Neft Fondunun gəlirləri 11 faiz artıb

post-img

2025-ci il iyun ayının sonuna Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) aktivləri 66,5 milyard ABŞ dollarına çatıb. Bu da ilin əvvəli ilə müqayisədə 10,8 faiz artım deməkdir. Məlumat üçün bildiririk ki, cari ilin yanvar-iyun aylarında fondun gəlirləri 8,8 milyard manat, xərcləri isə 7,3 milyard manat təşkil edib. Bu barədə məlumat ARDNF-in hesabatında yer alıb.

Bildirilib ki, cari ilin ilk yarısında fondun neft-qaz sazişləri üzrə gəlirləri 5,7 milyard manat, investisiya gəliri isə 3,1 milyard manat təşkil edib. Məlumata əsasən, yanvar-iyun aylarında Dövlət Neft Fonduna “Azəri-Çıraq-Günəşli” (AÇG) neft-qaz yataqları blokundan və “Şahdəniz” qaz-kondensat yatağından 4 milyard 850,6 milyon manat vəsait daxil olub. Həmin vəsaitin 4 milyard 427,3 milyon manatı AÇG-dən əldə edilən gəlirlərin payına düşüb. Yerdə qalan 423,3 milyon manat vəsait isə “Şahdəniz” yatağından çıxarılan qaz və kondensatın satışından əldə olunub.

Hesabat dövrü ərzində ARDNF-nin 2025-ci il büdcəsinin icrası çərçivəsində 7 milyard 240 milyon manat vəsait dövlət büdcəsinə transfert edilib. “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın maliyyələşməsinə 4,2 milyon manat, “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2028-ci illər üçün Dövlət Proqramı” nın maliyyələşməsinə 20,1 milyon manat yönəldilib.

Dövlət Neft Fondu tərəfindən 2025-ci ilin yanvar-iyun ayları ərzində Azərbaycan Respublikası Mərkəzi Bankının vasitəçiliyi ilə həyata keçirilən hərraclarda 3 milyard 718,1 milyon ABŞ dolları məbləğində vəsait satılıb.

 

İqtisadiyyat