “Vaşinqton bataqlığı”nı dibinə qədər qurutsun.
Sonda belə nəticəyə gəlmək mümkündür ki, 87 ABŞ konqresmeninin Trampa Qarabağ ermənilərinin geri qayıdış hüququ ilə bağlı müraciəti “Vaşinqton bataqlığı”nda yer alanların çırpıntısıdır. Ancaq haqqında söz açacağımızı bildirdiyimiz iki məqam var. Elə isə əvvəlcə Birləşmiş Ştatlar ermənipərəstlərinin nəyi hesablamadıqlarına diqqət yetirək. Onlar niyəsə Azərbaycan hakimiyyətinin Bayden administrasiyasının hər cür təzyiqlərinə qarşı mətanətlə sinə gərdiyini yaddan çıxarırlar. Yəni, anlamırlar ki, ölkəmiz 1992-ci ildəki deyil və artıq bizə qarşı hansısa sərsəm qanunvericilik aktları ilə mübarizə aparmaq və bu yolla erməni avantürizminə qol-qanad vermək mümkünsüzdür.
İkinci məqam isə bilavasitə Ermənistan hakimiyyətini özü ilə bağlıdır. Əvvəldə rəsmi İrəvanın xaricdəki erməni lobbi və diaspor təşkilatları ilə müştərək fəaliyyətdə olduğunu əbəs yerə vurğulamadıq. Heç şübhəsiz, bu fəaliyyət yenə var. Tam aydındır ki, baş nazir Nikol Paşinyan administrasiyası Azərbaycanın iki şərtini qəbul etməkdən boyun qaçırır. Yəni, rəsmi İrəvan nə konstitusiya dəyişikliyinə getməyi, nə də ATƏT-in Minsk qrupunun ləğvini istəyir. Üstəlik, Azərbaycan-Ermənistan sülh prosesinin Zəngəzur dəhlizi gündəmi də var. Erməni iqtidarı ərazi bütövlüyü və suverenlik klişesi ilə Naxçıvana maneəsiz yol məsələsinə qarşı çıxır. İş o yerə çatıb ki, Paşinyan Rusiyaya səfərə yollanır və bu ölkə Prezidentinin mətbuat katibi Dmitri Peskov Zəngəzur dəhlizi kontekstində Nikol və tərəfdarlarının klişelərini təkrarlayır. O bildirir ki, Bakı-İrəvan münasibətləri baxımından suverenlik önəmli məsələdir.
Deməli, hər şey aydındır. Ermənistan hakimiyyəti sülhdən yayınmaq üçün bir yandan Moskvaya sığınır, digər tərəfdən isə ABŞ-dakı erməni lobbisini hərəkətə keçirir. Əlbəttə, bu, İrəvanın növbəti dəfə illüziya bataqlığına yuvarlanmasından başqa bir şey deyil. Ən sonda bunu da deyək: Paşinyan administrasiyası tarixi sülh şansından istifadə etmirsə, hansısa oyunlara baş vurub qeyri-səmimi davranırsa, Ermənistan qarşıdakı daha acınacaqlı aqibətə hazır olmalıdır.
Əvəz RÜSTƏMOV
XQ