Azərbaycanda dövlət dəstəyi ilə təqdim edilən aqrar sığorta mexanizmindən faydalanan fermer və təsərrüfatların sayı sürətlə artmaqdadır. Hazırda ölkədə əsas meyvəçilik məhsullarından olan gilas bağlarının sığortalanması və bu məhsul üzrə sığorta ödənişləri davam edir.
Aqrar Sığorta Fondundan aldığımız məlumata əsasən, 2025-ci ilin ötən dövründə Azərbaycanda 15 rayon üzrə 110 fermer və təsərrüfat tərəfindən, ümumilikdə, 228 hektar sahədə gilas bağları sığorta edilib. Xatırladaq ki, ötən il fond tərəfindən 14 rayonda 119 hektar gilas bağı sığorta edilmişdi. Bu da təsərrüfat sahiblərinin dövlətin dəstəyi ilə ölkədə tətbiq edilən sığorta mexanizminə olan marağın getdikcə artması ilə bağlıdır. Gilas bağlarının ən çox sığorta edildiyi rayonlar isə Quba, Qusar, Xaçmaz, Ağdaş, Ağstafa, Tərtər və Şabrandır.
Sığortalanan bağlardakı məhsulun həcmi də artmaqdadır. Belə ki, 2024-cü ildə sığortalanan gilas bağlarının ümumi sığorta təminatı 1,4 milyon manat olmuşdusa, 2025-ci ildə bu rəqəm 3 dəfə artıb və 3,9 milyon manatlıq gilas məhsulu sığorta edilib.
Sığortalanan əkin sahələrinin genişlənməsi və əhatə olunan sığorta təminatının böyüməsi nəticəsində gilas bağlarından toplanan sığorta haqqının məbləği də artıb. Müqayisə üçün qeyd edək ki, ötən il sığortalanan gilas bağları üzrə sığorta haqqı 58 min manat olub. Qanunvericiliyə əsasən, bu məbləğin 50 faizi dövlət tərəfindən qarşılanır Bu isə o deməkdir ki, il ərzində fermerlər gilas bağlarının sığortası üzrə cəmi 29 min manat sığorta haqqı ödəyiblər. 2025-ci ildə isə sığotrtalanan gilas bağlarının sahəsinin genişlənməsi və məhsul həcminin artması ilə bağların sığortası üzrə ümumi sığorta haqqı 90 min manat təşkil edib. Burada dövlət tərəfindən ödənilən 50 faizlik hissəni nəzərə aldıqda fermerlərin ödədiyi sığorta haqqı cəmi 45 min manat olub.
Sığortalanan bağlarının artması ilə yanaşı, gilas bağları üzrə sığorta ödənişləri də çoxalmaqdadır. Aqrar Sığorta Fondu tərəfindən 2022-2023-cü illər əkin mövsümündə Xaçmaz, İsmayıllı və Qusar rayonlarında müxtəlif hadisələrdən zərər çəkmiş gilas bağı sahiblərinə 52,8 min manat sığorta ödənişi edilib. Həmin illərin əkin mövsümündə isə Ağstafa, Samux və Şəmkir rayonlarında baş vermiş hadisələr üzrə fermer və təsərrüfatlara, ümumilikdə 83,8 min manat sığorta ödənişi həyata keçirilib. Başqa sözlə, son 2 ildə gilas sahələri üzrə Aqrar Sığorta Fondu tərəfindən, ümumilikdə 136,6 min manat sığorta ödənişi edilib.
Hazırda Aqrar Sığorta Fonduna sığortalanmış gilas bağlarında müxtəlif hadisələr üzrə müraciətlər daxil olur. Müraciətlərin araşdırılması üçün ərazilər aqrar sığorta ekspertlərinə yönəldilib və onlar gilas bağlarında baş vermiş hadisələri araşdıraraq zərərləri hesablayırlar. Həmin sahələrdə ikinci dəfə, yəni məhsul yığımı ərəfəsində yekun qiymətləndirmə aparıldıqdan sonra dəymiş zərər dəqiq müəyyən ediləcək və buna uyğun sığorta ödənişi ediləcək. Ümumilikdə, 2025-ci il ərzində havaların əlverişsiz keçməsi ilə əlaqədar olaraq indiyədək 36 hektar gilas bağına zərər dəyməsi barədə Aqrar Sığorta Fonduna müraciət daxil olub.
Yeri gəlmişkən, meyvə bağlarının sığortasına fermerlərin artan marağını və təbiət hadisələrinin intensivliyini nəzərə alsaq, 2025-ci ildə meyvə bağları üzrə zərər ödənişlərinin daha da artacağı gözlənilir. Aqrar Sığorta Fondu hər il artmaqda olan iqlim və sair riskləri nəzərə alaraq meyvə bağı sahiblərini və fermerləri bir daha öz təsərrüfatlarını dövlət dəstəkli aqrar sığorta vasitəsilə qorumağa çağırır.
Qeyd edək ki, Aqrar Sığorta Fondu tərəfindən bitkiçilik sığortası çərçivəsində, ümumilikdə, 41 bitki növü üzrə 48 bitki məhsulu sığortalanır. Sığortalanan bitkilərin bir hissəsi meyvə ağaclarıdır. Hazırda Aqrar Sığorta Fondu tərəfindən ölkəmizdə əkilən, demək olar ki, bütün meyvələrin sığortalanması həyata keçirilir. Fond meyvə bağlarını və məhsulu dolu, fırtına-qasırğa, sel-subasma, normadan artıq qar yığıntaları, doludan keyfiyyət itkisi, şaxtavurma, vəhşi heyvanların hücumu, eləcə də 3-cü şəxslərin hərəkətləri, bitki xəstəlikləri və xüsusi təhlükəli zərərvericilərin hücumu kimi risklərdən sığorta edir.